Mehriban xanım Əliyeva: "Bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir"
Doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın üzləşdiyi ağır problemlərin həlli, artıq 20 ildən çoxdur ki, Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin imzaladığı ilk sərəncamlarından biri, məhz 2004-cü ildə qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı ilə bağlı olub. 2007-ci və 2011-ci illərdə həmin proqrama əlavələr təsdiqlənib. Dövlət Proqramına uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilir.
Qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində, Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib. Ümummilli Lider Heydər Əliyevin apardığı siyasət nəticəsində, münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 Fərman və Sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.
Eyni zamanda, Dövlət Neft Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən, 3,2 milyon kvadratmetr sahəsi olan 95 yaşayış kompleksi tikilib, 50 min ailə və ya 250 min nəfərdən çox qaçqın və məcburi köçkün yeni mənzillərlə təmin olunub.
Yeni yaşayış məntəqələrində bütün texniki infrastrukturla yanaşı, 150 məktəb, 58 mədəniyyət mərkəzi, 59 uşaq bağçası, 58 tibb məntəqəsi, 2 Olimpiya idman kompleksi və min kilometrlərlə yol, su, qaz, elektrik xətləri çəkilib. Bakı şəhərində və Abşeron rayonu ərazisində 3 qəsəbə, 9 məhəllə salınıb, 6500 ailə, 29 min nəfər yeni mənzillərə köçürülüb. Heydər Əliyev Fondunun, bilavasitə təşəbbüsü və dəstəyi ilə Xırdalan şəhərində 600 məcburi köçkün üçün yeni yaşayış binası inşa edilib. Ölkəmizdə olan 12 çadır düşərgəsinin və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət qəsəbələrin ləğvi 2007-ci ildə, 16 fin tipli qəsəbənin ləğvi 2016-cı ildə başa çatdırılıb və məcburi köçkün ailələrinin yeni salınmış qəsəbələrə köçürülməsi təmin edilib. Son 13 ildə məcburi köçkünlərə aylıq yemək xərci üçün verilən müavinətin məbləği 4 dəfə, kommunal xidmətlərə görə vəsaitin miqdarı 4,5 dəfə artırılıb. Məcburi köçkünlərin məşğulluğunun artırılması məqsədi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2 min nəfər məcburi köçkün sahibkara 40 milyon manat güzəştli kredit verilib, 3600 yeni iş yeri yaradılıb. 2016-cı ildə hər bir məcburi köçkünə 750 manat vəsait sərf olunub ki, bu da münaqişə ilə üzləşən digər ölkələrlə müqayisədə xeyli çoxdur. Ümumilikdə, qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə 6,2 milyard manatdan çox vəsait sərf olunub. Ondan 2,8 milyard manatı dövlət büdcəsinin, 2 milyard manatı Dövlət Neft Fondunun, 1,4 milyard manatı isə beynəlxalq maliyyə qurumları və ölkəmizdə fəaliyyət göstərən beynəlxalq humanitar təşkilatların vəsaitidir.
Əlbəttə ki, bu sahədə görülmüş işlərlə yanaşı, bir sıra problemlər hələ də həllini gözləməkdədir. Belə ki, hazırda respublika üzrə 80 min ailə və ya 340 min məcburi köçkünün mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac var. Respublika üzrə 636 min məcburi köçkündən 217 min nəfəri, yaxud bütün məcburi köçkünlərin 35 faizi Bakı şəhərində müvəqqəti məskunlaşıb. Paytaxtımızda kompakt məskunlaşma obyektlərində 41 min ailə, o cümlədən, 14 min ailə yataqxanalarda, 5 min ailə ictimai binalarda, 4 min ailə sanatoriya, pansionat, turbazalarda, daha 4 min ailə tikintisi yarımçıq binalarda, 2 min ailə təhsil müəssisələri və uşaq bağçalarında yaşayır. Bura texniki-peşə məktəbləri də daxildir. Həmçinin, istismar müddətini başa vurduğundan tam yararsız, qəzalı vəziyyətə düşmüş 117 obyektdə 8 min ailə və ya 35 min nəfər məcburi köçkün yaşayır. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinə və tərtib olunmuş arayışlarda həmin obyektlərdən 44-ündə təxirəsalınmaz tədbirlərin görülməsinin və orada yaşayan 4 min ailənin, 16 min məcburi köçkünün köçürülməsinin zəruriliyi bildirilib. Respublika üzrə 4000 ailə və ya 18 min məcburi köçkün uzun illər yerli sakinlərə məxsus mənzillərdə yaşayır.
Qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün bu il Tərtər rayonunda 1170 ailəlik qəsəbə tikilir. Bakı şəhəri və ətraf ərazilərdə mövcud qəsəbələrdəki boş torpaq sahələrində 260 ailəlik 4 yaşayış binasının tikintisi üçün maliyyə məsələləri həll olunub, inşaat işlərinə başlanılıb və oraya 2 qəzalı binada yaşayan məcburi köçkünlərin köçürülməsi təmin olunacaq. Bakı şəhərində və ətraf qəsəbələrdə - Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi yaxınlığında 800, Pirallahı rayonu ərazisində 330, habelə, Sumqayıt şəhərində 2900 məcburi köçkün ailəsindən birinci mərhələdə 1000 ailə üçün yeni yaşayış komplekslərinin tikintisi məqsədilə müvafiq torpaq sahələri ayrılıb və layihələndirmə işləri həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi nəzərdə tutulur. Böyük Qayıdışın başlanğıcı hesab edilən Cocuq Mərcanlı kəndinin ərazisinin minalardan təmizlənməsi işləri başa çatdırılıb. Kəndin bərpası ilə bağlı layihələndirmə işləri yekunlaşıb, yaşayış evlərinin, orta məktəb binasının tikintisinə başlanılıb. Eyni zamanda, Cocuq Mərcanlı kəndinə gedən, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi həyata keçirilir.
Göründüyü kimi, bu gün də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilməkdədir. Təsadüfi də deyildir ki, Birinci vitse-prezident xanım Mehriban Əliyeva da ilk müşavirəsini sözügedən məsələyə həsr edib. Bu da, onu isbatlayır ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli Birinci vitse-prezidentin fəaliyyətinin prioritetidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirədə deyib ki, bu gün bizim qarşımızda duran əsas məqsəd dörd min köçkün ailəsini yeni mənzillə təmin etməkdir. Söhbət Bakı və Sumqayıt şəhərlərində məskunlaşan köçkün ailələrindən gedir. Dediyim kimi, biz işlərimizi iki istiqamətdə qurmalıyıq. Yeni mənzillər, yeni binalar tikilməlidir və inşa olunan yeni binalar keyfiyyət standartlarına tam cavab verməlidir: "Biz hamımız əminik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz ədalətli həllini tapacaq. Ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq, bütün məcburi köçkünlər və qaçqınlar öz doğma yurdlarına qayıdacaqlar. Bu gün onları yerləşdirmək üçün tikilən binalar, salınan qəsəbələr, alınan mənzillər onların müvəqqəti ünvanıdır. Reallıqlar bundan ibarətdir. Bu gün bizim məqsədimiz bu insanları normal yaşayış yeri və işlə təmin etməkdir".
"Səs" Analitik Qrupu