PDF Oxu

Araşdırma

  • 3 508

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli daim diqqət mərkəzindədir

image

Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərmanı bu kateqoriyadan olan insanlara dövlət qayğısının növbəti təzahürüdür

Qaçqın və məcburi köçkünlərə diqqət və qayğı daim dövlət siyasətinin prioriteti olub. Bu siyasi kursun təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev də qaçqın və məcburi köçkünlərlə görüşür, onları düşündürən məsələlərlə yaxından maraqlanır və həlli barədə müvafiq göstərişlər verir.

Qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 7 milyard manata yaxın vəsait sərf olunub

Bu baxımdan, təsadüfi deyildir ki, ölkə əhalisinin ən həssas hissəsi olan qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə Ulu Öndər Heydər Əliyevin yanaşmasının davamı olaraq həyata keçirilən hərtərəfli dövlət siyasəti, müvafiq dövlət proqramlarının qəbulu və onların icrası nəticəsində 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir. Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi salınıb, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub. Şəhər və rayonlar tərəfindən bu məqsədlə ayrılmış yararsız ərazilər salınmış qəsəbələr hesabına tam abadlaşdırılıb, texniki infrastruktur yenilənib və bu ərazilər yaraşıqlı yerlərə çevrilib. Müqayisə üçün bildirək ki, məcburi köçkünlər üçün tikilən və komitənin balansında olan 3,2 milyon kvadratmetr mənzil fondu Mingəçevir şəhərinin mənzil fondundan 2 dəfə çoxdur.

Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya İdman Kompleksi tikilib. Görülən bütün bu işlərin və sərf olunan vəsaitin 90 faizi İlham Əliyevin 13 illik Prezidentlik fəaliyyətinin dövründə icra edilib.

Dünyada maliyyə problemlərinin hökm sürdüyü bir zamanda Dünya Bankı ilə 78,5 milyon ABŞ dolları dəyərində, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması, gəlir imkanlarının dəstəklənməsi komponentlərini özündə əks etdirən yeni Saziş imzalanıb. Füzuli rayonunda 400 məcburi köçkün ailəsi üçün yeni qəsəbə salınıb.

2016-cı il aprelin əvvəlində erməni silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarında mülki əhali yaşayan məntəqələri atəşə tutması nəticəsində məcburi köçkünlərin zərər çəkmiş 260 evinin bərpası və şəxsi əmlaklarına dəyən ziyana görə dövlət büdcəsinin ehtiyat fondundan birinci mərhələdə 2,5 milyon manat vəsait ayrılıb. Tərtər rayonu üzrə 105 ailə, Ağdam rayonu üzrə 15 ailə olmaqla, cəmi 120 ailəyə maddi yardım ödənilib, ayrılan vəsait hesabına 182 evdə təmir-bərpa işləri başa çatdırılıb. İkinci mərhələyə qalan 78 ev cəbhə xəttinin 3-4 kilometrliyində olduğuna görə əksər hissəsi dağıdılıb və evlərin həmin ərazidə və ya başqa yerdə yenidən tikilməsi üçün 2,6 milyon manat əlavə vəsait tələb olunur.

Məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb

Son 13 ildə 380 min nəfər əmək qabiliyyətli məcburi köçkündən 161 min nəfəri büdcə təşkilatlarında və digər sahələrdə daimi, 200 min nəfəri isə müvəqqəti işlə təmin edilib. Bu da 2003-cü illə müqayisədə 2 dəfə çoxdur. Nəticədə, məcburi köçkünlər arasında yoxsulluq həddi 74 faizdən 12 faizədək azalıb.

Məcburi köçkünlərin məşğulluğunun artırılması, sahibkarlığın inkişafı məqsədi ilə 11 min nəfər məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən isə 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb. Yeni salınmış bəzi qəsəbələrdə əkin və örüş sahələri ilə təmin olunmuş məcburi köçkünlər arasında müvafiq maarifləndirmə işləri aparılır ki, onlar dövlət təminatından, ələbaxımlıqdan uzaqlaşaraq özünütəminata keçsinlər.

İmkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsi yaxşılaşdırılır

Bütün həyata keçirilən işlərlə yanaşı, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi istiqamətində də əhəmiyyətli addımlar atılmaqdadır. Xatırladaq ki, hələ ötən il məcburi köçkünlərə sosial müavinət və kommunal xidmət xərclərinə görə ödənişlərin təkmilləşdirilməsi, vahid elektron hökumət portalının yaradılması nəticəsində, son 5 ildə statusları saxlanılmaqla, bəzi məcburi köçkünlərə imtiyazların tətbiqi dayandırılmışdı. 2010-cu il ilə müqayisədə aylıq yemək xərci müavinəti alan məcburi köçkünlərin sayı 34 min nəfərədək azaldılmışdı. Məcburi köçkünlərə ayrılan vəsaitin ödənişində yeni qaydaların və sosial ədalət prinsipinin tətbiq edilməsi məqsədilə təkliflər zərfi hazırlanaraq, Baş nazirə təqdim edilmişdi. Məhz sözügedən yeni qaydalar 2017-ci il yanvar ayından tətbiq edilməyə başlandı. Bunun hüquqi əsasını isə Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında Fərman imzalaması oldu. Bununla da, bu aydan kommunal xidmət xərclərinin məcburi köçkünlər tərəfindən ödənişini təmin etmək məqsədilə həmin vəsait yemək xərci üçün müavinətlə bağlı plastik karta əlavə edilməklə, nağd şəkildə məcburi köçkünlərin özlərinə veriləcək. Eyni zamanda, məcburi köçkünlər üçün nəzərdə tutulmuş müavinətlərin istifadəsində yeni təkmilləşdirilmiş mexanizmin tətbiqi nəticəsində əldə olunan vəsaitin, sosial ədalət prinsipi təmin edilməklə, imkanı nisbətən zəif olan və ağır şəraitdə yaşayan məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına yönəldilməsi üçün müvafiq tədbirlər görüləcək. Bütün xərclər vahid plastik kartla ödəniləcəyi halda, aidiyyəti xidmət təşkilatları məcburi köçkünlərin sıx müvəqqəti məskunlaşdıqları yataqxana, pansionat, tikintisi yarımçıq qalmış binalar və s. obyektlərdə qısa müddətdə fərdi sayğaclaşma işlərini təmin edəcəklər. Bu isə 94 min abonent deməkdir.

Azərbaycan dövləti məcburi köçkünlərə diqqət və qayğını davam etdirir

Bir daha qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı Fərmandan irəli gələn vəzifələrin həyata keçirilməsilə bu qəbildən insanların sosial müdafiəsinin daha da gücləndirilməsinə, ünvanlılığın təmin olunmasına və səmərəliliyin artmasına xidmət edir. Fərmana görə qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan bəzi güzəştlər pul konsepsiyası ilə əvəz olunacaq və sosial müavinət şəklində onlara veriləcək. Konkret olaraq enerji daşıyıcılarının xərcləri ilə və un məmulatları ilə bağlı xərcləri 36 manatlıq aylıq sosial müavinətlə əvəz olunacaq. Bu da həmin insanların dövlətin onlara olan qayğısından daha konkret ünvanlı şəkildə istifadə etməsinə səbəb olacaq. Əvvəllər də uzun illər onlar bu güzəştlərə, imtiyazlara malik olublar, sadəcə, həmin vəsait onda dövlətin büdcəsindən müvafiq qurumlara ayrılıb, indi isə onun forması dəyişib, müvafiq qurumlar əvəzinə vətəndaşın özünə verilir və onu xərcləmək istiqaməti də vətəndaşın öz seçimindən asılı olacaq. Sosial müdafiənin bu şəkildə təmin olunması ünvanlılıq prinsipinə də uyğundur.

Bir sözlə, bu Fərman bütün məcburi köçkünlər tərəfindən yüksək qiymətləndirilir və bundan sonra da dövlətin onlara qayğısı davam edəcək. Prezident İlham Əliyevin söylədiyi kimi, bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir. Azərbaycan dövləti də yaxın vaxtlarda bu işi həyata keçirəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər