Prezident Vladimir Putin: "Moskva ilə Bakı regional və qlobal gündəliyin aktual məsələlərinin həllində səylərini əlaqələndirir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir"
Məlum olduğu kimi, bu il Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüdür. Ötən 25 ilə nəzər salanda, görürük ki, iki dövlət arasındakı münasibətlər qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Çünki Rusiya ilə Azərbaycanı qədim tarixi köklər bağlayır, xalqlarımız iki əsrə yaxın müddətdə bir dövlətin tərkibində yaşayıb. Rusiyada yaşayan, müxtəlif mənbələrin üst-üstə düşən məlumatlarına görə, iki milyona qədər azərbaycanlının maraqları da bu əlaqələrin möhkəmlənməsini tələb edirdi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev də Azərbaycan xalqının maraqlarının diqtəsi ilə hərəkət edirdi, Onun müdrik siyasəti Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə xidmət edirdi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkə daxilində siyasi böhranı aradan qaldırdı, mahir bir diplomat kimi, xarici siyasət sahəsində münasibətləri balanslaşdırdı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsilə əlaqədar atəşkəs elan olundu. Dünyanın transmilli neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı. İqtisadiyyatı bərpa etmək və ordu quruculuğu ilə məşğul olmaq üçün vaxt və imkan yarandı. Xarici siyasətdə isə yaxın qonşularla, birinci növbədə, Rusiya ilə münasibətlərin yenidən qurulması və qarşılıqlı faydalı əməkdaşlıq əsasında daha da inkişaf etdirilməsi ilə əlamətdar oldu.
Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci ildə Rusiyaya rəsmi səfəri isə Qəbələ RLS-in 10 illik icarəyə verilməsi ilə əlaqədar iki dövlət arasında sazişin imzalanması ilə yadda qaldı. Bu sazişin əhəmiyyəti o qədər böyük idi ki, həmin dövrdə aparıcı Rusiya mətbuatı yazırdı: "Rusiya ilə Azərbaycan arasında problem qalmadı".
Ümummilli Lider Heydər Əliyev siyasətinin davam etdirilməsi isə Azərbaycan Prezidenti İlham Əliyevin prinsiplərindən biri idi. Təsadüfi deyildi ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət başçısı kimi, ilk səfərlərindən birini 2004-cü ilin fevralında Rusiyaya etmişdi və Rusiya prezidenti Vladimir Putin bu məqamı çox yüksək qiymətləndirmişdi: "Mən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi Moskvada salamlamağıma ürəkdən şadam. Bu, onun yeni vəzifədə - Prezident vəzifəsində xaricə ilk səfərlərindən biridir. Biz bunu Rusiya-Azərbaycan münasibətlərinə diqqət əlaməti kimi qiymətləndiririk".
Məhz, Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində Azərbaycanla Rusiya münasibətlərinin daha da genişlənməsi sonda iki ölkə arasında bütün problemlərin aradan qaldırılmasına səbəb oldu. Artıq müəyyən zamanlarda Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirməyə cəhd edən qüvvələrin istifadə etdiyi Qəbələ RLS məsələsi tamamilə aradan qaldırıldı. Bir sözlə, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir.
Elə Rusiya Federasiyasının prezidenti Vladimir Putin də diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda qeyd edilir ki, 25 il ərzində biz Rusiya və Azərbaycan xalqlarını ənənəvi şəkildə bir-birinə bağlayan dostluq və qarşılıqlı hörmət münasibətlərini qoruyub-saxlamağa, yeni - dövlətlərarası əsasda inkişaf etdirməyə nail olmuşuq: "Məzmunlu siyasi dialoq, fəal parlamentlərarası və regionlararası əməkdaşlıq tənzimlənib. Ticari-iqtisadi, investisiya, elmi-texniki və humanitar əlaqələr, vətəndaş cəmiyyəti təsisatları arasında kontaktlar genişlənir. Moskva ilə Bakı regional və qlobal gündəliyin aktual məsələlərinin həllində səylərini əlaqələndirir, müxtəlif beynəlxalq strukturlar çərçivəsində səmərəli qarşılıqlı fəaliyyət göstərir.
