PDF Oxu

Araşdırma

  • 6 111

Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir

image

Əli Həsənov: "Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisəolunmazdır"

Müasir dövrdə hər bir ölkənin gücü, ümumi mənada, onun siyasi-hərbi və sosial-iqtisadi vəziyyətilə müəyyənləşir. Eyni zamanda, ölkələrin demoqrafik, coğrafi və mədəni inkişaf səviyyəsi də onların geosiyasi və geoiqtisadi şəraitinə təsirini göstərir. Bu mənada, Azərbaycan dünyanın bir çox ölkələrindən, xüsusilə də, region dövlətlərindən üstün mövqeyə malikdir.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun dediyi kimi, Cənubi Qafqaz ölkələrinin müasir geosiyasi xarakteristikası, inkişaf meyilləri və perspektivlərini müəyyənləşdirən parametrlərə əsasən, Azərbaycan Respublikası bölgənin geosiyasi cəhətdən ən əhəmiyyətli və perspektivli ölkəsi hesab olunur. Bu, ölkəmizin həm beynəlxalq aləm üçün tərəfdaşlıq dəyərini, həm də mövcud daxili inkişafını şərtləndirir. Azərbaycan coğrafi mövqeyi, təbii ehtiyatları və insan resursları baxımından Cənubi Qafqazın lider ölkəsi hesab olunur. İnsan resurslarının kəmiyyət və keyfiyyət göstəriciləri də Azərbaycanda digər Cənubi Qafqaz ölkələrindən üstün və perspektivli görünür. Belə ki, 2015-ci ildə əhalinin təbii artımı Azərbaycanda 111 min, Gürcüstanda 10 min, Ermənistanda isə 12 min nəfər təşkil edib.

Qeyd edək ki, Azərbaycan dünyanın ən əhəmiyyətli məkanı hesab olunan Avrasiyanın mərkəzində yerləşir, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazda gedən əsas proseslərin və transmilli maraqların təməlində dayanır. Azərbaycan Gürcüstanla birlikdə Xəzər və Qara dənizlər arasındakı mühüm əhəmiyyətli kontinental geosiyasi məkanının, Türkmənistan və Qazaxıstanla birlikdə Avropa-Cənub-Şərqi Asiyanın, Rusiya və İranla birlikdə Şimal-Cənub dəhlizinin, Şərqlə-Qərb arasındakı əksər transmilli nəqliyyat-kommunikasiya layihələrinin, NATO və KTMT kimi hərbi-strateji blokların təmas xəttində yerləşərək, həm Avropanın, həm Asiyanın, həm də Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazın regional maraqlar mübarizəsində önəmli vəsilə kimi çıxış edir. Bütün bunlar isə Azərbaycanın geosiyasi dəyərinin artmasına və xarici ölkələrlə münasibətlərinə müsbət təsir göstərən əsas amillərdəndir.

Əli Həsənov bildirir ki, zəngin geoiqtisadi potensiala malik olan Xəzər dənizi hövzəsi və Cənubi Qafqazın ən əhəmiyyətli coğrafi mövqeyində yerləşməsi, iqtisadi və əmək resursları, insan potensialı baxımından üstünlüyü, əhalinin dövlət siyasətini dəstəkləmə, daxili sabitlik, milli vətəndaş birliyi və sərhəd-məskunlaşma xüsusiyyətləri, zəngin enerji mənbələri, Rusiya, Türkiyə, İran kimi regional lider statuslu ölkələrlə quru və dəniz sərhədlərinə malik olması, ABŞ və Qərbi Avropanın böyük ölkələri ilə, Rusiya, Çin, Türkiyə, İran, İsrail kimi dövlətlərlə və beynəlxalq geosiyasi aktorlarla fəal geosiyasət aparması və digər parametrlər üzrə Azərbaycan geosiyasi və geoiqtisadi vəziyyət baxımından Cənubi Qafqazın şəksiz lideridir: "2015-ci ildə Cənubi Qafqazda ümumi daxili məhsulun həcmi 75 milyard ABŞ dollarından çox olub ki, bunun da 70 faizi Azərbaycanın payına düşür. Cənubi Qafqazda sənaye məhsulları üzrə 20 milyard ABŞ dolları dəyərində ümumi istehsalın 80 faizi Azərbaycana məxsusdur. Ötən il bütün mənbələr üzrə Cənubi Qafqaza 26 milyard ABŞ dolları məbləğində kapital qoyulub ki, onun da 19,5 milyard dolları (72 faizi) Azərbaycana aiddir. Bu məbləğin 10,7 milyard dolları xarici kapital olub. Özünütəminat əmsalına görə Azərbaycan öz təhlükəsizliyini bir çox sahələrdə tam, yaxud qismən təmin edib. Azərbaycanın Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi inkişaf vəziyyəti və perspektivləri digər ölkələrlə qətiyyən müqayisəolunmazdır. Qeyd edilən parametrlərə görə, Ermənistan bütün regional və transmilli layihələrdən təcrid olunaraq, ağır sosial-iqtisadi böhrana düçar olub. Bu ölkə tam və büsbütün asılı vəziyyətdədir, ayrılıqda heç bir geosiyasi və geoiqtisadi rola malik deyil. Azərbaycan bütün geosiyasi və geoiqtisadi parametrləri üzrə yalnız keçmiş SSRİ-nin qabaqcıl respublikaları hesab olunan Rusiya, Belarus və Qazaxıstan kimi ölkələrlə müqayisə oluna bilər".

Qeyd edilənlərlə yanaşı, Azərbaycan transmilli enerji ixracı dəhlizləri və nəqliyyat-kommunikasiya sistemində əlverişli mövqeyə malikdir. Enerji daşıyıcıları üzrə Cənubi Qafqazda Azərbaycanın vəziyyəti, ümumiyyətlə heç bir qonşu ölkə ilə müqayisəolunmazdır. Azərbaycanın təsdiq olunmuş enerji ehtiyatları 4,6 milyard ton şərti yanacaq - 2 milyard ton neft, 2,6 trilyon kubmetr təbii qaz təşkil edir. İxrac marşrutlarının şaxələndirilməsi Azərbaycana təhlükəsiz şəkildə öz karbohidrogen ehtiyatlarını dünya bazarına çıxarmaq üçün əlverişli imkan yaradıb.

Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan həm də Avrasiyanın giriş qapısı, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin mərkəzi dövləti hesab olunur. Dünyanın nəqliyyat-kommunikasiya əlaqələrində həlledici bir vəsiləyə çevrilməsi Azərbaycanın son bir neçə ildə həm daxili, həm də regional və beynəlxalq yol-nəqliyyat infrastrukturunun, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri çərçivəsində çoxsaylı tranzit sistemlərinin müasir tələblərə uyğun yenidən qurulmasına mühüm təsir göstərir.

Azərbaycan Milli Ordusunun say tərkibi, hərbi-texniki vəziyyəti, hərbi hazırlığı və silahlanma keyfiyyətinə görə həm Gürcüstandan, həm də Ermənistandan qat-qat yüksəkdir. Bundan başqa, ordu quruculuğuna yönəltdiyi ümumi büdcə miqdarına görə də Cənubi Qafqazın lider ölkəsi Azərbaycan hesab olunur. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon ABŞ dolları olduğu halda, hər il böyük həcmdə artmaqla 2015-ci ildə bu rəqəm 4,2 milyard ABŞ dolları təşkil edib.

Xəzəryanı və Cənubi Qafqaz ölkələri ilə ortaq sərhəd xətləri hələ də axıra qədər demarkasiya və delimitasiya edilməyib. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Azərbaycan-İran dövlət sərhədinin 132 kilometri və Azərbaycan-Ermənistan dövlət sərhədinin 733 kilometri Ermənistan silahlı qüvvələri tərəfindən, bilavasitə işğal olunub. Bununla yanaşı, Azərbaycanın Ermənistanı çıxmaq şərtilə, digər qonşu dövlətlərlə sərhəd təhlükəsizliyi sahəsində regional əməkdaşlığı möhkəmləndirməsi, transmilli cinayətkarlığa qarşı birgə mübarizə aparması, Xəzər dənizi və müştərək quru sərhədlərin təhlükəsizliyi və mühafizəsi kimi məsələlərdə tərəfdaşlıq proseslərini dərinləşdirməsi sərhədlərin qorunma əmsalını artırır.

Bir sözlə, Azərbaycan malik olduğu geosiyasi və geoiqtisadi üstünlüklərə əsasən, bu gün diqqət mərkəzində olan ölkədir. Dünyanın aparıcı aktorları ilə qurduğu ünsiyyət və birgə reallaşdırdığı layihələr Azərbaycanın hansı səviyyədə dəyərli bir ölkə olduğunu isbatlayır. Bütün bunlar isə, əlbəttə ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyevin uğurla davam etdirməsi, Cənubi Qafqazda, xüsusilə də, Azərbaycanda kəsişən maraqları balanslaşdırması və prosesi ölkəmizin xeyrinə yönəltməsi böyük geosiyasi və geoiqtisadi üstünlüklərin formalaşmasına səbəb olub. Bu geosiyasi və geoiqtisadi üstünlüklər isə Azərbaycanın stabil, dinamik və uzunmüddətli inkişaf perspektivinə malik olmasına əsas yaradır.

"Səs" Analitik Qrupu

Digər xəbərlər