PDF Oxu

Araşdırma

  • 5 071

Azərbaycan və Rusiyanın regionlararası əməkdaşlığı sürətlə inkişaf edir

image

VII Azərbaycan-Rusiya Regionlararası Forumunun keçirilməsi iki ölkənin regional inkişafa verdiyi xüsusi önəmin göstəricisidir

Prezident İlham Əliyev: "Hər iki ölkənin güclü iqtisadi potensiala və birgə iş sahəsində zəngin təcrübəyə malik olmasını nəzərə alaraq, gələcəkdə səylərimizi daha sıx birləşdirmək və regionlarımız arasında əməkdaşlığı daha da fəallaşdırmaq zəruridir"

Rusiya ilə Azərbaycanı qədim tarixi köklər bağlayır. Xalqlarımız iki əsrə yaxın müddətdə bir dövlətin tərkibində yaşayıb. Mədəniyyətimiz, təhsilimiz, iqtisadiyyatımız o qədər qaynayıb-qarışıb ki, bu gün bu köklərin möhkəmlənməsi və əlaqələrin inkişaf etməsi artıq milli maraqlar səviyyəsində olan strateji məsələdir.

Rusiya ayrı-ayrı regionlardan ibarət olan və dünyada ərazicə ən böyük ölkədir. Federasiyanın hər bir subyektinin böyük sosial-iqtisadi potensialı var və o, xarici ölkələrlə, o cümlədən, Azərbaycan ilə də birbaşa əlaqələr yaradılmasına ehtiyac duyur.

Azərbaycan Rusiyanın müxtəlif regionları ilə birbaşa əlaqələrin qurulmasına da böyük əhəmiyyət verir. Məhz bunun nəticəsidir ki, son illərdə bu sahədə çox ciddi dəyişikliklər baş verib. Belə ki, Rusiya regionlarının rəhbərlərinin ölkəmizə qarşılıqlı səfərləri çoxalıb, ikitərəfli münasibətlər kifayət qədər səmərəli inkişaf edir, mədəni mübadilə və s. fəallaşıb. Azərbaycan Moskva və Sankt-Peterburqla, Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və başqa regionlarla sıx əməkdaşlıq edir. Əlamətdar haldır ki, iki ölkənin regionlararası əməkdaşlığı sürətlə inkişaf edir və coğrafiyası genişlənir. Hazırda Rusiya Federasiyasının 72 subyekti Azərbaycanla xarici iqtisadi əlaqələrə cəlb edilib, 30 subyektlə hökumətlərarası sazişlər imzalanıb. Hətta bu günə qədər bu əməkdaşlığın inişaf etdirilməsi üçün müxtəlif forumlar da təşkil edilib. Elə noyabrın 1-də Heydər Əliyev Mərkəzində keçirilmiş VII Azərbaycan-Rusiya Regionlararası Forumu da bu baxımdan istisna deyil.

Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən forumda Azərbaycan və Rusiyanın dövlət rəsmiləri, parlament və icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın sənaye, turizm, kənd təsərrüfatı, tikinti, ticarət, konsaltinq, logistika, əczaçılıq, İKT, maliyyə və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar və KİV təmsilçiləri iştirak ediblər. Foruma Rusiyanın 9 subyektindən 250-dən çox, Azərbaycan tərəfdən isə 300-dək olmaqla, ümumilikdə, 600-ə yaxın iştirakçı qatılıb.

Aydındır ki, forumun keçirilməsi Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsüdür və bu, artıq ənənəyə çevrilib. Azərbaycanın bu formatda tədbiri yalnız Rusiya ilə təşkil etməsi isə ölkələrimiz arasında uğurlu əməkdaşlığın göstəricisidir.

Son 10 ildə Prezident İlham Əliyev Rusiya Federasiyasına 30-dan çox, Prezident Vladimir Putin isə Azərbaycana 10-a yaxın səfər edib. Qarşılıqlı səfərlər isə ölkələrimiz arasında əlaqələrin inkişafına göstərilən böyük maraqdan xəbər verir. Həmçinin, ölkələrimiz arasında yaradılmış möhkəm müqavilə-hüquqi baza ticarət-iqtisadi, kənd təsərrüfatı, yanacaq-energetika, humanitar, mədəniyyət və digər sahələrdə əlaqələrin genişləndirilməsinə imkan verir. Ümumiyyətlə, 50-dən çoxu iqtisadi sahədə olmaqla, 170-dən çox sənəd imzalanıb. İkitərəfli iqtisadi əlaqələrin inkişafında Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası, parlamentlərarası qruplar və səfirliklər də önəmli rol oynayırlar.

Hazırda Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur. Ölkələrimiz arasında azad ticarət rejimi mövcuddur və bu, ticarət əlaqələrinin və iş adamları arasında əməkdaşlığın inkişafına əlavə imkan yaradır.

Ümumi olaraq iqtisadiyyata 4 milyard dollar sərmayə qoyulub

Azərbaycanda Rusiya kapitallı 600-ə yaxın şirkət fəaliyyət göstərir. Son illər Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya qoyulub. Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox birbaşa investisiya yönəldib. Azərbaycanın "Karat Holdinq" şirkəti bu il Yesentuki şəhərində 25 milyon dollar dəyərində Sanatoriya-Kurort Mərkəzini istifadəyə verib, "Azərsun Holdinq" şirkəti Krasnodar vilayətində 8 milyon dollar dəyərində meyvə-tərəvəz konservlərinin istehsalı zavodu və 3 milyon dollar dəyərində çay fabriki tikib. "Karvan-L" şirkəti Kabardin-Balkar Respublikasında "Stalprom" müəssisəsinin tikintisi və təchizatı, Dağıstan Respublikasında isə təqribən 1,5 milyon dollar dəyərində "Anji" İdman Mərkəzinin tikinti layihələrini reallaşdırıb. "Mətanət A" şirkəti Krasnodar vilayətində 33 milyon dollar dəyərində quru tikinti qarışıqları istehsalı zavodunun tikintisinə başlayıb. Noyabrın 2-də isə Pirallahı Sənaye Parkında Azərbaycan İnvestisiya Şirkətinin və Rusiyanın "R-Farm" şirkətinin iştirakı ilə investisiya dəyəri 74 milyon dollar olan əczaçılıq zavodunun təməli qoyulacaq.

"Bugünkü mürəkkəb dövrdə bu, çox vacibdir"

Göründüyü kimi, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edir. Hər iki ölkənin rəsmilərinin verdiyi bəyanatlardan da anlaşılır ki, qarşıdakı illər üçün çox maraqlı ideyalar və layihələr mövcuddur. Elə Prezident İlham Əliyevin forumun iştirakçılarına ünvanladığı məktubunda dediyi kimi, növbə ilə Azərbaycanda və Rusiyada keçirilən bu forumlar ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə müsbət töhfə verir, qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə şərait yaradır: "Hər iki ölkənin güclü iqtisadi potensiala və birgə iş sahəsində zəngin təcrübəyə malik olmasını nəzərə alaraq, gələcəkdə səylərimizi daha sıx birləşdirmək və regionlarımız arasında əməkdaşlığı daha da fəallaşdırmaq zəruridir. Qlobal böhranın bütün dünya miqyasında ciddi dəyişikliklərə gətirib çıxardığı bugünkü mürəkkəb dövrdə, bu, çox vacibdir".

Əli Həsənov: "Azərbaycan-Rusiya Regionlararası Forumu xüsusi aktuallıq kəsb edir"

Əlbəttə ki, bu cür forumların keçirilməsi hər iki ölkəni təmsil edən rəsmi və işgüzar şəsxləri də qane edir. Məsələn, Azərbaycan Respublikasının Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən VII Azərbaycan-Rusiya Regionlararası Forumunun əhəmiyyətini şərh edərkən, deyib ki, beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Azərbaycan-Rusiya Regionlararası Forumu xüsusi aktuallıq kəsb edir.

Əli Həsənov bildirib ki, hər il keçirilən Azərbaycan-Rusiya Regionlararası Forumu iki ölkənin münasibətlərində körpü rolunu oynayır. Həm Rusiyada, həm də Azərbaycanda təşkil olunan foruma hər iki ölkədən 500-dən çox iştirakçı qatılır. Builki forumda Rusiyanın bir çox vilayətlərindən, o cümlədən, mərkəzi hakimiyyət orqanlarından nümayəndələr iştirak edir.

Prezidentin köməkçisi məlumat verib ki, tədbirdə bir çox sahələr üzrə əlaqələrin geniş spektri müzakirə olunacaq. İqtisadiyyat, sənaye, kənd təsərrüfatı, ticarət, humanitar əlaqələr, gənclər arasında münasibətlər, hər iki ölkənin qeyri-hökumət təşkilatları və media qurumlarının əməkdaşlığı müzakirəyə çıxarılacaq mövzular sırasındadır.

"Həmçinin, ötənilki forumda qəbul olunmuş qərarların icrası ilə bağlı görülmüş işlərə dair hesabat xarakterli çıxışlar olacaq. O cümlədən, gələn il üçün regionlararası əlaqələrin genişləndirilməsi sahəsində təkliflər müzakirə ediləcək. Beynəlxalq münasibətlərin hazırkı vəziyyətində Azərbaycan ilə Rusiya arasındakı bu forum çox aktualdır və hər iki ölkənin maraqlarına cavab verir", - deyə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi vurğulayıb.

Əli Həsənov qeyd edib ki, Azərbaycan və Rusiya arasında daim genişlənən əlaqələr hər iki ölkənin prezidentlərinin diqqət mərkəzindədir. Həm iqtisadi və siyasi sahədə, həm də sosial və mədəni əlaqələr, cəmiyyətlərarası münasibətlər kifayət qədər intensivdir. Bu intensivliyi nizamlamaq üçün belə forumlar zəruridir.

Ramazan Abdulatipov: "Forum dostların axtarışı üçün yaxşı meydançadır"

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov isə deyib ki, Azərbaycan-Rusiya Regionlararası forumu iqtisadi-mədəni əlaqələrin inkişafı və dostların axtarışı üçün yaxşı meydançadır. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin qarşılıqlı fəaliyyət üçün bizə yaxşı imkan yaradıblar.

Birgə layihələrin reallaşdırılmasının əhəmiyyətini qeyd edən Ramazan Abdulatipov xüsusi müsabiqələr təşkil etməklə regionlararası ən maraqlı layihələrə qrant ayrılmasını və bununla bağlı fond yaradılmasını təklif edib.

Vladimir Çernov: "Ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənir"

Rusiya Federasiyası Prezidentinin xarici ölkələrlə regionlararası və mədəni əlaqələr idarəsinin rəisi Vladimir Çernov da söyləyib ki, yeddinci Azərbaycan-Rusiya Regionlararası Forumu hər iki ölkənin münasibətlərinin inkişafında mühüm rol oynayır.

Vladimir Çernov aktual məsələlərlə bağlı müzakirələrin aparıldığı forumda Azərbaycan-Rusiya əlaqələrinin genişləndirilməsi istiqamətində yeni təkliflərin səsləndirildiyini diqqətə çatdırıb.

"Bizim bir-birimizi daha yaxından tanımağımız əməkdaşlıq üçün geniş imkanlar açır və ölkələrimiz arasında münasibətlər daha da möhkəmlənir", - deyən Vladimir Çernov forum çərçivəsində imzalanan sənədlərin əlaqələrin inkişafı baxımından önəm kəsb etdiyini vurğulayıb.

"Səs" Analitik Qrupu

Digər xəbərlər