Prezident İlham Əliyev: "İqtisadi Əməkdaşlıq Təşkilatı xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üzrə siyasi iradəmizin məhsuludur"
Məlum olduğu kimi, martın 1-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammiti keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə iştirak edib. Dövlətimizin başçısı İlham Əliyev sammitdə çıxışı zamanı deyib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının 2012-ci ildə Bakıda keçirilmiş sonuncu Zirvə görüşündə ölkəmiz sədrliyi öz üzərinə götürüb: "Bu, bizim İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığa olan qəti sadiqliyimizin göstəricisidir. İqtisadi Əməkdaşlıq Təşkilatı xalqlarımızın mənafeyi naminə əməkdaşlıq üzrə siyasi iradəmizin məhsuludur. İqtisadi Əməkdaşlıq Təşkilatının uğurlu fəaliyyəti birgə maraqlarımıza cavab verir. Ölkələrimizin xalqlarını birgə tarix, mədəniyyət, ənənələr və din birləşdirir".
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı, beynəlxalq təşkilat kimi 1985-ci ildə Türkiyə, İran və Pakistan arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı möhkəmləndirmək üçün yaradılıb, 1992-ci ildə daha 7 dövlət təşkilatın üzvü olub. Bu gün Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistan təşkilatın üzvləridir.
Təşkilatın əsas məqsədləri davamlı iqtisadi artıma nail olunması, üzv dövlətlərin davamlı iqtisadi inkişafının təmin edilməsi, ticarətin liberallaşdırılması və region daxili ticarətin təşviqi, üzv dövlətlərin iqtisadiyyatının dünya iqtisadiyyatına tədricən inteqrasiyası, nəqliyyat və kommunikasiya sisteminin inkişaf etdirilməsi, iqtisadiyyatın liberallaşdırılması, İƏT regionunun maddi sərvətlərinin səmərəli istifadəsindən ibarətdir. Bu mənada, Azərbaycan İƏT daxilində iqtisadiyyatın liberallaşdırılması proseslərində fəal iştirak edir. Belə ki, üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və regiondaxili ticarətin artırılması məqsədilə Azərbaycan 10 müxtəlif saziş, o cümlədən, "İƏT üzv dövlətləri arasında Ticarət Əməkdaşlığına dair Çərçivə Saziş", "İƏT regionunda Tranzit Nəqliyyatı haqqında Saziş", "İƏT regionunda investisiyaların təşviqi və qorunması haqqında Saziş" imzalanıb.
2013-cü ilin 26 noyabr tarixində İran İslam Respublikasının Tehran şəhərində Nazirlər Şurasının 21-ci iclası keçirilmişdir. İclasda İƏT-in Bakıda Tədqiqat Mərkəzinin yaradılması haqqında yekun qərar qəbul edilib və mərkəzin Əsasnaməsi təsdiq olunub. Tədqiqat Mərkəzinin fəaliyyətə başlaması ilə bağlı dövlətdaxili prosedurlar həyata keçirilib.
2014-cü ilin 22-23 may tarixlərində Qazaxıstanın Astana şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının maliyyə və iqtisadiyyat nazirlərinin 4-cü iclası keçirilib. Həmçinin, 2014-cü ilin oktyabrın 1-də İƏT üzv ölkələrin İqtisadi Beyin Mərkəzlərinin 2-ci Bakı Forumu və "Enerji, Regional İnteqrasiya və Sosial-İqtisadi İnkişaf" mövzusunda 2-ci Beynəlxalq Konfrans baş tutub.
Bununla yanaşı, İƏT-in Ticarət və İnkişaf Bankı 2008-ci ildə fəaliyyətə başlayıb və onun əsas məqsədi İƏT ölkələrinin daxili regional ticarətini genişləndirmək və iqtisadi inkişafını sürətləndirmək üçün maliyyə vəsaitlərinin təşkil və təmin olunmasıdır. Bankın əsas prioritetləri infrastruktur, istehsal, daşımalar, telekommunikasiya və energetika sahələrində layihələrdir. 2012-ci il 28 sentyabr tarixində Bankın Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən imzalanıb, 15 fevral 2013-cü il tarixində Milli Məclis tərəfindən ratifikasiya olunub.
Pakistanda keçirilmiş sammitdə Prezident İlham Əliyev bir daha diqqətə çatdırıb ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətə böyük əhəmiyyət verir: "Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatını əhəmiyyətli beynəlxalq qurum hesab edir. Əminəm ki, gələcəkdə beynəlxalq iqtisadi əməkdaşlıqda İqtisadi Əməkdaşlıq Təşkilatının rolu artacaq. 2013-cü ildə biz Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolu layihəsi üzrə İqtisadi Əməkdaşlıq Təşkilatının birinci yüksək səviyyəli işçi qrupunun iclasını təşkil etmişik. Bu, "Şimal-Cənub Dəhlizi" layihəsinə olan yüksək səviyyəli marağın və siyasi dəstəyin göstəricisidir. Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının digər dövlətlərinə əlavə əməkdaşlıq imkanları yaradan bu layihənin öz üzərinə düşən hissəsini artıq başa çatdırıb. Həmin strateji istiqamətdə əməkdaşlığımızın davam etdirilməsi məqsədilə biz bu il İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin dəmir yolu üzrə məsul nazirlərinin toplantısını təşkil edəcəyik".
Göründüyü kimi, bu gün İƏT ölkələri arasında sıx siyasi və iqtisadi münasibətlər formalaşıb. Elə bunun nəticəsidir ki, İƏT-in uğurlu fəaliyyəti üzv dövlətlərin birgə maraqlarına cavab verir.
"Səs" Analitik Qrupu