PDF Oxu

Araşdırma

  • 3 060

Düşmənə hər an sarsıdıcı zərbə endirmək üçün yeni nəsil silahlar hazırlanır

image

Prezident İlham Əliyev: "Bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminatı baxımından dünya miqyasında güclü ordular sırasındadır"

Məlum olduğu kimi, Azərbaycan Ordusu aprel döyüşləri zamanı yerli istehsal olan bir sıra müdafiə təyinatlı məmulatlardan geniş istifadə etmişdi. Düşmənin canlı qüvvəsinin və döyüş texnikalarının dəqiq müəyyənləşdirilib, məhv edilməsində Azərbaycan istehsalı olan yeni növ hərbi təyinatlı məhsullar mühüm rol oynamışdı. Məhz bu gün də sözügedən istiqamətdə məqsədyönlü işlər davam etdirilir.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Milli Ordumuzu daha müasir silahlar və texnikalarla təmin etmək məqsədilə qısa müddət ərzində yaradılmış yeni nəsil "Zərbə KM" (təsir gücü artırılmış qəlpəli-fuqaslı) pilotsuz uçuş aparatının sınaqları uğurla başa çatdırılıb və ötən ilin sentyabr ayında təqdimatı keçirilib.

Həmçinin, hazırda düşmənin canlı qüvvəsini, hərbi texnikasını və hərbi obyektlərini 100 kilometr məsafədə tam müəyyən edən və məhv etmək iqtidarında olan "Zərbə KH" (kumulyativ başlıqlı) pilotsuz uçuş aparatının yaradılması istiqamətində intensiv işlərə başlanılıb. Eləcə də, ötən ilin sentyabr ayında Bakıda keçirilən ADEX-2016 Beynəlxalq Müdafiə Sərgisində göstərilən "Tufan" milli zirehli maşını üzrə işlər uğurla başa çatdırılıb və cari ilin fevral ayında Müdafiə Nazirliyi və digər güc strukturlarının aparıcı mütəxəssislərinin iştirakı ilə təqdimatı keçirilib. Sınaqlar zamanı milli zirehli nəqliyyat vasitəsi qarşıya qoyulan tələblərə cavab verib və mütəxəssislər tərəfindən müsbət qiymətləndirilib. Onu da qeyd edək ki, zirehli maşının üzərində quraşdırılmış 12,7, 14,5, 23 və 30 millimetrlik silahlarla təchiz edilmiş universal döyüş modulu da yerli müəssisələrdə istehsal olunub.

Həmçinin, yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başlanılıb. Bu layihə iki istiqamətdə - zirehli texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq.

2017-ci ildə əsas diqqət keçid layihələri üzrə işlərin davam etdirilməsinə yönəldiləcək. İstismara buraxılacaq 3 istehsalat müəssisəsində 100, 122, 130, 152 millimetrlik, eləcə də, NATO standartlarına uyğun 155 millimetrlik artilleriya və 125 millimetrlik tank topları üçün mərmilərin və onların gilizlərinin, 40x46 millimetrlik qumbaraatan üçün müxtəlif növ qumbaralı atəş yığımlarının, RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı üzrə son tamamlama işləri başa çatdırılacaq.

Silahlanmaya tövsiyə olunan 7,62x51 millimetrlik xüsusi təyinatlı "Yalquzaq" snayper tüfənginin, 7,62x54 millimetrlik xüsusi təyinatlı əl pulemyotunun, 30 millimetrlik avtomatik qumbaraatan kompleksinin, 40x46 millimetrlik əl qumbaraatanının, 7,62x39 və 5,56x45 millimetrlik avtomatların, F-1 tipli əl qumbarasının, VOQ-25P tipli atəş yığımının, M-6, M-12 tipli mina partladıcıların və s. məmulatların cari ildə seriyalı istehsalı nəzərdə tutulur.

Birinci rübdə ümumi məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,7 faiz artıb. Əldə olunan artım ixrac əməliyyatları hesabına təmin edilib. İstehsal olunan məhsulların 88,3 faizini müdafiə və xüsusi təyinatlı məmulatlar təşkil edir. İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb.

Göründüyü kimi, bu gün Azərbaycan dövləti ordusunu müsir silahlarla təmin edir. Ən önəmli faktor isə odur ki, müasir silahların bir çoxu yerli istehsaldır. Bu da, bir daha Azərbaycanın torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər real olduğunu nümayiş etdirir. Prezident İlham Əliyevin sözlərilə desək, biz öz siyasətimizi davam etdirəcəyik, ölkəmizi gücləndirəcəyik, ordumuza daim yüksək diqqət göstəriləcəkdir: "İlk növbədə, ordumuzun sifarişləri təmin edilməlidir və büdcə xərclərinin tərkibində ən böyük xərclər hərbi xərclərdir. Yeni şəhərciklər salınır, hərbi bazalar tikilir, ən müasir silah və texnika alınır. Aprel döyüşlərindən sonra çox böyük məbləğdə yeni kontraktlar imzalanmışdır və ən müasir, yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan silahlar sifariş edilmişdir. Onların bir hissəsi Azərbaycana gətirilib. Sadəcə, Ermənistan rəhbərlərindən fərqli olaraq, biz bunu təbliğat naminə nümayiş etdirmirik. Amma lazım gələrsə və vaxtı gələndə, lazım bildiyimiz anda biz bir daha göstərəcəyik ki, nəyimiz var. Qoy onlar bilsinlər ki, bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, vətənpərvərlik ruhu və maddi-texniki təminatı baxımından dünya miqyasında güclü ordular sırasındadır".

"Səs" Analitik Qrupu

Digər xəbərlər