Ölkədə istehsal olunan yerli mənşəli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir
Dünyada müşahidə olunan qlobal böhranın təsirlərinin qarşısının alınması və neft gəlirlərindən asılılığı maksimum şəkildə aşağı salmaq üçün qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün Azərbaycanda sistemli tədbirlər həyata keçirilməkdədir. 2016-cı ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin müvafiq qərarları ilə qeyri-neft sahəsinin canlandırılması istiqamətində aparılan yeni islahatlar kompleksi artıq səmərəsini də verməkdədir. Ona yaxın sənaye parkı salınır, on minlərlə yeni iş yerləri açılır və yeni, keyfiyyətli və rəqabətə davamlı məhsulların istehsalı prosesi başlanır. Şübhəsiz ki, qeyri-neft sektoruna daxil olan müəssisələr bu ilin sonuna qədər artıq tam gücü ilə fəaliyyətə başlayacaq. Lakin indidən istehsal olunacaq məhsulların satılması üçün yeni bazarların axtarıb tapılması prioritet məsələ olaraq qalmaqdadır. Məhz bu məqsədlə Prezident İlham Əliyev ixracın genişləndirilməsi, kənd təsərrüfatı məhsullarının ixracının 2 dəfə artırılması vəzifə olaraq müəyyənləşdirib. Bu tapşırığın icrası məqsədilə artıq 54 məhsul üzrə təhlillər aparılıb və ixracının artırılması üçün tədbirlər görülür.
Bu məqamda qeyd edək ki, ixracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq tətbiq olunur. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində 270 min manata yaxın vəsait sahibkarlara geri ödənilib.
Prezident İlham Əliyevin "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq olunması haqqında" 2016-cı il tarixli 5 oktyabr Fərmanı ixracqabiliyyətli məhsul istehsalının genişlənməsinə, məhsulların keyfiyyətinin daha da yaxşılaşmasına, eləcə də, yerli və xarici bazarlarda rəqabətədavamlı məhsulların çeşidlərinin artırılmasına mühüm töhfə verir. Bu sənəddə əks olunan dəstək mexanizmləri ilkin istehsal prosesindən başlayaraq məhsulun ixracının reallaşdırılmasına qədər bütün fazaları əhatə edir. Fərmanın icrası istiqamətində artıq Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Ərazisi və Quancou şəhərinə, eləcə də, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə ixrac missiyaları təşkil edilib. Çinə təşkil edilmiş ixrac missiyası zamanı 500 min şüşə Azərbaycan şərabının Çinə ixracına dair müqavilə imzalanıb və artıq məhsul ixracına başlanılıb. Dubaya təşkil olunmuş ixrac missiyası zamanı əldə olunmuş razılığa əsasən, artıq 18 ton nar şirəsi və 200 tona yaxın alma ixrac edilib.
Bu ilin ilk ixrac missiyası isə artıq Almaniyaya yola düşüb. İqtisadiyyat Nazirliyi tərəfindən "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə təşkil olunan ixrac missiyasında müsabiqə əsasında seçilmiş meyvə-tərəvəz, təbii mineral suları, meyvə şirələri, şərab, bal və çay istehsalı sahəsində fəaliyyət göstərən şirkətlər iştirak edir. Səfər çərçivəsində missiya iştirakçıları Almaniyanın paytaxtı Berlin şəhərində təşkil olunan ərzaq sənayesi, kənd təsərrüfatı və bağçılıq üzrə "Beynəlxalq Yaşıl Həftə 2017" sərgisini ziyarət edəcək, yerli distribüterlərlə, potensial müştərilərlə ikitərəfli görüşlər keçirəcək, ixracın təşkili məsələlərini müzakirə edəcəklər.
Növbəti ixrac missiyaları isə fevralda Pakistan, Əfqanıstan və Qətərə təşkil ediləcək. 2017-ci ildə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZROMO) təşkilatçılığı ilə Azərbaycan şirkətləri Birləşmiş Ərəb Əmirliklərində, Almaniyada, Rusiyada və Çində keçiriləcək sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər.
Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə Belarusda ticarət evi yaradılır və işlər 2017-ci ilin birinci rübündə başa çatdırılacaq. Ukraynada da belə ticarət evi yaradılacaq. Rusiya və bir sıra digər ölkələrdə isə ticarət nümayəndələrinin fəaliyyəti nəzərdə tutulur.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyinin ixrac portalının (www export
.az) yaradılması ixrac imkanlarının aşkar edilməsi və yeni bazarlara çıxmaq üçün əlavə şəraitin yaradılması, xarici ticarət tərəfdaşları ilə münasibətlərin genişləndirilməsi, beynəlxalq standartlara cavab verən rəqabətədavamlı yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılması, ixrac potensialının gücləndirilməsi baxımdan sahibkarlara əlavə dəstək mexanizmidir.
AZPROMO tərəfindən Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği istiqamətində işlər 2016-cı ildə də davam etdirilib. Bundan başqa, İxracatçılar Klubunun və onun komitələrinin 10 iclası keçirilib, "GO EXPORT" layihəsi çərçivəsində 4 təlim proqramı reallaşdırılıb, Arıçılar, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz İxracatçıları və İstehsalçıları Assosiasiyaları yaradılıb, 100-dən çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib.
Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlər, o cümlədən, müvafiq dəstək tədbirləri ixrac fəaliyyəti ilə məşğul olan sahibkarların sayının, ixrac məhsullarının çeşidinin və həcminin artmasına, həmçinin, xarici bazarlarda Azərbaycan mənşəli məhsulların, o cümlədən, Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsulların mövcud və yeni ixrac bazarlarına çıxış imkanlarının genişlənməsinə öz töhfəsini verəcək. Türkiyədə keçiriləcək üçtərəfli Türkiyə-Azərbaycan-Gürcüstan biznes forumunda da ixracın genişləndirilməsi əsas müzakirə mövzularından olacaq.
"Səs" Analitik Qrupu