Prezident İlham Əliyev: "Ümid edirəm ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir"
Məlum olduğu kimi, ABŞ-da keçirilən prezident seçkiləri Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Trampın qələbəsi ilə başa çatıb. Donald Tramp son olaraq Viskonsin ştatında da qalib gələrək, seçənlər kollegiyasının bu ştat üzrə 10 səsini alıb. Bununla da, Donald Tramp ABŞ-ın 45-ci prezidenti seçilib. Yeni prezident qələbədən sonra Nyu-Yorkda tərəfdarları ilə görüşdə çıxış edərkən bildirib: "Dünyanın ən güclü iqtisadiyyatına sahib olacağıq. Eyni zamanda, bütün xalqlarla mehriban münasibətləri davam etdirəcəyik".
Seçkilərdən dərhal sonra ayrı-ayrı ölkələrin rəhbərləri Donald Trampa təbrik məktubları göndərib və gələcəkdə səmərəli əməkdaşlıq qurmaq niyyətlərini ortaya qoyublar. Azərbaycan Prezidenti İlham Əliyev də ABŞ-ən yeni seçilmiş prezidenti Donald Trampa təbrik məktubu ünvanlayıb: "Amerika Birləşmiş Ştatlarının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Seçkilərdə qazandığınız qələbə dost Amerika xalqının Sizə olan etimadının və dəstəyinin göstəricisidir. Ümid edirəm ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin 25 illik tarixi var. Bu müddət ərzində dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə qalxmışdır. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik.
Uzun illərdir ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkir. Ərazilərimizin 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Azərbaycanın ərazi bütövlüyü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tərəfindən tanınıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən, BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
Ümidvaram ki, ABŞ Minsk Qrupunun həmsədri kimi Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcəkdir. Bir daha Sizə səmimi təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Amerika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".
Etiraf etmək lazımdır ki, ABŞ planetimizin əsas güc mərkəzlərindən biridir və yeni dünya düzəninin qurulmasında bu ölkənin kifayət qədər böyük rolu var. Bu mənada, Azərbaycanla ABŞ arasındakı münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda, Azərbaycan da artıq uzun illərdir beynəlxalq terrorizmə qarşı mübarizədə ABŞ-la fəal əməkdaşlıq edir. Ölkəmiz ABŞ-la enerji sahəsində də uğurla əməkdaşlıq edir.
Azərbaycan da ABŞ-la ikitərəfli münasibətlərə yüksək dəyər verir. Prezident İlham Əliyevin bildirdiyi kimi, ABŞ-Azərbaycan münasibətlərinin 25 illik dövrü əhatə edən tarixi var. Bu münasibətlər həmişə sıx, səmimi olmuşdur, indi isə strateji əhəmiyyət kəsb edən münasibətlər səviyyəsinə çatmışdır. Aramızda fəal siyasi dialoq mövcuddur. Azərbaycan ilk dəfə Xəzər və Aralıq dənizlərini birləşdirən neft kəmərlərinin tikintisi kimi əhəmiyyətli layihələri Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə birlikdə icra edib: "Biz "Cənub Qaz Dəhlizi" layihəsi üzərində birlikdə işləyirik. Biz bu layihənin icrasına ciddi dəstək göstərdiyinə görə Amerika Birləşmiş Ştatlarının hökumətinə çox minnətdarıq. Səmimi desəm, bu dəstək olmasaydı, həmin layihənin həyata keçirilməsi üçün daha çox müddət və səylərin göstərilməsi tələb oluna bilərdi".
Göründüyü kimi, bu gün Azərbaycan Amerika Birləşmiş Ştatları ilə siyasi, iqtisadi, həmçinin, enerji sahəsində faydalı əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlı olduğunu bəyan edir. Eyni zamanda, ABŞ Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyir və bu, Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət kəsb edir. Ona görə də, Azərbaycanın ABŞ-dan daha bir gözləntisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi qəti mövqeyini ortaya qoymasıdır. Hər halda, Azərbaycan ictimaiyyəti də ABŞ-ın 45-ci prezidentindən ədalətli mövqe gözləyir. Əlbəttə ki, ABŞ-ın ədalətli mövqeyi iki ölkə arasındakı siyasi-iqtisadi və təhlükəsizlik strategiyası üzrə əməkdaşlığın daha da möhkəmlənməsinə gətirib çıxara bilər.
"Səs" Analitik Qrupu