PDF Oxu

Araşdırma

  • 2 817

Azərbaycan dövləti Vətən uğrunda sağlamlığını itirmiş əsgər və zabitlərə xüsusi diqqətlə yanaşır

image

Mehriban xanım Əliyeva: "Bu gün Azərbaycan dövləti Azərbaycan əsgərlərinə, Azərbaycan Ordusuna bütün lazımi dəstək göstərməyə qadirdir"

Bu gün Azərbaycan dövlətinin həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqəti var. Ölkəmizin müstəqilliyini, konstitusiya quruluşunu və ərazi bütövlüyünü qoruyarkən, sağlamlığını itirmiş insanların sosial müdafiəsi də Azərbaycan dövləti üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacibdir. Hazırda ölkəmizdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 13,5 min nəfərə əmək pensiyaları, sosial müavinətlər, Azərbaycan Respublikası Prezidentinin təqaüdləri verilir və bu məqsədlər üçün il ərzində 60 milyon manat məbləğində vəsait sərf olunur. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də, şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir. 2016-cı ildə 103 nəfər müharibə əlilinə, son 20 il ərzində isə 3476 nəfərə pulsuz avtomobil, o cümlədən, müharibə əlilləri və şəhid ailələrinə son 20 il ərzində 3646 şəxsə mənzil və fərdi ev verilib.

2016-cı ildə 445 nəfər müharibə əlili sanatoriya-kurort putyovkası ilə təmin olunub, 271 nəfər Qarabağ müharibəsi əlilinin sosial-məişət problemlərinin həllinə kömək üçün 63 min manat, aprel döyüşləri zamanı əlil olmuş şəxslərə cari ilin yanvar ayında 10 min manat məbləğində birdəfəlik yardım edilib.

Son üç ildə və bu ilin ilk rübündə Respublika Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 1460 nəfər müharibə əlilinə 23 935 protez-ortopedik məmulat və reabilitasiya vasitələri, o cümlədən, 144 ədəd əlil arabası verilib. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə həmin zabit və əsgərlərimizin protezlərinin bionik, yəni hərəkət edən protezlərlə əvəzlənməsi prosesinə start verilib. Bu prosesin təşkilini Heydər Əliyev Fondu öz üzərinə götürüb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun yaralanmış bir qrup əsgər və zabiti ilə görüşündə dediyi kimi, bu gün Azərbaycan dövləti Azərbaycan əsgərlərinə, Azərbaycan Ordusuna bütün lazımi dəstək göstərməyə qadirdir: "Azərbaycan dövləti, Azərbaycan xalqı və Azərbaycan Ordusu bu məsələdə tamamilə bir mövqedən çıxış edir. Haqq-ədalət bizim tərəfimizdədir. Əminəm ki, bu münaqişə tezliklə öz həllini tapacaq. Yenə də deyirəm ki, heç bir xalq istəməz ki, müharibə olsun. Əminəm ki, erməni xalqı da istəmir ki, müharibə olsun. Azərbaycan xalqı da istəmir ki, müharibə olsun. Biz bu münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Yalnız və yalnız münaqişənin və itkilərin səbəbi erməni əsgərinin Azərbaycan torpağında olmasıdır. İşğalçı qüvvələr Azərbaycan torpaqlarından çıxmalıdırlar".

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, əsgər və zabitlərimiz dünyanın müasir protez istehsalçıları olan Almaniyanın, İslandiyanın, İngiltərənin, ABŞ-ın qabaqcıl şirkətlərinin yüksək texnologiyalı məhsulları ilə təmin olunacaqlar.

Hər bir əsgər və zabitimizin bir çox fərdi xüsusiyyətləri, xüsusilə, aktivlik dərəcələri, həyat tərzləri, əmək məşğuliyyətləri və hər bir istifadəçinin protezlərə olan fərdi tələbləri nəzərə alınaraq, onlar üçün uyğun və yüksək keyfiyyətli protezlər tətbiq olunacaq.

Göründüyü kimi, bu gün Azərbaycan dövləti Vətən uğrunda sağlamlığını itirmiş əsgər və zabitlərə xüsusi diqqətlə yanaşır. Məhz onlar üçün dövlət tərəfindən təmin ediləcək müasir protezlərin tətbiqi əsgər və zabitlərimizin fəal həyat tərzinin təmin olunmasına şərait yaradacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər