PDF Oxu

Araşdırma

  • 3 168

Azərbaycan və Fransa dayanmadan inkişaf edən və şaxələnən möhkəm əlaqələr qurub

image

Prezident Fransua Olland: "Arzu edirəm ki, ölkələrimiz bundan sonra da bu yolla irəliləsin və həqiqi əməkdaşlıq qurmaq üçün əlaqələrini daha da gücləndirsinlər"

Bu gün Azərbaycan ilə Fransa arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüdür. Ötən 25 il ərzində iki ölkə arasında qarşılıqlı səmərəli münasibətlər qurulub. İki ölkə arasında əlaqələrin 25 illiyi ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərmiş Fransa Respublikasının prezidenti Fransua Olland bildirib ki, 25 il ərzində bizim ölkələrimiz dayanmadan inkişaf edən və şaxələnən möhkəm əlaqələr qurublar: "2014-cü ilin mayında və 2015-ci ilin aprelində Azərbaycana etdiyim səfərlərimdə də bunu təsdiq etmək imkanım oldu. Bizim siyasi dialoqlarımızın sıxlığı, ticari və iqtisadi mübadilələrimizin zənginliyi, eləcə də, Fransa-Azərbaycan Universitetinin timsalında mədəniyyət və universitet sahəsində həyata keçirilən nailiyyətlərimiz əlaqələrimizin bütün sahələrdə dinamikliyini və potensialını sübut edir. Arzu edirəm ki, ölkələrimiz bundan sonra da bu yolla irəliləsin və həqiqi əməkdaşlıq qurmaq üçün əlaqələrini daha da gücləndirsinlər. Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin, bütünlükdə regionun xeyrinə olacaq danışıqlar yolu ilə və davamlı həlli üçün Fransa Minsk Qrupunun həmsədrliyində fəal surətdə çalışacaq və öhdəliyini davam etdirəcək".

İki ölkə arasındakı mövcud əlaqələr, əsasən, Fransa tərəfinin karbohidrogenlərlə təchizatı ilə əlaqədardır. Azərbaycanla, adətən, yüksək olan və 2005-ci ildə 494 milyon avro təşkil edən ticarət dövriyyəsi 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan neft kəməri, 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri və "Azəri-Çıraq-Günəşli" yatağında istehsalın artması nəticəsində iki dəfə yüksəlib və 2008-ci ildə 1,8, 2011-ci ildə isə 3,2 milyard avroya çatıb. Bu yüksəliş Liviya neftinin Azərbaycan nefti ilə əvəz edilməsi nəticəsində mümkün olub. 2012-ci ildə ticarət dövriyyəsi yenidən aşağı düşməklə 1,9 milyard avro təşkil edərək, 2008-ci il səviyyəsinə enib. Bu, idxalın 99 faizini təşkil edən karbohidratların alınmasının aşağı düşməsi nəticəsində baş verib. Bütün məhsullar nəzərə alınmaqla 2011-ci ildə Azərbaycanla ticarət əlaqələrində 2-ci yerdə olan Fransa 2012-ci ildə 5-ci yerə düşüb. Neft və neft məhsullarından başqa fransız müəssisələri bank, elektrik enerjisi və ətraf mühitin qorunması və istehlak malları sektorlarında fəaliyyət göstərir. Fransız müəssisələri neft və neft məhsulları sənayesində daha yaxından iştirak edir, həmçinin, Bakı-Tbilisi-Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildirlər. "Total" şirkəti bu konsorsiumun 5 və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 10 faizinə sahibdir. 2009-cu il fevralın 27-də "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda "Abşeron" strukturunun birgə kəşfiyyatı və işlənilməsinin əsas prinsipləri haqqında PSA tipli müqavilə imzalayıb ("Total"ın iştirak payı 40 faiz) və az sonra müqavilə çox ümidverici olub. Sonralar GDF "Suez" şirkəti 20 faiz pay iştirakı ilə konsorsiuma qoşulub.

2008-ci il dekabrın 15-də Fransanın CNİM şirkəti Bakıda zibil emalı zavodunun tikintisi və zavodun 20 il ərzində istismarı barədə müqavilə imzalayıb. Bu, fransız müəssisəsinin Qafqazda imzaladığı ən mühüm müqavilədir. Yeri gəlmişkən, onu da qeyd edək ki, 2009-cu ilin mayında "SYSTRA" şirkəti Bakı metropoliteninin genişləndirilməsinin mümkünlüyünü öyrənməyi nəzərdə tutan 5,85 milyon avro dəyərində müqavilə imzalayıb. 2010-cu il noyabrın 5-də "ARİANESPACE" şirkəti Azərbaycanın ilk kosmik peykinin buraxılmasını nəzərdə tutan 93 milyon dollar dəyərində müqavilə imzalayıb və peyk 2013-cü il fevralın 7-də buraxılıb. 2010-cu ilin oktyabrında AXA Azərbaycanın "Mbask" Sığorta Şirkətinin səhmlərinin xeyli hissəsini alıb. 2011-ci ilin fevralında "SADE" şirkəti Dünya Bankı tərəfindən maliyyələşdirilən, Şabran və Siyəzən rayonlarının su-kanalizasiya xətlərinin çəkilməsi, nasos stansiyalarının qurulması və çirkli suların təmizlənməsinə dair 40 milyon avro dəyərində olan tenderin qalibi olub.

Ölkəmizdə üç komponentdən ibarət olan hasilat, nəqliyyat və satışı özündə ehtiva edən "Şahdəniz" layihəsi ilə bağlı XXI əsrin kontraktı imzalanıb. Burada Avropa İttifaqı-Azərbaycan əlaqələrinin əhəmiyyəti ön plandadır. Bu layihə Avropanın ən böyük infrastruktur layihəsi olmaqla, oraya qoyulacaq sərmayənin həcmi təqribən 45 milyard dollar təşkil edəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa şirkətlərini bu layihələrdə iştiraka dəvət etməklə bu sahədə əməkdaşlığın həm ölkəmizin müştərək maraqlarını təmin edəcəyinə, həm əlıerişli biznes imkanları yaradacağına və beləliklə, Fransa-Azərbaycan dostluğunun bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik yaratdığını qeyd edib.

"Səs" Analitik Qrupu

Digər xəbərlər