Prezident İlham Əliyev: "Su, əslində, bir rəmzdir və oyunların rəmzi məhz sudur"
Bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də, islam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün islam dünyasının nəbzi Azərbaycanda döyünəcək. Bununla əlaqədar aprelin 5-dən "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib. Aprelin 7-də isə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib. Muxtar respublikada səyahətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub.
Boks üzrə yeniyetmələr arasında Avropa çempionu, birinci Avropa Oyunlarının bürünc mükafatçısı Tayfur Əliyev və cüdo üzrə Avropa çempionatının bürünc mükafatçısı Orxan Quliyevin müşayiəti ilə şahmat həvəskarı Murad Əliyarov Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürüb. Sonra səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.
Saat 12:00-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Domestic Grassroots" proqramı çərçivəsində regionlarda IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə məktəblilər arasında əyləncəli idman yarışlarına start verilib. Axşam saatlarında isə şəhərin mərkəzində - Heydər Əliyev prospektində "Su festivalı" keçiriləcək, konsert proqramı təşkil olunub.
Xəzərdən başlayan su səyahəti Naxçıvandan sonra aprelin 9-da Astarada davam edib. Astaranın "Xəzərdən başlayan su səyahəti"nə daxil edilməsi heç də təsadüfü deyil. Ümummilli Lider Heydər Əliyevin "Azərbaycanın cənub qapısı" adlandırdığı Astara rayonu Lənkəran ovalığında yerləşir. Təbiət Astaradan öz gözəlliyini, nemətlərini əsirgəməyib, bərəkət boğçasını bütünlüklə onun üzünə açıb.
Xəzər dənizinə açılan rayonun şərq hissəsində qara qumlu çimərliklər, qərbində yerləşən meşələr, bulaqlar və nəhayət, onun subtropik iqlimi Astaranı bütün il boyu cəlbedici istirahət məkanına çevirib. Astaranın Ərçivan qəsəbəsində, Bakı-Astara magistral yolunun yaxınlığında yerləşən "Yanar bulaq" qeyri-adiliyi ilə diqqəti cəlb edir.
Dünya və Avropa Çempionatının sərbəst güləş üzrə bürünc mükafatçısı, 2016-cı ildə Bakıda keçirilən "Qran-Pri" beynəlxalq yarışının qalibi, idman ustası Əliabbas Rzazadə, Əməkdar məşqçi, idman ustası Məhərrəm Ağayev və Astara şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Mirrahil Ağayev "Yanar bulaq"da Azərbaycanın dəmirçilik ənənəsindən, islam dünyasında ənənəvi qab dizaynına uyğun döyülmüş misdən hazırlanmış "Bakı 2017"-nin gözəl su qablarını su ilə doldurublar.
Sonra Astara Olimpiya İdman Kompleksində "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarına daxil edilmiş "Domestic Grassroots" proqramı çərçivəsində regional idman tədbiri keçirilib.
Tədbirin açılış mərasimində çıxış edən Astara şəhər ərazi icra nümayəndəsi Şahverən Cavadov, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Asif Quliyev və "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin daxili əlaqələr üzrə meneceri, layihə rəhbəri Ülviyyə Əkbərova Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin ictimai-siyasi və idman həyatın mühüm hadisə olduğunu qeyd edərək, gənc idmançılara qələbə sevincləri arzulayıblar.
"Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının tanıtımı və gənclərin idmana cəlb olunması məqsədilə məktəblilər arasında təşkil olunan müsabiqədə 5 məktəbdən 100 şagird iştirak edib. Məktəblilər idmanın müxtəlif növləri üzrə qüvvələrini sınayıblar. Qaliblərə Əməliyyat Komitəsi tərəfindən təqdim olunmuş kubok, diplom, məlumat kitabçaları, qalib komandaya isə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə bilet verilib.
Göründüyü kimi, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq musiqi və idman yarışları, həmçinin, ölkəmizdə təşkil olunan festivalların açılış və bağlanış mərasimləri dünya ictimaiyyətinə bəşəri ismarıcların ötürülməsi baxımından fərqlənir. Çünki "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahəti də ölkəmizin bütün dünyada sülhün qorunması məqsədilə etdiyi çağırışdır. IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzərdən başlayan su səyahəti də yüksək bəşəri dəyərləri özünün həyat tərzinə çevirən xalqımızın sülhsevərliyini dünyaya nümayiş etdirmək, həmçinin, Azərbaycana xoş niyyətlə gələn hər kəs üçün buranın dostluq və qardaşlıq ölkəsi olduğunu göstərmək baxımından düşünülən orijinal yanaşmadır.
Bütün dinlər üçün paklıq və təmizlik rəmzi sayılan su haqqında səmavi kitablarda da məlumat verilir, suyun ilahi yaddaşı, qoruyucu funksiyası vurğulanır. "Bibliya"da və "Qurani-Kərim"də Musa peyğəmbərin xilası su ilə bağlıdır. Müsəlman dininin vacib əməllərindən olan namazdan əvvəl insanlar qüsl edir, orucluq ayında isə iftarlarını su ilə açırlar. Xristianlar isə su ilə vəftiz olunur, yeni doğulmuş körpələri xaç suyuna salır, dualar oxumaqla hazırladıqları müqəddəs su ilə insanları paklaşdırırlar. Digər dinlərdə də su ilə bağlı çoxsaylı ayinlərin icra olunması məlumdur. Bütün bunlar suyun ilahi qüvvəsindən xəbər verir.
Yazılı ədəbiyyatımızda da su ilə bağlı çoxsaylı motivlərə rast gəlinir. Belə ki, XII əsr dünya poeziyasının klassiki, şair-filosof Nizami Gəncəvi fəlsəfi fikirlərinin daha çox əks olunduğu "İsgəndərnamə" əsərində "Dirilik suyu" haqqında məlumat verir. Bu suyu axtarmağa gedən İsgəndər yolda Xızıra rast gəlir. Zülmətdə qaynayan Dirilik suyunu içmək İsgəndərə deyil, Xızıra qismət olur. Əslində, bu əsərdə təsvir olunan Dirilik suyu ruhun əbədi mövcudluğudur. Xızır bu sudan içməklə əbədi həyat qazanır. Parıltılı sudan içən İsgəndər isə ölümsüzlük qazana bilmir və səfərdən qayıdanda dünyasını dəyişir.
Dünyada su ilə bağlı bir sıra mühüm tədqiqatlar da aparılıb. Yapon alimi, Tokio Ümumi Problemlər İnstitutunun prezidenti Masari Emouto dünyanın bir çox yerindən olan su mənbələrini tədqiq edərək, belə qənaətə gəlib ki, su insanın ruhi halını, fikirlərini, hiss-həyəcanını, emosiyasını özünə çəkmək, onları uzun müddət qoruyub-saxlamaq və ötürmək xüsusiyyətinə malikdir.
Yapon alimi sübut edib ki, müqəddəs sulara, o cümlədən, "Zəm-zəm" suyuna "Bismillahir-rəhmanirrəhim" sözü ilə başlanan dualar oxunanda, suyun kristalları gözəl bir düzüm alır.
Suyu tədqiq edən alimlər belə bir nəticəyə gəliblər ki, onun kristal quruluşu klasterlərdən, yəni böyük molekullar toplusundan təşkil olunub. Həmin klasterlər isə informasiya panelləri adlanan yaddaş oyuqlarından ibarətdir. Bu isə bizə müasir kompüter yaddaşını xatırladır.
Xəzərdən başlayan su səyahətinə həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, İslam Həmrəyliyi Oyunlarının rəmzi sudur: "Su - həyat deməkdir. Təbiət və insan susuz yaşaya bilməz. Azərbaycan füsunkar təbiətə malik bir ölkədir. Gözəl göllərimiz, çaylarımız, bulaqlarımız, şəlalələrimiz, gözəl Xəzər dənizimiz bizim təbii sərvətimizdir. Bu gün Xəzərin sahilindən ölkəmizin müxtəlif istiqamətlərinə böyük səyahət başlayır. Su, əslində, bir rəmzdir və oyunların rəmzi, məhz sudur. Hesab edirəm ki, bu seçim yüksək qiymətə layiq olmalıdır. Qoy bizim yolumuz su kimi aydın, niyyətimiz su kimi təmiz olsun".
"Səs" Analitik Qrupu