PDF Oxu

Araşdırma

  • 5 682

Azərbaycanın gəmiçilik sənayesi inkişafının yeni mərhələsinə daxil olur

image

Yeni nəsil tankerlərin istehsalı ölkəmizə dəniz nəqliyyatında və yükdaşımalarda əlavə üstünlüklər verəcək

Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası ölkənin nəqliyyat sektorunun mühüm sahələrindən biri olan gəmiçiliyi də əhatə edir.

Son dövrlər, digər sahələrdə olduğu kimi, gəmiçilikdə də ciddi islahatlar həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 22 oktyabr tarixli 6 nömrəli Sərəncamı ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xəzər Dəniz Neft Donanmasının birləşdirilərək, yenidən təşkil olunması əsasında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti"nin yaradılması buna bariz nümunədir. Bu cəmiyyəti yaratmaqda məqsəd, ölkənin tranzit yükdaşımalar sahəsində rəqabət potensialından daha səmərəli istifadə etməklə, gəmiçilik sahəsində yerli və beynəlxalq daşımaların həcmini artırmaqdır. Cəmiyyət sərnişin və yük daşınması, habelə, gəmilərin təmiri və modernləşdirilməsi ilə bağlı müxtəlif növ xidmətlər təqdim edən, eləcə də dənizdə həyata keçirilən neft və qaz əməliyyatlarına ixtisaslaşdırılmış gəmiçilik xidmətləri göstərən yeni və güclü bir qurumdur.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası Azərbaycanın regionun nəqliyyat qovşağına çevrilməsini, ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə edilməsini, tranzit və nəqliyyat xidmətlərinin inkişafını nəzərdə tutur.

Xəzər hövzəsində ən böyük liman olan Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının istifadəyə verilməsi, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, İranla Azərbaycan arasında çatışmayan dəmir yolu bağlantısının tikintisi, Azərbaycan Respublikasında dəmir yolu nəqliyyatı sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının həyata keçirilməsi, Xəzəryanı ölkələrdə limanların genişləndirilməsi, Çindən Avropaya kimi uzanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə vahid keçid tarifinin təyin olunması və "bir pəncərə" prinsipinin tətbiqi, "Bir Qurşaq, Bir Yol" layihəsinin həyata keçirilməsi ilə bağlı Azərbaycanla Çin arasında əməkdaşlıq haqqında müqavilənin imzalanması və regionda həyata keçirilən irimiqyaslı layihələr növbəti illərdə Azərbaycandan keçən tranzit yüklərin artmasına səbəb olacaqdır və bu yüklərin daşınması üçün müxtəlif təyinatlı gəmilərə olan tələbatın daha da artacağı gözlənilir.

Həmçinin, Xəzər dənizindən keçən nəqliyyat dəhlizlərinin geniş imkanları müxtəlif nəqliyyat vasitələri ilə qarışıq daşımaların sürətli inkişafını, eləcə də Azərbaycan Respublikasının tranzit potensialının artırılmasında mühüm rol oynayan cəmiyyətə məxsus limanların yükaşırma səviyyəsinin yüksəldilməsi məqsədilə liman infrastrukturunun təkmilləşdirilməsini zəruri edir. Bu inkişaf Azərbaycanın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub istiqamətində dünya nəqliyyat sisteminə inteqrasiya etməsi regionun nəqliyyat və logistika qovşağına çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Digər tərəfdən, Xəzər dənizində, o cümlədən Xəzərin Azərbaycan sektorunda artan neft və qaz əməliyyatları dənizdə qabaqcıl texnologiyalarla təhlükəsiz və səmərəli fəaliyyət göstərən, beynəlxalq standartlara cavab verən müasir ixtisaslaşmış neft donanmasının olmasını zəruri edir. Azərbaycan Respublikasında hasil edilən karbohidrogen ehtiyatlarının xeyli hissəsi Xəzər dənizindəki yataqların payına düşdüyündən, həmin əməliyyatların aparılmasında cəmiyyətin genişprofilli ixtisaslaşdırılmış neft donanması xüsusi rol oynayır və Azərbaycan Respublikası üçün strateji əhəmiyyətə malikdir.

