Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb
Dövlət başçısının Sərəncamı onu göstərir ki, işğal altındakı torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil
2016-cı ilin aprel ayının əvvəlində erməni silahlı birləşmələrinin təxribatına cavab olaraq əks-hücuma keçən Azərbaycan Ordusu şanlı tarix yazaraq uzun illərdir işğal altında qalan torpaqlarımızın bir hissəsini azad etmişdi. Artıq Azərbaycan Ordusu on minlərlə hektar əraziyə tam nəzarəti həyata keçirmək imkanına malikdir. Həmin ərəfədə ordumuz tərəfindən azad edilmiş ərazilərdən biri də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi oldu. Doğrudur, bu kənd hələ 1990-cı illərin əvvəllərindən Azərbaycanın nəzarətində olub. Həmin ərəfədə Ermənistanın qondarma prezidenti Sarkisyan Beyləqan rayonunu da işğal edəcəklərini bildirmişdi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev 1993-cü ilin noyabrında yaranmış vəziyyətlə bağlı televiziya ilə xalqa müraciət etdi. Sonra dekabrda hərbiçilərlə görüşdü və Horadiz əməliyyatının planı quruldu. Həmin ilin sonlarında aparılan uğurlu əməliyyat zamanı ordumuz işğal olunmuş bu əraziləri azad etdi. 1994-cü ilin aprel ayında Ulu Öndər Heydər Əliyev Füzuli rayonuna gəldi, səngərdə hərbiçilərlə görüşərək, onları qələbə münasibətilə təbrik etdi və işğaldan azad olunmuş ərazilərin bərpasına və yenidən qurulmasına göstəriş verdi.
Horadiz əməliyyatı kimi aprel döyüşləri də Azərbaycan tarixinin şanlı səhifələridir. Prezident İlham Əliyev Lələtəpə yüksəkliyindən bütün dünyaya, eləcə də Ermənistana və onun işğalçı prezidentinə öz mesajını verdi. Bu gün bizim çox güclü ordumuz var. Qüdrətli ordumuz istənilən vaxt işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Aprel döyüşləri bunu bir daha sübut etdi. Ancaq Ali Baş Komandan İlham Əliyev bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O istəmir ki, yenidən qan tökülsün. Əgər Ermənistan düzgün yola gəlməsə, müharibə yolu ilə olsa da, biz torpaqlarımızı mütləq azad edəcəyik. Bu, bizim haqqımızdır.
Beləliklə də, aprel döyüşlərinə qədər daim erməni hərbçiləri tərəfindən atəşə tutulan, normal yaşayışın təmin olunması mümkünsüz hala gəlmiş kənd aprel döyüşlərindən sonra tam olaraq azad edildi və orada tikinti-abadlıq işlərinə başlanılır. Məhz Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalaması bunun əyani sübutudur.
Sərəncamda deyilir ki, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olub. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranıb. Sərəncama əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4 milyon manat ayrılıb.
Beləliklə də, Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə tikinti-abadlıq işlərinə başladı. Dövlət başçısının Sərəncamı da onu göstərir ki, işğal altındakı torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil. Elə Cocuq Mərcanlı kəndi də bu prosesin qaranquşu oldu...
"Səs" Analitik Qrupu