Yaxud növbəti dəfə Azərbaycana nifrətini nümayiş etdirən Menardın "sərhədsiz təxribatçı"ları erməni lobbisinin maşası olduğunu isbatladılar
Hər zaman Azərbaycana qarşı məkrli və qərəzli mövqeyilə seçilən "Sərhədsiz Reportyorlar" növbəti dəfə şər və böhtanla dolu hesabatını yayıb. Təşkilat verilən sifariş əsasında Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı qərəzli dəyərləndirmələr aparıb, ölkəmizi son sıralarda göstərib. Hesabata diqqət yetirdik də isə bir daha əmin olursan ki, orada yer alan qərəzli məqamlar Azərbaycan gerçəkliyini ifadə etmir, çünki ölkəmizdə söz və mətbuat azadlığı tam təmin olunub. Bu cür bəyanatlar Azərbaycanda söz və mətbuat azadlığının olduğuna heç bir şübhə yarada bilməz. Çünki ölkəmizdə intellektual-mədəni cəmiyyət formalaşıb və hansısa qeyri-hökumət təşkilatının Azərbaycanda ictimai rəyə təsir etməsi mümkün deyil. Digər tərəfdən, Azərbaycanın çox güclü media kontingenti var və ictimaiyyətimiz hansı transmilli medianın və ya qeyri-hökumət təşkilatının nəyə, kimlərə xidmət etdiyini dərk edir.
Azərbaycan ictimaiyyəti onu da bilir ki, Fransanın Langedok vilayətində yerləşən Bezye şəhərinin meri Robert Menar hələ bu vəzifəyə gələnədək "Sərhədsiz reportyorlar" təşkilatının yaradıcısı və baş direktoru kimi məşhur idi. Fransalı jurnalist Nicolas Poincare onu "sərhədsiz təxribatçı" adlandırır və yazır: "Bələdiyyə polisini silahlandırmaq, pəncərələrdən paltar asanları cəzalandırmaq, multikultur Fransanı rədd etmək. Sərhədsiz reportyorların bu keçmiş rəhbəri soldan-sağa təxribatlarla məşğuldur".
Fransız jurnalistlərin təxribatçı adlandırdığı Menard Azərbaycanda da müəyyən qədər tanınır. Xüsusilə, vaxtilə borca düşən, yaxud burnu qanayan bəzi jurnalistlərimiz fransızların sərhədsiz provakatoruna pənah aparırdı. 2006-cı ilə qədər "Sərhədsiz Reportyorlar"ın baş direktorunu Azərbaycanda tez-tez görmək mümkün idi. Həmin vaxtdan sonra isə onun ayağı Bakıdan kəsildi və ölkəmizə qarşı məqsədli çirkin fəaliyyətin də, məhz o zamandan başladı. "Sərhədsiz reportyorlar" təşkilatının hər il yaydığı hesabatlarda Azərbayanın adı mütləq şəkildə sonuncu sıralara salınır. Hətta Ermənistan, yaxud Afrikanın hansısa ölkəsinin "bəxtinə" daha yaxşı yerlər düşür. Təbii ki, bu, reallıqdan deyil, R.Menardın, elə onun vaxtilə rəhbərlik etdiyi təşkilatın Azərbaycana, daha doğrusu, müsəlman ölkəsi olan Azərbaycana münasibətindən irəli gələn məsələdir. Bu təşkilatın istər Menardın rəhbərliyi dövründə, istərsə Azərbaycanla bağlı irəli sürdüyü iddialar məsələyə "fransız qalmaq" kimi bir şeydir. Bütün hesabatlarda Robert Menardın dəsti-xətti aydın sezilir. Əsas məsələ isə Menardın həyat prinsipinə çevirdiyi və özündən sonra "Sərhəsiz Reportyorlar" üçün qoyduğu islamofob və anti-Azərbaycan ənənəsinin səbəbləridir.
"Bu şərəfsiz, ləyaqətsiz insan heç bir səbəb olmadan insanları terrorçu sayaraq onları işgəncələrə, əzablara məruz qoyan Mərkəzi Kəşfiyyat İdarəsinin cinayətlərini pərdələməyə çalışır. Söz azadlığından, demokratik dəyərlərdən danışan, müxtəlif ölkələrdə həbs olunmuş jurnalistlərin hüquqlarını müdafiə etdiyini söyləyən insanın belə davranışına nə ad vermək olar?!" - deyə "Rue89" saytı onun haqqında belə yazırdı.
O da faktdır ki, Menard ABŞ-ın Dövlət Departamentinin dəstəyi ilə 1985-ci ildə "Sərhədsiz həkimlər" təşkilatının adını oğurlayaraq yaratdığı "Sərhədsiz reportyorlar"la birbaşa imperialistlərin siyasətini yerinə yetirirdi. Onlar sifariş verir, o isə hədəfdə olan ölkədə jurnalistlərin təzyiqə məruz qaldığını, azad səsin boğulduğunu iddia edərək, dünyaya car çəkirdi. Azərbaycanla bağlı hesabatlarda bu, dəfələrlə öz əksini tapıb. Ömrü boyu qələm tutmağı bacarmayan insanları jurnalist edib, "azad söz boğulur" deyən "sərhədsiz reportyorların" missiyası bu gün də davam edir...