PDF Oxu

Araşdırma

  • 4 368

Satqınlıq sindromu Müsavat və Şahin Mirzəyev tandemində

image

Yaxud Ermənistandan sığınacaq istəmiş Şahin Mirzəyevin bu hərəkəti etnik kimliyi ilə deyil, məhz siyasi mənsubiyyətilə bağlıdır

Xəbər verildiyi kimi, Şahin Mirzəyev adlı satqın Azərbaycan xalqının qanına əli batmış, torpaqlarımızı işğal etmiş düşmən ölkənin - Ermənistanın siyasi rəhbərliyindən sığınacaq istəyib. Əlbəttə ki, ilk baxışda bu cür addımı hər kəs pislədi. Xüsusilə də, ailəsi bu satqından üz döndərdi. Etnik kimliyi əsas gətirməklə, Ermənistandan siyasi sığınacaq istəyən Şahin Mirzəyevin hərəkəti yalnız siyasi xarakterlidir və xəyanətdir. Əlbəttə ki, belə bir hadisəni təhlil etmək də o qədər çətin deyil. Çünki Şahin Mirzəyevin atdığı addımlardan sonra qoyduğu izlər məsələnin əsl mahiyyətini ortaya qoyur.

Şahin Mirzəyevin "Tolişi Sədo" və Talış Mədəniyyət Mərkəzi ilə əlaqəsi olmayıb

Şahin Mirzəyev əslən Lerik rayonun Kəlvəz kəndindəndir. Bu, o kənddir ki, burada, ümumiyyətlə, talışlar yaşamayıb. Şahin Mirzəyev, sadəcə, Azərbaycan dövlətçiliyinə sadiqliyilə seçilən talışların adından sui-istifadə edərək, siyasi məqsədlərinə nail olmağı planlaşdırırdı. Çünki əvvəllər Müsavat partiyasının üzvü olan Şahin Mirzəyev partiyadan ayrılmasının səbəbini, guya etnik ayrı-seçkiliklə üzləşməsi kimi izah edib. Daha sonralar Talış Mədəniyyət Mərkəzinə qoşulan Şahin Mirzəyev özünü separatçı adlandırmaqdan belə çəkinməyib.

Onun Talış Mədəniyyət Mərkəzində fəaliyyəti də əsaslı şübhələrə səbəb olub. Zaman-zaman onun fəallığının arxasında qara niyyətinin durması ilə bağlı sosial şəbəkələrdə məlumatlar da paylaşılıb. Hətta Şahin Mirzəyev Azərbaycan vətəndaşlığından çıxarılan Ələkrəm Hümbətovun yaxın adamı kimi tanınır. Onun "Tolişi Sədo" qəzetinin əməkdaşı olduğu bildirilsə də, adıçəkilən mətbu orqanın baş redaktoru Hilal Məmmədov bu faktı təsdiqləmir və bildirir ki, ümumiyyətlə, belə bir adamı tanımır.

Şahin Mirzəyev siyasi sifariş yerinə yetirib...

Ortaya qoyulan faktların təhlili, onu göstərir ki, Şahin Mirzəyev siyasi sifarişi yerinə yetirib. Çünki hər kəs bilir ki, bir neçə gün öncə Azərbaycan Prezidentinin iradəsi nəticəsində Dağlıq Qarabağla bağlı əsassız təbliğat aparan A.Lapşin ölkəmizə gətirildi. Bununla da, Azərbaycan bütün anti-Azərbaycan qüvvələrinə, xüsusilə də, erməni lobbisinə təsiri uzun müddət keçməyəcək sillə vurdu. Əlbəttə ki, Azərbaycanın böyük diplomatik-siyasi uğuru olan bu hadisə erməni lobbisinin də məğlubiyyətinin növbəti mərhələsi oldu. Bu səbəbdən də, erməni lobbisi bütün vasitələrdən istifadə edərək, cavab zərbəsi endirməyə fürsət axtarırdı. Elə bütün bunların fonunda, demək olar ki, Şahin Mirzəyev ermənilərin siyasi sifarişini yerinə yetirib. Lakin o da bəllidir ki, satqın birisinin düşmən tərəfə keçməyinin hər hansı bir təsiri olmayacaq. Bundan, sadəcə, Sarkisyan qarşıdan gələn seçkilərdə alət kimi istifadə edəcək...

Eks-müsavatçı olmur, yaxud Şahin Mirzəyev İsa Qəmbərin gizli "agentidir"

İndi üzərində düşündüyümüz sual isə, bundan ibarətdir ki, Şahin Mirzəyev hansı kanallarla Ermənistana keçdi və onlardan siyasi sığınacaq istədi. Bu məqamın təhlilində, əlbəttə ki, Şahin Mirzəyevin siyasi mənsubiyyəti masaya qoyulmalıdır. Çünki hər kəs bilir ki, satqın Müsavat partiyasının yuxarı lojasında yer alıb və hər zaman birbaşa İ.Qəmbərdən göstəriş alıb. Əslində, İ.Qəmbərlə Şahin Mirzəyevin bu günlərdə reallaşan planı 2015-ci ildə parlament seçkilərində baş tutmalı idi. O zaman Azərbaycanda siyasi sabitliyi pozmaq üçün Şahin Mirzəyev namizəd olaraq qeydiyyatdan keçməli və sonra "toz-duman" qaldırılmalı idi. Lakin sonradan Müsavat partiyası daxilində intriqaların baş qaldırması, eləcə də, Şahin Mirzəyevin Nizami rayonunda deputatlığa namizədliyi üçün imza toplayarkən, fikirlərinə görə insanlar tərəfindən qovulmuş və ən nəhayət, imza vərəqələrini suya ataraq, guya "kağızlar korlandı" bəhanəsilə seçki marafonundan qaçmışdı. Görünür, Azərbaycan tərəfindən erməni lobbisinə vurulan ağır sillədən sonra İ.Qəmbərə və Şahin Mirzəyevə hərəkətə keçmək əmri indi verildi. Ona görə də, Şahin Mirzəyev Erməni Milli Konqresilə sıx əlaqələri olan İ.Qəmbər vasitəsilə Ermənistana keçdi. Bu fakt da, onu isbatlayır ki, "eks-müsavatçı" Şahin Mirzəyev İ.Qəmbərin gizli "agentidir".

Bir sözlə, təəccüblənmədiyimiz hal baş verdi və bir daha Müsavat partiyasının xəyanətkar və satqın hazırlaması siyasəti ifşa edildi. Cəmiyyətimiz bundan sonra da Şahin Mirzəyev kimiləri bağışlamayacaq, satqın hazırlayan İ.Qəmbəri, Müsavat partiyasını lənətləyəcək.

"Səs" Analitik Qrupu

Digər xəbərlər