PDF Oxu

Araşdırma

  • 4 869

"Made in Azerbaijan" brendi dünya bazarlarında...

"Made in Azerbaijan" brendi dünya bazarlarında...

Prezident İlham Əliyev: "Biz artıq "Made in Azerbaijan" brendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər"

Bu gün Azərbaycan iqtisadiyyatı dünyadakı böhranlı vəziyyətə baxmayaraq, inkişaf edir, hətta şaxələnir. Xüsusilə, qeyd etmək lazımdır ki, qlobal maliyyə böhranından asılı olmayaraq, ölkəmizdə qeyri-neft sektoru 3,6 faiz artıb. Bu da o deməkdir ki, Azərbaycan neftdən asılılığını azaldır, eyni zamanda, ixrac potensiallı məhsulların istehsalını genişləndirib. Artıq Azərbaycanda dünya bazarlarında rəqabətə girəcək müxtəlif məhsullar ictimaiyyətə təqdim edilir. Lakin xarici bazarlara çıxarkən, müəyyən problemlər üzündən valyuta itkisinə məruz qalırıq, yaxud da ki, məhsulumuzu lazımınca təqdim edə bilmirik. Məhz bu cür problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev təqdirəlayiq addım atdı və xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi qaydasını təsdiqlədi və müvafiq istiqamətdə işlərin görülməsilə əlaqədar Fərman verdi.

Qaydalara əsasən, xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmi müəyyən edilir, Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracatçısı olaraq Azərbaycan Respublikasında vergi ödəyicisi kimi uçota alınmış fiziki və hüquqi şəxslər müəyyən olunmuş dəstək tədbirlərindən istifadə etmək hüququna malik olurlar. O da qeyd edilməlidir ki, təsdiq edilmiş qaydalar xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 27-ci mal qrupuna daxil olan məhsullara, eləcə də dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə şamil edilmir.

Azərbaycan məhsullarının xarici bazarlara çıxarmaq üçün fəaliyyət göstərəcək missiyaların da işləri müəyyənləşdirilib. Belə ki, Azərbaycan Respublikasının iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, habelə, ixracatçılardan daxil olmuş müraciətlər nəzərə alınmaqla, ixrac missiyalarının tarixi və səfər ediləcək xarici ölkələr nazirlik tərəfindən müəyyən edilir və onun rəsmi internet saytında yerləşdirilir. Hər ixrac missiyasının müddəti dörd gündən və hər ixrac missiyasında iştirak edən ixracatçıların sayı 20 nəfərdən artıq ola bilməz. Hər ixrac missiyasında ixracatçı bir nümayəndə ilə təmsil edilə bilər. İxrac missiyasının sayı təqvim ili ərzində 10-dan çox ola bilməz.

Bu gün dünya bazarlarında rəqabətə girəcək məhsullara beynəxalq qiymətləndirmə şirkətləri tərəfindən lisenziyaların verilməsi və patentlərin alınması da vacibdir. Lakin bir çox hallarda Azərbaycan şirkətləri bu sahədə problemlərlə qarşılaşırlar. Elə bu problemləri də nəzərə alan Prezident İlham Əliyevin Fərmanı ilə ixracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almasına, habelə, əmtəə nişanlarının qeydiyyatına görə dəstək veriləcək. Yəni ixracatçıların xarici ölkələrdə məhsula sertifikat və patent almalarına, habelə, əmtəə nişanlarının qeydiyyatına görə onlara ödənilən dəstək məbləği qeyd olunan işlərlə bağlı çəkilən xərclərin 50 faizini, beş min manatdan artıq olmamaqla təşkil edir.

Bununla belə, dövlət iqtisadi sahədə araşdırmaların da aparılmasına stimul verəcək addımlar atır. Belə ki, İqtisadiyyat Nazirliyinin tədqiqat-inkişaf proqramlarının təşkili ilə bağlı ixracatçılardan daxil olmuş sifarişlərin qiymətləndirilməsi meyarlarını müəyyən edir. Hər bir tədqiqat-inkişaf proqramına görə ödənilən dəstək məbləği çəkilən xərclərin 50 faizini, yəni hər bir layihə üzrə 100000 manatdan artıq olmamaqla təşkil edir. Həmçinin, il ərzində keçirilən tədqiqat-inkişaf proqramlarının sayı 10-dan artıq ola bilməz.

"Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almalarına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası"nın təsdiq edilməsi haqqında Fərman da imzaladı. Fərmana əsasən, "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almalarına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası", "Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat"ın forması təsdiq ediləcək. Nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün 2016-cı ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə üç milyon manat ayrılacaq.

Eyni zamanda, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə 2017-ci il və növbəti illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsi layihələrində nəzərdə tutulmuş dəstək tədbirlərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin nəzərə alınmasını təmin edəcək. Həmçinin, təsdiq edilən formaya uyğun olaraq, ixrac olunan məhsullar barədə hesabatı Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə üç ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı bu məsələyə toxunan Prezident İlham Əliyev deyib ki, dünyada "Made in Azerbaijan" brendi təbliğ edilməlidir: "Bizim ənənəvi ixrac bazarımız var, bu, Rusiyadadır. İndi Rusiyada böyük kənd təsərrüfatı layihələri icra edilir. Onlarda da idxaldan asılılıq azalır. Ona görə, biz yeni bazarlara baxmalıyıq. Bu, Yaxın Şərqdir, Körfəz ölkələridir, digər ölkələrdir, Asiyadır, Çindir. Biz ora çıxmalıyıq. Buna görə biz artıq "Made in Azerbaijan" brendini yaradırıq. İndi xüsusi işlər gedir, vəsait ayrılıb. Bizim heyətlər bütün ölkələrə getməlidirlər, gəzməlidirlər, təqdimatlar keçirməlidirlər. Yoxsa biz burada gözləyirik ki, kimsə gəlib bizdən nə isə alacaq. İndi bütün şirkətlər, ölkələr bazarlar uğrunda mübarizə aparırlar. Ona görə, bu, yeni bir yanaşma olmalıdır. Həm dövlət orqanları təşkil etməlidir, həm sahibkarlar özləri maraqlı olmalıdırlar və mütləq burada valyutanın hərəkətinə də diqqət yetirilməlidir. Çünki ixraca gedən məhsulun pulu bəzi hallarda ya 50 faiz, ya da 100 faiz qayıtmır. Ona görə, burada çox ciddi nəzarət olmalıdır. İndi ixracın təşviqi ilə bağlı yeni sistem qurulur və bu, orada da nəzərdə tutulur. Bu, 100 faiz şəffaf olmalıdır və heç bir pozuntuya yol verilməməlidir".

Qeyd edək ki, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi üçün ölkəmizin təmsilçiləri beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə, həmçinin, beynəlxalq sərgi və yarmarkalarda fərdi qaydada iştirak etməli, dövlət mülkiyyətində olan və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər vasitəsilə "Made in Azerbaijan" brendinin təşviqi həyata keçirilməli, xarici ölkələrdə fəaliyyət göstərən mağazalarda, o cümlədən, rüsumsuz ticarət ("duty free") mağazalarında "Made in Azerbaijan" rəfləri təşkil edilməli, xarici ölkələrin ictimai yerlərində və kütləvi informasiya vasitələrində "Made in Azerbaijan" brendi təbliğ olunmalıdır.

Əlbəttə ki, dövlətin dəstəyilə həyata keçiriləcək bu tədbirlərdən sonra Azərbaycanın istehsal etdiyi məhsullar ayrı-ayrı dövlətlərin əmtəələrilə rəqabətə girəcək, dünyada "Made in Azerbaijan" brendi dünya bazarlarında xüsusi yer tutacaq. Bu da, əlbəttə ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafını sürətləndirməklə yanaşı, ölkəmizə əlavə valyutanın daxil olmasına, yeni iş yerlərinin açılmasına yol açacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər