PDF Oxu

Araşdırma

  • 2 568

Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır

Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır

Prezident İlham Əliyev: "Biz xarici dərmanlardan demək olar ki, 100 faiz səviyyədə asılıyıq. Bu, həm təhlükəsizlik baxımından narahatedici məsələdir, eyni zamanda, dərmanların alınmasına xaricə böyük valyuta gedir"

Bu gün Azərbaycanı bütün dünyada demokratik, qüdrətli, öz sözünü deməyə qadir olan ölkə kimi tanıyırlar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş siyasəti, möhkəm iradəsi, ölkəmizdəki ictimai-siyasi sabitlik sayəsində Vətənimiz hər sahədə inkişaf edir. İnsanların sağlamlığının qorunması, gələcək nəslin sağlam böyüməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir və bu məsələ 2016-cı ildə də dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Maliyyə böhranı dünya dövlətlərini büdcə xərclərini azaltmağa məcbur edir. Əksər ölkələr bunu, məhz sosial sahələr hesabına edirlər. Azərbaycanda isə, əksinə, səhiyyənin inkişafına, maddi-texniki bazasının gücləndirilməsinə 2016-cı ildə əlavə olaraq, 83 milyon manat ayrılıb. İndi həm paytaxtda, həm də ölkənin müxtəlif bölgələrində 28 tibb müəssisəsində təmir-tikinti işləri gedir. Ənənəvi olaraq, bu il əsaslı təmir və tikintidən sonra əhalinin istifadəsinə verilən müasir səhiyyə ocaqlarının - Gəncə şəhəri 1 nömrəli Şəhər Xəstəxanasının, Ağsu və Biləsuvar mərkəzi rayon xəstəxanalarının açılışında dövlətimizin başçısı İlham Əliyev şəxsən iştirak edib. Hazırda daha 8 rayon mərkəzi xəstəxanasının tikintisi davam etdirilir. Onlardan üçünün - Neftçala, Masallı, Zərdab xəstəxanalarının bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

On il əvvəl qarşıya belə bir məqsəd qoyulmuşdu ki, insanlar tibbi yardımı, məhz yaşadığı yerdə ala bilsin, hər bir müayinə və əməliyyat üçün paytaxta gəlmək məcburiyyətindən xilas olsun. Artıq bu, reallıqdır. Qısa vaxt ərzində, bir neçə xəstəxananın da tikintisi başa çatdıqdan sonra əminliklə deyə bilərik ki, Azərbaycanın hər bir bölgəsində, hər bir rayonunda əhali müasir xəstəxanalarda, müalicə-diaqnostika mərkəzlərində keyfiyyətli tibbi yardım ala bilir.

Belə ki, vaxtilə ölkəmizdəki yeganə dövlət dializ mərkəzində cəmi 431 xəstə müalicə alırdı, 800 nəfər xəstə növbə gözləyirdi. Bu gün həmin növbələr ləğv olunub. 27-si bölgələrdə olmaqla, 34 dövlət hemodializ mərkəzində 3112 xəstə dövlət hesabına müalicə alır. Mərkəzlərdən üçü, məhz bu il istifadəyə verilib, daha biri də ilin sonunadək açılacaq.

Bütün dünyada geniş yayılmış şəkərli diabet xəstəliyi üzrə ölkəmizdə bir neçə il əvvəl 55 min xəstə dövlət hesabına dərman vasitələri ilə təmin olunurdu. Bu gün bu rəqəm 213 minə çatıb. Xəstəliyin vaxtında aşkarlanması, dövlətin onun müalicəsini tam öz üzərinə götürməsi nəticəsində, diabetin ağır formaları, fəsadları dəfələrlə azalıb. Nəticədə, şəkərli diabetdən ölüm göstəricisi 15,8-dən 8,2-yə düşüb.

Eyni zamanda, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzi bu gün həmin xəstələrin müalicəsini tam həcmdə həyata keçirir, onları lazımi dərman və qan preparatları ilə təmin edir. Artıq Azərbaycan sümük iliyi transplantasiyası əməliyyatları edən az sayda ölkələr siyahısına daxil olub. Bu mürəkkəb müalicə üsulu böyük investisiyalar, xüsusi şərait, yüksək ixtisaslı mütəxəssislər tələb edir. 35 uşağa sümük iliyi köçürülüb və ilin sonunadək daha 15 nəfərin əməliyyat olunması planlaşdırılır. Əlamətdar haldır ki, ilkin olaraq ilik transplantasiyası xarici mütəxəssislərin köməyi ilə edilirdisə, indi artıq öz mütəxəssislərimiz tərəfindən aparılır.

İrsi qan xəstəliklərinin qarşısını almaq məqsədilə nikaha daxil olanların tibbi müayinəsi də böyük əhəmiyyət daşıyır. Bu ilin 9 ayı ərzində 113 min nəfər müayinədən keçib, 3587 talassemiya daşıyıcısı aşkarlanıb. Qeyd etmək lazımdır ki, tibb müəssisələri ilə yanaşı, həmin müayinələrin böyük bir qismi insanların rahatlığı üçün "ASAN xidmət" mərkəzlərində həyata keçirilib. Bu müayinələr həm xəstəliklərin vaxtında aşkarlanmasına, həm də insanların düşünülmüş qərar qəbul etməsinə xidmət edir. Əlbəttə ki, ən vacibi irsi qan xəstəliklərinin yayılmasının qabağının alınması, sağlam körpələrin doğulmasıdır.

Yeri gəlmişkən, hazırda Azərbaycanda yeni diridoğulma meyarlarına uyğun olaraq, vaxtından xeyli tez, ekstremal az çəki ilə doğulan körpələrin də xilası istiqamətində ciddi işlər görülür. Doqquz ay ərzində 1000 qramdan az çəkili 102 körpəni xilas etmək mümkün olub.

Ölkənin epidemioloji vəziyyəti təkcə səhiyyənin deyil, həm də ümumi inkişafın göstəricilərindən biridir. Bu il region ölkələrində epidemioloji gərginliyə baxmayaraq, Azərbaycanda epidemioloji sabitlik təmin olunub. Belə ki, qış aylarında, demək olar ki, bütün qonşu ölkələrdə H1N1 virusu epidemiyası nəticəsində, yüzlərlə ölüm hadisəsi qeydə alınmışdı. Azərbaycanın həmin ölkələrlə nəqliyyat əlaqələri kəsilməsə də, gömrük və sərhəd xidmətləri ilə birgə görülən xüsusi tədbirlər, ciddi nəzarət sayəsində epidemiyanın ölkəmizə keçməsinin qarşısı alındı.

Digər yoluxucu xəstəliklərlə bağlı da tam sabitlik qeydə alınıb. Əgər bir müddət əvvəl il ərzində Azərbaycanda on minlərlə qızılca, məxmərək, epidemik parotit hadisəsi baş verirdisə, bu gün həmin xəstəliklər ləğv edilib və ya eliminasiya səviyyəsinə çatdırılıb. Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu ölkəmizin bu nailiyyətini yüksək qiymətləndirib, bu münasibətlə ünvanladığı müraciətdə səhiyyəyə ayırdığı diqqət və qayğıya görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Bu il ölkənin bütün şəhər və rayonları üzrə 5 milyon 373 min nəfər səhiyyə müəssisələrində tam müayinə olunub. Müxtəlif xəstəliklər aşkarlanan 650 mindən çox insan ambulator, 42 min 800 nəfər stasionar müalicəyə cəlb edilib. Şübhə yoxdur ki, xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi öz müsbət nəticələrini göstərəcək.

Azərbaycan səhiyyəsi bu gün tibb xidmətini beynəlxalq standartlara uyğun təşkil etmək iqtidarındadır. Səhiyyəmizin son illərdə tərəqqisini müxtəlif beynəlxalq qurumlar da təsdiqləyir. Böyük Britaniyanın tanınmış "The Legatum Institute" Tədqiqat Mərkəzi 142 ölkənin monitorinqi nəticəsində, son iki ildə Azərbaycan səhiyyəsini 91-ci pillədən 68-ci pilləyə qaldırıb. Sevindirici haldır ki, bu il ölkəmizin iki tibb müəssisəsi dünyanın ən nüfuzlu JCI (Joint Commission International) beynəlxalq standartlaşdırma təşkilatı tərəfindən akkreditasiyadan keçib. Bu da həmin müəssisələrin dünyada qəbul edilmiş ən yüksək tibbi keyfiyyət və təhlükəsizlik standartlarına uyğun olması deməkdir. Ölkəmizə xarici qonaqların, turistlərin axınını nəzərə alsaq, JCI sertifikatlı səhiyyə müəssisələrinin olması beynəlxalq sığorta şirkətləri üçün çox vacib amildir.

Əlbəttə ki, səhiyyəmizin inkişafında xüsusi məqamlardan birini də dərman preratları ilə təmin olunma təşkil edir. Son bir il ərzində Prezident İlham Əliyevin göstərişilə dərman preparatlarının vahid qiyməti müəyyənləşdirilib. Dövlət başçısı İlham Əliyevin növbəti tapşırığı dərman preparatlarının ölkəmizdə istehsalının həyata keçirilməsilə əlaqədar oldu. Məhz Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, Pirallahıda dərman istehsalı planlaşdırılır: "Ümid edirəm ki, yaxın aylarda artıq birinci dərman istehsalı fabrikinin təməli də qoyulmalıdır. Biz xarici dərmanlardan, demək olar ki, 100 faiz səviyyədə asılıyıq. Bu, həm təhlükəsizlik baxımından narahatedici məsələdir, eyni zamanda, dərmanların alınmasına xaricə böyük valyuta gedir. Buna görə, qərar qəbul olundu və investorlar da buna qoşuldular, yaxşı şərait yaratdıq. Azərbaycanda birinci mərhələdə 100-dən çox adda dərman preparatı istehsal olunmalıdır".

"Səs" Analitik Qrupu

Digər xəbərlər