Azərbaycanda görülən işlər də artıq öz bəhrəsini verməkdədir. Elə ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Rəşid Behbudov sürətli sərnişin gəmisi", "Gəncə tankeri" və "Qafur Məmmədov" quru yük gəmisi"nin istismara verilməsi deyilənlərin əyani sübutu oldu.

Məlumat üçün bildirək ki, "Gəncə tankeri" "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC və "Caspian Marine Services Alyansı" tərəfindən sifariş olunan 2 yeni tankerdən biridir. Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. "Gəncə tankeri"nin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. Hazırda Xəzər dənizində yükgötürmə qabiliyyətinə görə ən böyük tankerlər Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə məxsusdur və onlar 13 min ton dedveytə malikdir. Bu tankerlərin saya oturumu çox olduğundan onlar Xəzər dənizini xarici sularla əlaqələndirən Rusiyanın daxili su kanallarına, o cümlədən İran limanlarına yüklə daxil ola bilmirlər. Həcminin artması proqnozlaşdırılan maye yüklərin daşınmasını təmin etmək üçün "Gəncə tipli tankerlər"in böyük iqtisadi əhəmiyyəti var.

Eyni zamanda, nadir Ro-Pax/Bərə tipli gəminin konsepsiyasının hazırlanması üçün "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC son 1 ildən artıq müddətdə Odessa Dəniz Mühəndisliyi Bürosunun təcrübəli mütəxəssisləri ilə uzunmüddətli texniki müzakirələr aparıb və Xəzər dənizində suyun səviyyəsi, yanalma körpülərinin maksimal imkanları nəzərə alınaraq, 100 sərnişin, 56 vaqon və ya 50 yük maşını (TIR) tutumlu gəminin eskiz və texniki layihəsi hazırlanıb. Bu cür nadir konsepsiyaya malik və yeni nəsildən olan ilk bərə tipli gəmilərin tikintisi müasir infrastruktura və potensiala malik Bakı gəmiqayırma zavodunda aparılacaq.

Yeni tankerlər Xəzərdə suyun mövcud səviyyəsində, az saya oturumla maksimum çox yük götürə bilən nadir gəmilər olacaq. Belə ki, tankerin digər texniki xarakteristikaları eyni saxlanılmaqla, yükgötürmə qabiliyyətinin 8 min tonadək artırılmasına nail olunacaq. Yeni nəsil tanker ilk dəfə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin donanması üçün, məhz Bakı gəmiqayırma zavodunda inşa ediləcək.

Yeni alınmış "Qafur Məmmədov quru yük gəmisi"nin isə dedveyti 5,500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu isə 4,79 metrdir. Gəmi Xəzərdəki quru yük donanmasının yenilənməsi, hazırda balansda olan, maksimum yükgötürmə qabiliyyəti 3 min ton təşkil edən və istismar müddətini başa vurmuş gəmiləri yeniləməyə və növbəti illər ərzində gəmiçiliyin quru yük daşımaları bazarında mövqeyinin sabitləşməsinə imkan yaradır. Eyni zamanda, belə gəmilərin istismara verilməsi strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması nəticəsində ölkəmizin ərazisindən keçməklə daşınacaq tranzit yüklərin və konteyner həcmlərinin mənzil başına vaxtında çatdırılmasında da mühüm əhəmiyyət daşıyır. Ümumilikdə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 2014-2016-cı illər ərzində donanması üçün 5,500 ton yükgötürmə qabiliyyətinə malik 8 yeni quru yük gəmisi alıb. Hazırda gəmiçiliyin Xəzərdən kənarda Azərbaycan bayrağı altında üzən gəmilərinin sayı 10-a çatıb.

Göründüyü kimi, Azərbaycan bütün sahələrdə olduğu kimi, gəmiçiliyin inkişaf etdirilməsilə dəniz nəqliyyatında da geniş nailiyyətlər əldə etmək niyyətindədir. Xüsusilə də, nəzərə alsaq ki, Azərbaycan beynəlxalq nəqliyyat qovşaqlarında yerləşir, o zaman, bu sahənin inkişaf etdirilməsinin nə qədər mühüm və zəruri olması üzə çıxmış olur.

"Səs" Analitik Qrupu

Digər xəbərlər