Əminəm ki, biz Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da fəal inkişaf etdirəcəyik. Bu, bizim dövlətlərimizin vətəndaşlarının köklü maraqlarına cavab verir, Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi məcrasında cərəyan edir".
Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, ictimai-siyasi və humanitar sahələrdə Rusiya ilə Azərbaycan arasında münasibətlər nümunə ola bilər. Əlamətdar haldır ki, Bakı Beynəlxalq Humanitar Forumu hər il keçirilir, onun işində dünyanın elmi-mədəni və siyasi elitasının görkəmli nümayəndələri, nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və KİV əməkdaşları iştirak edirlər. Bu görüşlərdə müasir dövrün aktual problemləri müzakirə olunur.
Postsovet məkanında ilk Rus Kitabı Evi, məhz Bakıda açılıb, burada bakılılar və şəhərimizin qonaqları Rusiyanın aparıcı nəşriyyatlarının geniş çeşiddə kitab məhsulları ilə tanış olmaq üçün gözəl imkana malikdirlər. 2007-ci ildə Azərbaycan paytaxtı Birinci Beynəlxalq Mstislav Rostropoviç Festivalına uğurla ev sahibliyi edib, görkəmli musiqiçiləri və məşhur kollektivləri bir səhnəyə toplayıb.
Bakıda rus dilinin öyrənilməsi üzrə iri mərkəzlərdən biri - Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialı açılıb, Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir, Səməd Vurğun adına Rus Dram Teatrı çox populyardır. Rusiyanın bir sıra informasiya agentliklərinin Azərbaycanda müxbir məntəqələri var. Rus dilində 50-dən çox qəzet və jurnal nəşr edilir, külli miqdarda Rusiya dövri nəşrləri yayılır. Eyni zamanda, "Bakinski raboçi" qəzetinə əlavə kimi Rusiya mətbuatının "Vesti iz Rossii" daycesti buraxılır.
Rus Pravoslav Kilsəsi Rus İcmasının mədəni və mənəvi irsinin, adət və ənənələrinin qorunub-saxlanılmasında mühüm rol oynayır. Respublikada bu kilsəyə dərin hörmətlə yanaşırlar. Keçən il Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsinin ərazisində Azərbaycan hökumətinin köməyi ilə tikilmiş Pravoslav Dini-Mədəni Mərkəzinin açılması buna əyani sübutdur.
Məlumat üçün bildirək ki, Rusiya ayrı-ayrı regionlardan ibarət çox böyük ölkədir. Federasiyanın hər bir subyektinin böyük sosial-iqtisadi potensialı var və o, xarici ölkələrlə, o cümlədən, Azərbaycanla da birbaşa əlaqələr yaradılmasına ehtiyac duyur. Elə may ayının 12-də Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etməsi bunun əyani sübutudur. Azərbaycan Rusiyanın müxtəlif regionları ilə birbaşa əlaqələrin qurulmasına da böyük əhəmiyyət verir. Məhz bunun nəticəsidir ki, son illərdə bu sahədə çox ciddi dəyişikliklər baş verib. Belə ki, regionların rəhbərlərinin ölkəmizə qarşılıqlı səfərləri çoxalıb, ikitərəfli münasibətlər kifayət qədər səmərəli inkişaf edir, mədəni mübadilə və s. fəallaşıb. Azərbaycan Moskva və Sankt-Peterburqla, Dağıstan və Tatarıstan respublikaları, Stavropol diyarı, Moskva, Həştərxan, Ulyanovsk, Sverdlovsk, Vladimir, Tambov, Volqoqrad vilayətləri və başqa regionlarla sıx əməkdaşlıq edir.
Əlamətdar haldır ki, iki ölkənin regionlararası əməkdaşlığı sürətlə inkişaf edir və coğrafiyası genişlənir. Hazırda Rusiya Federasiyasının 72 subyekti Azərbaycan ilə xarici iqtisadi əlaqələrə cəlb edilib, 30 subyektlə hökumətlərarası sazişlər imzalanıb.
Həmçinin, Azərbaycan Rusiya Federasiyasının müxtəlif subyektlərində ayrı-ayrı layihələr reallaşdırır. Buna misal olaraq, Heydər Əliyev Fondunun fəaliyyətini göstərə bilərik. Məhz Heydər Əliyev Fondu tərəfindən Rusiyanın müxtəlif regionlarında bir sıra layihələr uğurla həyata keçirilib. Belə ki, Həştərxanda 11 nömrəli orta məktəbin yenidən qurulması işləri aparılıb, Heydər Əliyevə abidə ucaldılıb, Onun adını daşıyan park açılıb, "Meçta" Uşaq-Əyləncə Şəhərciyi yaradılıb, Azərbaycan-Rusiya dostluğunun rəmzi olan piyada körpüsü istifadəyə verilib, eyni zamanda, müqəddəs mələksima Knyaz Vladimirə abidə ucaldılıb. Hazırda Heydər Əliyev adına Məktəbin yaxınlığında uşaq bağçası inşa edilir. Əlbəttə ki, həştərxanlılar da bakılılara öz hədiyyələrini veriblər - Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin Azərbaycana səfəri zamanı "Bakı-Həştərxan" Parkının açılışı olub.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəhrəman şəhər Volqoqradda daha bir layihə həyata keçirilmiş - "Volqoqrad-Bakı" Dostluq Parkı salınıb, bu park qısa müddətdə şəhər sakinlərinin sevimli istirahət yerlərindən birinə çevrilib. Parkda Ümummilli Lider Heydər Əliyevin barelyefi, habelə, xatirə abidələri qoyulub, bu abidələrin üzərində Stalinqrad döyüşünün qəhrəmanlarının, o cümlədən, Azərbaycanın görkəmli oğulları - iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun və Sovet İttifaqı Qəhrəmanı mayor Xıdır Mustafayevin adları əbədiləşdirilib.
Bununla yanaşı, Azərbaycan Ulyanovsk şəhərindəki Nəriman Nərimanov meydanını yenidən qurmağı planlaşdırır. Ulyanovsk sakinləri isə "Milli kənd" layihəsi çərçivəsində Azərbaycan həyəti qurmağa hazırlaşırlar. Yeri gəlmişkən, Rusiyanın bu şəhərində də Heydər Əliyevə abidə qoyulub. Tezliklə Ulyanovsk məktəblərindən birinə Azərbaycanın Ümummilli Liderinin adı veriləcək.
Xüsusi olaraq, qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən layihələrdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva çox böyük rol oynayıb. O, Rusiyanın Azərbaycan diasporunun nümayəndələrini cəlb etməklə, xalqlarımız arasında mədəni və dostluq əlaqələrinin möhkəmlənməsi üzrə böyük iş aparır, Azərbaycan xalqının Ümummilli Lideri, Azərbaycan-Rusiya münasibətlərinə həmişə çox böyük əhəmiyyət verən Ulu Öndər Heydər Əliyevin işini layiqincə davam etdirir.
Bir sözlə, bu gün Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə uğurla inkişaf edir. Hər iki ölkənin rəsmilərinin verdiyi bəyanatlardan da anlaşılır ki, qarşıdakı illər üçün çox maraqlı ideyalar və layihələr mövcuddur. Bu mənada, Azərbaycan və Rusiya müxtəlif sahələrdə imkanlarından və potensialından istifadə etməklə regional səviyyədə əməkdaşlığı bundan sonra da fəal inkişaf etdirəcək.
"Səs" Analitik Qrupu