PDF Oxu

Araşdırma

  • 3 761

2017-ci il Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli il olacaq

image

Yeni sənaye obyektlərinin işə düşməsi nəticəsində minlərlə yeni iş yerləri açılacaq

2016-cı il Azərbaycanın perspektiv inkişafı baxımından əhəmiyyətli il oldu. Ötən il ərzində qəbul edilən qərarlar, imzalanan fərman və sərəncamlar, xüsusilə də, təsdiqlənən Strateji Yol Xəritələri ölkə iqtisadiyyatının qeyri-neft sektoru üzərində qurulması üçün möhkəm bazanın yaradılması üçün mühüm əhəmiyyət kəsb etdi. Elə bunun nəticəsidir ki, siyasi sabitlik, əvvəlki illərdə görülmüş işlər, yaradılmış potensial, həyata keçirilən islahatlar nəticəsində dünya iqtisadiyyatında baş verən hadisələr fonunda belə Azərbaycan iqtisadiyyatının dayanıqlılığı təmin edilib, 2016-cı ildə qeyri-neft sənayesində məhsul istehsalı 5 faiz, kənd təsərrüfatı 2,6 faiz, informasiya və rabitə sahəsi 4,4 faiz artıb. Ötən il ölkə iqtisadiyyatına 11,7 milyard ABŞ dolları həcmində investisiya yatırılıb ki, bunun 3,7 milyard dolları daxili sərmayələrdir. Həmçinin, Prezident İlham Əliyevin sənayeləşmə siyasətinə uyğun olaraq, ötən il qeyri-neft sənayesində müasir müəssisələrin yaradılmasının dəstəklənməsi davam etdirilib, 410 sənaye müəssisəsi açılıb, bir sıra sənaye obyektlərinin tikintisinə başlanılıb, sənaye parklarının və zonalarının təşkili işləri davam etdirilib.

Tikinti və kimya sahəsi yeni istehsalat dövrünə keçir

Belə ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisində infrastruktur işlərinin birinci mərhələsi tamamlanıb. Hazırda Sənaye Parkında sənaye ixtisasları üzrə ixtisaslı kadrların hazırlanmasını təmin edən müasir tipli Peşə-Tədris Mərkəzinin tikintisi davam etdirilir və mərkəzin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili üçün 10 istiqamət üzrə peşə standartları, kurikulumlar və təlim materialları hazırlanaraq müvafiq dövlət qurumları ilə razılaşdırılıb. Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiyalarının həcmi 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilib. Bunlardan polad və polietilen boru, mexaniki və hidrotexniki avadanlıqlar istehsal edən "Azertexnolayn" zavodu 2013-cü ildə fəaliyyətə başlayıb və müəssisədə 750 nəfərdən çox işçi çalışır. Artıq müəssisədə istehsal olunan məhsulun yarıdan çoxu ixrac edilib. Bundan başqa, 2017-ci ildə 4 müəssisə - yüksək təzyiqə davamlı xortum və fitinqlər istehsal edən "MST Engineering Services", tikinti məhsulları və qatqıları istehsal edən, İsveçrənin beynəlxalq miqyaslı kimya şirkəti olan "SİKA" MMC, yüksək keyfiyyətli sintetik və yarısintetik sürtkü yağları istehsal edən "Alco Lubricant Company", pestisid və aqrokimyəvi məhsullar istehsal edən "Aqrokimya Azərbaycan", 2018-ci ildə isə daha 3 müəssisə - polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən "SOCAR Polymer", ferroərintilər istehsal edən "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti", Float texnologiyası əsasında şüşə lövhələr istehsal edəcək "AzerFloat" fəaliyyətə başlayacaq. Bu müəssisələrdə 800-ə yaxın yeni iş yerlərinin açılması nəzərdə tutulur. SKSP-yə yeni rezidentlərin cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Hazırda 2 müəssisənin Sənaye Parkına rezident qəbul olunmaq barədə müraciətinə baxılır.

Təkrar emal sektoru canlanır

Balaxanı Sənaye Parkında da infrastruktur işləri tamamlanmaq üzrədir. Sənaye Parkında fəaliyyət göstərən 5 rezident tərəfindən işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından PET qırıntılarının, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, təkrar emal olunmuş plastik materiallardan irihəcmli müxtəlif məhsulların istehsalı, taxta-ağac məmulatların emalı sahələrində 5 müəssisə yaradılacaq. Bu müəssisələrə rezidentlər tərəfindən 22,4 milyon manat investisiya yatırılacaq. 2017-ci ilin birinci yarımilliyində fəaliyyətə başlayacaq müəssisələrdə 400-ə yaxın yeni iş yeri açılacaq. Balaxanı Sənaye Parkına yeni rezidentlərin cəlb edilməsi məqsədilə maraq göstərən sahibkarlarla danışıqların aparılması və təşviqat işləri davam etdirilir.

Ötən ilin sentyabrında dövlət başçısı tərəfindən təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən, iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması ilə 150-200 milyon dollar investisiya qoyuluşu və 5500-dən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Parkda yerləşən zavodlar üçün xammal bazası yerli məhsullar hesabına təmin ediləcək, xammaldan son məhsuladək istehsal zənciri qurulacaq.

Gəmiqayırma sahəsində yenilik...

Qaradağ Sənaye Parkının rezidenti - Bakı Gəmiqayırma Zavodu ən müasir tələblərə cavab verən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri, ümumilikdə, dəniz və mühəndislik işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir. 2016-cı ildə zavodda hər biri 80 sərnişin tutumuna malik "Üfüq", "Zəfər" və "Turan" sərnişin gəmiləri istismara verilib. İndiyədək isə müəssisədə 50 tonluq dartıcı qüvvəyə malik yedək gəmisi tikilib. Həmçinin, zavod 6-cı nəsil yarımdalma qazma qurğusunun pantonlarının inşasını başa çatdırıb və sifarişçiyə təhvil verib. Zavodun ən böyük cari sifarişi isə BP şirkəti üçün ümumi dəyəri 378 milyon ABŞ dolları olan "Xankəndi" Sualtı Tikinti Gəmisinin layihələndirilməsi və tikintisidir. Bakı Gəmiqayırma Zavodu ötən il "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə dəyəri 82 milyon ABŞ dolları olan 2 bərə gəmisinin və 28 milyon ABŞ dolları dəyərində 2 neftdaşıyan tankerin tikintisinə və alqı-satqısına dair müqavilə imzalayıb.

Dərmanların istehsalı başlanacaq

Əczaçılıq sənayesində yerli istehsalın təşkil edilməsi məqsədilə yaradılmış Pirallahı Sənaye Parkında artıq 2 dərman istehsalı zavodunun təməli qoyulub. 2016-cı ilin noyabrında təməli qoyulan Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" əczaçılıq zavodunda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. İnvestisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardiovaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin, rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

Bu ilin yanvarında təməli qoyulmuş Azərbaycan-İran birgə müəssisəsi olan "Caspian Pharmed" Əczaçılıq zavoduna ilkin mərhələdə 20,6 milyon ABŞ dolları investisiya qoyulacaq və müəssisədə ağrıkəsici, ürək-damar xəstəlikləri, qeyri-steroid iltihab əleyhinə vasitə, antihistamin kateqoriyalı dərman vasitələri, həmçinin, vitaminlər və qida əlavələri istehsal ediləcək. İlkin olaraq zavodda 54 təsiredici maddə üzrə 84 çeşiddə dərman vasitəsi istehsal olunacaq. Zavodun illik istehsal gücü birinci mərhələdə 201 milyon ədəd həb və kapsul təşkil edəcək. Avropanın aparıcı şirkətlərinin mühəndis-layihələndirmə işlərindən, qabaqcıl texnologiya və avadanlıqlardan istifadə olunacaq. "Caspian Pharmed" zavodunun tikintisi 2018-ci ildə başa çatdırılacaq. Bu müəssisələrdə 300-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur. Növbəti mərhələdə istehsalın həcmi genişləndiriləcək.

Bu ilin martında Pirallahı Sənaye Parkının ərazisində daha bir zavodun təməli qoyulacaq. Bu müəssisələr Azərbaycanda əczaçılıq sənayesinin inkişafında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Bundan başqa, hazırda ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra aparıcı şirkətlərlə də danışıqlar aparılır.

"Azeurocar": Avtomobil istehsalında yerli məhsulları görəcəyik

Neftçala Sənaye Zonasında ümumi investisiya qoyuluşu 49 milyon manatdan çox olan və 600-dən çox yeni iş yerlərinin yaradılmasını təmin edəcək 15 layihənin icrası planlaşdırılır. Sənaye Zonasında 5 müəssisə - karton stəkan istehsal edən "Sun Rise Production", polietilen boru istehsal edən "Toğrul-2008", kənd təsərrüfatı təyinatlı qurğuların istehsalı müəssisəsi "Petroqeoaz", modul tipli məktəb binalarının istehsalı ilə məşğul olan "Providence Doytch Limited" və balıq yemi istehsal edən "Kəhf" şirkətləri 2017-ci ilin yanvar-mart aylarında artıq məhsul istehsalına başlayacaq, avtomobil istehsal edən "Azeurocar" isə 2017-ci ilin iyul ayında fəaliyyətə başlamağı planlaşdırır. Digər layihələrin icrası istiqamətində işlər görülür.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyun tarixli Sərəncamı ilə yaradılmış Masallı Sənaye Zonasının təşkili ilə bağlı işlər intensiv olaraq davam etdirilir. Sahibkarların Sənaye Zonasına marağı böyükdür. Belə ki, sahibkarlar tərəfindən artıq ümumi dəyəri 30 milyon manatdan çox olan 33 layihə təklifi təqdim olunub. Bu layihələr, əsasən, mebel istehsalı, avtomobil təmiri, alüminium və plastik qapı-pəncərə istehsalı, müxtəlif növ tikinti materiallarının istehsalı sahələrini əhatə edir. Hazırda Masallı Sənaye Zonasının layihələndirmə işləri başa çatmaq üzrədir.

Azərbaycanda alüminium sənayesinin inkişafı üçün kompleks tədbirlər hazırlanıb və Gəncədə bu sahə üzrə Sənaye Parkının yaradılması imkanları araşdırılır.

Bununla yanaşı, Ağstafada özəl təşəbbüs əsasında yaradılmış sənaye zonası fəaliyyətə başlayıb.

Dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, digər rayonlarda da sənaye zonalarının yaradılması istiqamətində iş aparılır. Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər davam etdirilir.

Xalçaçılığın inkişafı məqsədilə yeni layihələr reallaşdırılır

Ənənəvi sənaye sahələrindən olan xalçaçılığın inkişafı məqsədilə "Azərxalça" ASC tərəfindən 10 rayonda xalça istehsal sahələrinin tikintisinə başlanılıb və artıq Füzuli rayonunun Horadiz qəsəbəsində 1 xalça emalatxanası fəaliyyətə başlayıb, daha 9 rayonda isə tikinti işləri 2017-ci il ərzində başa çatdırılacaq. Bunun nəticəsində 1600 yeni iş yeri yaradılacaq. Bundan başqa, ASC tərəfindən bu il əyirici-boyaq müəssisəsinin tikintisinə başlanılacaq. Xalçaçılıq sahəsində əsas xammallardan olacaq yunun tədarükü, emalı və ixracı məqsədilə artıq araşdırmalara başlanılıb. Bu sahədə xarici təcrübə öyrəniləcək və tətbiq olunacaq. Dövlət başçısının müvafiq sərəncamları ilə ölkəmizdə barama, pambıq və tütün istehsalçılarına subsidiya verilməsi qərara alınıb. 2016-cı ildə pambıqçılıqla məşğul olan 260-dək fermerə 3,2 milyon manat, tütünçülük sahəsi üzrə isə 30-a yaxın fermerə 220 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 1000-dən çox yeni iş yeri yaradılıb.

Göründüyü kimi, 2017-ci il Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli il olacaq. Xüsusilə də, qeyri-neft sektorunda irimiqyaslı layihələrin reallaşdırılması gündəmdədir. Bu məqsədlə sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir. Çünki yeni sənaye obyektlərinin işə düşməsi nəticəsində minlərlə yeni iş yerləri açılacaq. Bu məqamda, qeyd edək ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2016-cı ildə 2477 sahibkara 190 milyon manata yaxın kredit verilib. Verilən vəsaitin 63,1 faizi qaytarılan vəsaitlər hesabına həyata keçirilib. Güzəştli kreditlərdən istifadə etməklə sahibkarların investisiya layihələrinin reallaşdırılması 8100-dən çox yeni iş yerinın açılmasına imkan yaradır. İndiyədək isə 32,7 minə yaxın sahibkarın ümumi investisiya dəyəri 4 milyard manat olan investisiya layihələrinin maliyyələşdirilməsinə 2 milyard manatadək güzəştli kredit verilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 milyon manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur. İndiyədək sahibkarlara investisiya dəyəri 1 milyard manatdan çox olan layihələr üzrə 91 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 262 təsdiqedici sənəd verilib. Səkkiz iqtisadi rayonu əhatə edən investisiya layihələrinin 1,1 faizi Bakı şəhərinin, 37,4 faizi Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 61,5 faizi isə digər şəhər və rayonların payına düşür. Bu layihələrin 38,5 faizi kənd təsərrüfatı, 61,5 faizi isə sənaye sahələrini əhatə edir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər