PDF Oxu

Araşdırma

  • 7 368

Bu il Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi tamam olur

image

MOK təsis olunduğu vaxtdan etibarən ölkədə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər edib və olimpiya ideallarının bərqərar olunması naminə məqsədyönlü fəaliyyət göstərib

Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illik yubileyi haqqında Sərəncam imzalayıb

Bəlli olduğu kimi, 2017-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 25 illiyi tamam olur. Sirr deyil ki, Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan etibarən ölkədə idmanın ahəngdar inkişafı üçün var qüvvəsini səfərbər edib və olimpiya ideallarının bərqərar olunması naminə məqsədyönlü fəaliyyət göstərib. Ötən müddət ərzində Azərbaycanın öz potensialını ildən-ilə daha geniş miqyasda nümayiş etdirərək, idman şöhrətinin yüksəldilməsində və respublikada idmanın maddi-texniki bazasının müasir standartlara uyğun qurulmasına yönəlmiş təşəbbüslərin uğurla gerçəkləşdirilməsində, həmçinin, Bakıda Olimpiya Stadionunun, Gimnastika Arenasının, Su İdman Mərkəzinin, bir sıra ixtisaslaşdırılmış idman qurğularının və respublika üzrə 40-dan çox Olimpiya-İdman Kompleksinin tikilib istifadəyə verilməsində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri var.

Mötəbər beynəlxalq yarışların təşkilində böyük təcrübəyə malik Milli Olimpiya Komitəsi Azərbaycanın idman salnaməsini yeni nailiyyətlərlə zənginləşdirməkdədir. 2015 ci ildə Bakıda I Avropa Oyunlarının müvəffəqiyyətlə baş tutması və 2016-cı ildə Rio de- Janeyro Yay Olimpiya Oyunlarında idmançılarımızın 18 medala layiq görülməsi ilə dövlət müstəqilliyimizin bərpasından sonra qazanılmış medalların ümumi sayının 47-yə çatdırılması təqdirəlayiq haldır. Bütün bunlar, artıq dünyanın idman mərkəzlərindən biri kimi tanınan ölkəmizdə Milli Olimpiya Komitəsinin himayəsi ilə cari ildə IV İslam Həmrəyliyi Oyunlarının da lazımi səviyyədə mütəşəkkil keçiriləcəyinə tam əminlik yaradır.

Məhz bütün söylənilənləri, həmçinin, Milli Olimpiya Komitəsinin 25 illiyinin ictimai həyatda əhəmiyyətini nəzərə alaraq və ölkədə Olimpiya Hərəkatının daha da genişləndirilməsini təmin etmək məqsədi ilə Prezident İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalanıb. Sərəncama əsasən, Nazirlər Kabineti Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsi ilə birlikdə Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirəcək.

Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi 1990-cı illərin əvvəllərində yaradılıb. Lakin 1992-ci ildə Azərbaycan Barselonada keçirilmiş XXV Yay Olimpiya Oyunlarında da müstəqil dövlət kimi təmsil oluna bilmədi. Çünki komitə yaranıb Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınadək lisenziya yarışları artıq başa çatmışdı. Bu dəfə ölkənin beş idmançısı Müstəqil Dövlətlər Birliyinin birləşmiş komandası tərkibində Olimpiya Oyunlarında iştirak etməli oldular. Bununla belə, Barselona Oyunları Olimpiya tariximizin yeni bir səhifəsi oldu. Bu oyunlarda Azərbaycan bayrağı qaldırıldı, Azərbaycan himni səsləndi. Barselona Oyunlarından sonra Olimpiya Komitəsi öz fəaliyyətini genişləndirməli, beynəlxalq Olimpiya Hərəkatına fəal qoşulmalı idi. Məlumdur ki, Olimpiya Hərəkatı yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşmır. Ölkədə Olimpiya Hərəkatı ilə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi tələb olunurdu.

Ümumiyyətlə, 1992-1997-ci illər arasında Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətində qeyd olunmalı işlər Avropa Yeniyetmələrinin Olimpiya Günlərində iştirakını təmin etmək, Bakıda Beynəlxalq Qaçış Günlərinin keçirilməsini əhatə edirdi. Bu dövr üçün qeyd olunmalı ən mühüm hadisə isə 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Bu tarixi hadisənin reallaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin böyük əməyi oldu. Atlanta Oyunlarına hazırlıq haqqında Sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu və bir gümüş medal qazanıldı.

Qeyd etmək lazımdır ki, Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin birinci beşilliyində görülmüş işlər qənaətbəxş sayıla bilməzdi. Bu səbəbdən də, əsaslı dönüş yaratmaq tələb olunurdu. Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi komitənin yeni İdarə Heyətini müəyyənləşdirdi. Cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi.

Məhz həmin ildən başlayaraq, Azərbaycan idmanının tarixində şanlı səhifələr yazıldı. Azərbaycan Olimpiya ölkəsinə çevrildi və ötən dövrə nəzər salanda, Azərbaycanda İdman və Olimpiya Hərəkatının inkişafında böyük canlanma müşahidə olunduğu aydın sezilir.

Azərbaycanda Olimpiya Komitəsi 1992-ci ildən fəaliyyət göstərməsinə baxmayaraq, 1997-ci ildən Milli Olimpiya Komitəsinə İlham Əliyev Sədr seçiləndən sonra Azərbaycanda Olimpiya Hərəkatı başlayır. O, 1997-ci ildən Milli Olimpiya Komitəsinə uğurla başçılıq edir. Bu illər ərzində Milli Olimpiya Komitəsinin təşkilati və quruculuq işləri bir an belə səngiməyib. Artıq müxtəlif bölgələrində 50-yə yaxın yeni və müasir idman komplekslərinin tikintisi başa çatdırılıb və idmançıların istifadəsinə verilib.

Ötən illər ərzində Azərbaycanda idmanın inkişafı üçün gözəl şərait yaradılıb. Azərbaycan beynəlxalq idman aləmində, artıq öz layiqli yerini tutub. Azərbaycan idman ölkəsinə çevrilib. Artıq faktdır ki, hazırda Azərbaycan dünyanın idman mərkəzlərindən birinə çevrilib. Həqiqətən, Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta Olimpiya Oyunlarında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi, Londonda 10, Rio-de-Janeyroda isə bayrağımızı yüksəldərək, himnimizi səsləndirərək, 18 medal qazanan ölkəmizin təmsilçiləri rekorda imza atıblar. Həmçinin, I Avropa Oyunlarında 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanılması Azərbaycanda yeni güclü gənc idmançılar nəslinin formalaşmasının təzahürüdür. Bir sözlə, bu gün ölkəmizdə 70-ə yaxın idman növü inkişaf edir. Hal-hazırda Azərbaycanda yarım milyondan çox şəxs idman və bədən tərbiyəsi ilə məşğul olur. Son 15 ildə beynəlxalq rəsmi yarışlardan ölkəmizə 1000-dən çox medal gətirilib. Bütün bunlar isə, bir daha isbatlayır ki, ölkəmizdə Olimpiya Hərəkatının inkişafı, birmənalı olaraq, Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Hər kəsə bəllidir ki, idmançılara qayğı və diqqətin artırılması işi dövlət səviyyəsində davam etdirilir. Şübhə yoxdur ki, bütün sahələrdə olduğu kimi, İdman və Olimpiya Hərəkatı sahəsində də Prezident İlham Əliyevin iradəsi və diqqəti respublikamıza yeni-yeni uğurlar gətirəcək. Düşünürük ki, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında da idmançılarımız xalqımızı öz qələbələrilə sevindirəcəklər.

"Səs" Analitik Qrupu

Digər xəbərlər