Prezident İlham Əliyev: "Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və sabitliyin əsas amili də məhz budur"
Milli dövlət müəyyən coğrafiyada ənənəvi birgəyaşayış formasını tərcih edən etnosların ümumi formalaşdırdıqları siyasi idarəçilikdir. Milli dövlətin nəzəri və siyasi əsaslarını millilik təşkil edir. Xalqın sosial-iqtisadi birliyini qoruyub-saxlamaq və inkişaf etdirmək üçün milli dövlət yaradılır. Məhz buna görədir ki, milli dövlətin qurulması ümummilli hərəkat hesab edilir. Milli dövlətlər xalqların sosial-iqtisadi və mədəni inkişafına lazım olan mühüm faktorları təmin edir, ayrı-ayrı millətlərin dillərinin, adət-ənənələrinin qorunmasına şərait yaradır. Milli dövlətlərin yaranması, eyni zamanda, siyasi hakimiyyətin legitimliyi məsələsinə də aydınlıq gətirmiş olur. Çünki qeyri-legitim hakimiyyət qanuni və demokratik hesab edilmir.
Milli dövlətlər xalqların bütün istiqamətlər üzrə sərbəst inkişafına şərait yaradır, tolerantlıq və multikultural dəyərləri əsas götürməklə, ayrı-ayrı millətlərin nümayəndələrinin sərvətlərinin qorunmasına imkan verir. Buna misal olaraq, Azərbaycan dövlətini göstərə bilərik. Yəni Azərbaycanda xalq tərəfindən seçilmiş Prezident, Onun formalaşdırdığı hökumət fəaliyyət göstərir. Məhz hakimiyyətin legitim xarakter daşıması ölkənin hərtərəfli inkişafı da günün reallığıdır. Digər tərəfdən, tolerantlıq və multikultural dəyərlərə hörmət nəticəsində, respublika ərazisindəki 70-dək etnos müstəqil şəkildə inkişaf edir, milli dövlətin vətəndaşları kimi, ictimai-siyasi və sosial-iqtisadi proseslərdə yaxından iştirak edir. Lakin bir faktı da qəbul etmək lazımdır ki, Azərbaycan kimi milli dövlətlərin sayı dünya miqyasında çox azdır. Dünyanın inkişaf etmiş ölkələrinin böyük qisminin Avropa qitəsində yerləşməsinə baxmayaraq, onların millilik xüsusiyyəti ümumbəşərililiklə əvəzlənməkdədir. Həm siyasi, həm iqtisadi, həm də idarəçilik sahəsində mühüm rıçaqları üst qurumlara - Avropa Birliyi komissiyalarına veriblər. Bu mənada, çox mühüm qərarların verilməsində müstəqilliklərini itiriblər.
Deyilənləri nəzərə alaraq, qeyd etmək olar ki, bu gün dünyada inkişafına görə digər ölkələrə nümunə olan Azərbaycan dövləti müstəqil siyasətilə, milli-mənəvi dəyərlərinə bağlılığı ilə də diqqəti cəlb edir. Aydın məsələdir ki, müasir dövrdə iqtisadiyyatın və sosial sahənin inkişafı ilə əlaqədar müxtəlif transformasiya modellərini tətbiq etmək mümkün olur. Lakin milli dövlətin möhkəm təməl üzərində inkişafı, daxili siyasi-ictimai sabitliyin, xalq-hakimiyyət birliyinin təmin edilməsi xaricdən idxal edilmiş model üzərində qurulması mümkün olmur. Çünki milli-mənəvi dəyərlərə bağlılıq xalqın tarixi və milli kökü ilə əlaqəli bir məsələdir. Məhz bu səbəblərə görədir ki, dünyanın əksər dövlətlərində siyasi və ictimai böhran hökm sürdüyü bir zamanda, Azərbaycanda xalq-iqtidar birliyi daha da möhkəmlənir. Elə bu səbəbdəndir ki, Prezident İlham Əliyev Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zamanı deyib ki, Azərbaycan dövləti möhkəm milli-mənəvi dayaqlar üzərində qurulubdur. Biz öz mədəniyyətimizi, incəsənətimizi, ana dilimizi, bayramlarımızı qoruyuruq, yaşadırıq. İyirmi beş illik müstəqillik dövrü onu göstərir ki, ancaq milli köklər üzərində qurulmuş dövlətlər uğur qazana bilər və o dövlətlərin gələcəyi var. Azərbaycan dəyərləri, milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Şadam ki, gənc nəsil də bu ruhda, vətənpərvərlik ruhunda, milli ruhda tərbiyə alır və bu gün Vətəni sevən hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Vətəni ilə fəxr edir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda əldə edilmiş uğurlar ölkəmizi gücləndirir, gələcəyə nikbinliklə baxmaq üçün əsas verir, eyni zamanda, dünya miqyasında qiymətləndirilir. Daxili vəziyyətimiz sabitdir. Bu sabitliyin qarantı, təminatçısı Azərbaycan xalqıdır, xalq-iqtidar birliyidir. Bizim siyasətimiz xalq tərəfindən dəstəklənir və sabitliyin əsas amili də, məhz budur. Hər şey müqayisədə ölçülür: "Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbəttə ki, bizi çox narahat edir. Çünki biz təcridolunmuş vəziyyətdə yaşamırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Ona görə bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq, vətəndaş birliyi, həmrəyliyi, əlbəttə ki, bizim böyük sərvətimizdir və biz bunu qoruyuruq. Yenə də qeyd etmək istəyirəm, bunu ancaq xalq-iqtidar birliyi qoruya bilər. Azərbaycanda təhlükəsizlik təmin edilib, xalqımız rahat şəraitdə, təhlükəsizlik şəraitində yaşayır. Qurub-yaratmaq üçün bütün imkanlar var. İndiki dövrdə həm bölgəmizdə, həm Avrasiya qitəsində vəziyyət, əfsuslar olsun ki, gərginləşib. Biz, əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr, demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq".
Milli həmrəyliyin mövcud olmasının səbəbləri aydındır. Azərbaycan xalqı ötən 25 il ərzində açıq-aydın görür ki, Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən siyasət ən düzgün siyasətdir. Prezident İlham Əliyevin sözlərilə desək, biz öz taleyimizin sahibiyik. Biz siyasətimizi özümüz müəyyən edirik. Biz hər hansı bir kənar təsirə davam gətirə bilirik və yaxın tarix bunu göstəribdir. Eyni zamanda, yaxın tarix onu da göstərib ki, biz əgər hansısa kənar qüvvənin istəyi, diktəsi ilə hərəkət etsəydik, böyük problemlərlə üzləşə bilərdik.
"Səs" Analitik Qrupu