PDF Oxu

Araşdırma

  • 2 841

Bu gün Azərbaycanın valyuta ehtiyatları xarici borcundan beş dəfədən çoxdur

image

Prezident İlham Əliyev: "Dünya miqyasında iqtisadi rəqabətliliyə görə, ən inkişaf etmiş 40 ölkə sırasında olmağımız uğurlu iqtisadi siyasətimizi əks etdirir"

Qlobal böhranın hələ də davam etməsinə baxmayaraq, dünyanın ən nüfuzlu və mötəbər reytinq institutları və beynəlxalq reytinq agentlikləri dünya ölkələrinin iqtisadi vəziyyətinə dair yeni yanaşmaların yekunu olaraq, reytinq əmsallarında makroiqtisadi inkişaf göstəriciləri, maliyyə-bank sektorundakı sabitlik vəziyyəti, ölkələrin daxili və xarici borc öhdəliklərinin durumu, həyata keçirilən pul-kredit siyasəti və digər komponentləri təhlil edirlər. Məhz reytinq agentlikləri Azərbaycanla bağlı qiymətləndirmələrin nəticəsi olaraq, bu qənaətə gəlirlər ki, respublikamızda həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət nəticəsində, stabil inkişaf tempi qorunub-saxlanılıb. Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verib.

Respublikamız inkişaf dinamikasına görə Avropa miqyasında əsas aparıcı dövlətlərdən biri sayılır. Azərbaycanda son illərdə əhəmiyyətli dərəcədə pozitiv indikatorlar və də dayanıqlılıq müşahidə olunub. İqtisadiyyata kredit yönəldilməsi və pul kütləsi artıb, insanların maddi rifah halı yaxşılaşıb. Bütün bu indikatorları nəzərə alan beynəlxalq reytinq agentlikləri Azərbaycanın kredit reytinqini yüksəldirlər. Elə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində, son illər ərzində respublikamıza verilən reytinq əmsalları ən yüksək hesab oluna bilər.

Eyni zamanda, 2016-cı ildə sistemli şəkildə həyata keçirilən reformalar da öz nəticəsini verib və ölkəmizin iqtisadi vəziyyəti yaxşılaşır. Artıq bu ilin 2 ayı ərzində ümumi daxili məhsul 0,4 faiz, qeyri-neft sənayemiz 5 faiz, kənd təsərrüfatı isə 3 faizdən çox artıb. Elə Prezident İlham Əliyev Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyində çıxışı zamanı deyib ki, bu il artıq inkişaf ilidir: "Neft-qaz ixrac edən bir çox başqa ölkələrdən fərqli olaraq, keçən il biz öz valyuta ehtiyatlarımızı qoruya bilmişik, xərcləməmişik. Halbuki xərcləyə bilərdik. Ancaq biz ölkəmizin uzunmüddətli maraqları haqqında düşünürük. Biz hər il valyuta ehtiyatlarımızı artırmalıyıq. Buna nail oluruq. Bu gün bizim valyuta ehtiyatlarımız xarici borcumuzdan beş dəfədən çox artıqdır. Bəlkə də dünya miqyasında çox az ölkə tapılar ki, bu göstərici bu səviyyədə olsun.

Bizim iqtisadi inkişafımız Davos Dünya İqtisadi Forumu tərəfindən də yüksək qiymətləndirilib. Bu il ölkələrin iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə Azərbaycan 37-ci yerə layiq görülüb. Keçən il biz 40-cı yerdə idik. Yəni bu, onu göstərir ki, hətta neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Dünya İqtisadi Forumu bizim iqtisadiyyatımızı daha da yüksək pilləyə qaldırıb.

Əlbəttə ki, dünya miqyasında iqtisadi rəqabətliliyə görə, ən inkişaf etmiş 40 ölkə sırasında olmağımız uğurlu iqtisadi siyasətimizi əks etdirir. Onu göstərir ki, biz bu uğuru təkcə neft, qaz hesabına deyil, ciddi şaxələndirmə və islahatlar hesabına əldə etmişik.

Davos Forumunun ikinci önəmli reytinqi inkişafda olan ölkələrin inkişaf səviyyəsidir. Biz burada da bütün inkişaf edən ölkələr arasında birinci-ikinci yerləri bölüşürük. Bu, bizim siyasətimizə, iqtisadi siyasətimizə verilən ən gözəl qiymətdir.

Əminəm ki, bu il iqtisadi inkişaf davam etdiriləcək. Çox böyük planlarımız var. İnvestisiya proqramı real sektorun inkişafına xidmət göstərəcək. Bu il kənd təsərrüfatında il ərzində 150 min hektardan çox torpağa su veriləcək. Bu, 100 minlərlə iş yerinin yaradılması deməkdir. Bu, kənd təsərrüfatının və ixracın artırılması deməkdir. Biz ilin iki ayında ancaq dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaratmışıq. Nəyə görə? Ona görə ki, işsizlik artmasın. Çünki keçən il dövlət investisiyaları azalmışdır, xüsusilə, tikinti sektorunda. Bəzi vətəndaşlar işlərini itirmişlər. Bank sektorunda da problemlər yaşandı. Bəzi banklar bağlandı, vətəndaşlar işlərini itirdilər. Ona görə, mən biznes qurumlarına da çağırış etdim ki, hər bir şirkət heç olmasa, bir-iki nəfəri işə götürsün. Bəlkə bu, onlara o qədər də lazım deyil, ancaq biznes də sosial məsuliyyətini dərk etməlidir. Bizim dövlət şirkətlərimiz və yerli icra orqanları üçün xüsusi büdcə ayrılıb. İndi 40 mindən çox insan ictimai işlərə və digər təmir-tikinti işlərinə cəlb edilib. Ona görə, əminəm ki, bu il Azərbaycan öz iqtisadi inkişafını davam etdirəcək.

Sosial sahədə də böyük planlarımız var. Bu il ənənəvi olaraq beş milyon insan pulsuz diaqnostikadan, müayinədən keçir. Hesab edirəm ki, bu da dünya miqyasında nadir təşəbbüsdür. Artıq bunu etmək üçün hər cür imkan var. Hər bir rayonda müasir tibb müəssisələri yaradılıb. Son illər ərzində 600-dən çox tibb ocağı təmir olunub və tikilib".

Planlara və nəticələrə əsaslanaraq deyə bilərik ki, respublikamız iqtisadi sahədə islahatları genişləndirməklə, artıq bir sıra sahələr üzrə dünya ölkələri içərisində ən qabaqcıl mövqeyə sahib olub. Prezident İlham Əliyevin müvafiq tövsiyə və tapşırıqlarına uyğun olaraq, ölkəmizdə bütün sahələrdə çoxşaxəli islahatlar həyata keçirilir. Bütün bu nailiyyətlərin əldə olunmasının səbəbi dövlət başçısının müəyyən etdiyi mükəmməl iqtisadi inkişaf platforması və aparılan məqsədyönlü siyasət, genişmiqyaslı islahatların davamlılığı və hökumətin güclü iradəsi, qətiyyətidir".

"Səs" Analitik Qrupu

Digər xəbərlər