PDF Oxu

Araşdırma

  • 3 501

Naxçıvan əhalisinin Bakı ilə dəmir yolu vasitəsilə asan əlaqəsi təmin olunacaq

image

Heydər Əliyev Beynəlxalq Aeroportuna, "Şahdağ" və "Qəbələ" turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır

Prezident İlham Əliyev: "Bu ilin əvvəlindən nəqliyyat sektorunda da yaxşı nəticələr var"

Dünyada davam edən iqtisadi və maliyyə böhranına baxmayaraq, Azərbaycan iqtisadiyyatının bütün aparıcı sahələrində, xüsusilə də, qeyri-neft sektorunda köklü dəyişikliklər baş verir. Azərbaycan iqtisadiyyatının vacib sahələrindən olan nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat müstəqilliyinin genişləndirilməsi istiqamətində davamlı və məqsədyönlü iş aparılır. Ölkənin digər nəqliyyat növləri ilə yanaşı, dəmir yolu nəqliyyatı da, demək olar ki, yenidən qurulur.

Qeyd edək ki, Azərbaycan dəmir yollarında mövcud infrastrukturun yenilənməsi istiqamətində son iki ildə təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu müddət ərzində, ümumilikdə, 383 kilometr dəmir yolu əsaslı təmir olunub, kontakt şəbəkə üzrə əsaslı təmir və yenilənmə işləri aparılıb, 153 dəst yeni yoldəyişən qurğu alınıb. Bakı-Böyük Kəsik sahəsində yolun enerji təchizatı sisteminin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üçün yarımstansiyalarda tikinti işləri başa çatdırılıb, kontakt şəbəkə üzrə yenilənmə və dəyişikliklər, rabitə və işarəvermə sisteminin təkmilləşdirilməsi işləri aparılır. Hazırda Asiya İnkişaf Bankının ayırdığı maliyyə yardımı hesabına Fransanın "Sistra" məsləhətçi şirkəti tərəfindən Bakı-Yalama dəmir yolu xətti üzrə yolun əsaslı təmiri və eləcə də, Dünya Bankı tərəfindən maliyyələşdirilən "Dəmir yolu Ticarətinin Dəstəklənməsi Layihəsi" çərçivəsində, bütövlükdə, Yalama-Astara marşrutu üçün texniki-iqtisadi əsaslandırma hazırlanır.

Eyni zamanda, 2015-ci il sentyabrın 12-də 84 kilometr uzunluğu olan Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən sürətli elektrik qatarı istifadəyə verilib. Ötən 19 ay ərzində bu qatardan artıq 1 milyon 375 min vətəndaş istifadə edib. Hazırda 98 kilometr uzunluğu olan Bakı-Pirşağı-Sumqayıt dəmir yolunun təmiri aparılır ki, bunun nəticəsində Bakı-Biləcəri-Sumqayıt-Pirşağı-Bakı dairəvi dəmir yolu sərnişinlərin istifadəsinə veriləcək.

Azərbaycan dəmir yollarının beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiya olunması üçün müvafiq infrastrukturun yaradılması istiqamətində də lazımi tədbirlər görülməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolunun artıq bu il istismara verilməsi planlaşdırılır. Layihə çərçivəsində Gürcüstan ərazisində, Türkiyə sərhədinə qədər, ümumilikdə, 183 kilometr, o cümlədən, 30 kilometr uzunluğunda Qars-Axalkalaki yeni dəmir yolunun inşası, Axalkalaki stansiyasında vağzal və təkər cütlərinin dəyişdirilməsi kompleksinin və 4450 metr uzunluğunda tunelin inşası reallaşdırılıb. Gürcüstan ərazisində Türkiyə sərhədinə qədər sınaq qatarının hərəkəti təmin edilib. Hazırda Türkiyə ərazisində layihənin tamamlanması istiqamətində işlər sürətləndirilib.

Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutları çərçivəsində Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair işlər də qısa müddət ərzində başa çatdırılıb. Görülən işlər nəticəsində, ümumilikdə, 16 kilometrdən çox dəmir yolunun və Azərbaycan-İran sərhədində, Astara çayı üzərində 82,5 metr uzunluğu olan körpünün tikintisi tam yekunlaşdırılıb, 2017-ci il martın 3-də ilk sınaq qatarı inşa edilən körpüdən keçərək İran ərazisinə daxil olub. İran ərazisində 1,4 kilometr uzunluğunda yolun və yük terminalının inşası isə hazırda davam edir. Dəmir yolu infrastrukturunun yenilənməsi yaxın gələcəkdə sərnişin qatarlarının sürətini saatda 100 kilometrə, yük qatarlarının orta sahə sürətini saatda 60 kilometrə çatdırılmasını mümkün edəcək.

Respublikanın tranzit potensialının artırılması məqsədi ilə Azərbaycan Dəmir Yolları ölkəmizin digər nəqliyyat strukturları ilə birgə, artıq bir neçə iri beynəlxalq layihələrin təşəbbüskarı və iştirakçısıdır. Ötən ilin sonunda Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun Assosiasiyası yaradılıb, marşrutda vahid qiymətlər və vahid pəncərə sistemi tətbiq olunub. Hazırda Şərq-Qərb dəhlizində alternativ marşrutların hazırlanması istiqamətində işlər aparılır. Çinin cənub rayonlarından Avropaya nəql olunan yüklərin Qırğızıstan, Özbəkistan və Türkmənistandan keçməklə Azərbaycana və daha sonra Avropa ölkələrinə daşınmasını nəzərdə tutan yeni marşrutun yaradılması istiqamətində danışıqlar aparılır.

Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, bu ilin əvvəlindən nəqliyyat sektorunda da yaxşı nəticələr var: "Xüsusilə, qeyd etməliyəm ki, Astaraçay çayı üzərində tikdiyimiz körpü vasitəsilə bu ilin mart ayında Azərbaycandan İrana artıq birinci qatar keçibdir. Biz Şimal-Cənub Dəhlizi ilə bağlı ərazimizdə olan bütün işləri yekunlaşdırdıq. Əminəm ki, bu il Şimal-Cənub layihəsinin icrasında birgə səylərlə müsbət irəliləyiş olacaq. O ki qaldı, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsinə, Türkiyə tərəfi artıq bir neçə dəfə rəsmi qaydada bəyan edib ki, bu il bu layihə də istifadəyə veriləcək. Bilirsiniz ki, Azərbaycan bu layihə ilə bağlı öz üzərinə düşən bütün vəzifələri artıq icra edib".

Ümumiyyətlə, dünyada baş verən iqtisadi böhrana baxmayaraq, 2016-cı il ərzində Azərbaycan Respublikası dəmir yolları vasitəsilə 15,4 milyon ton yük daşımağa müvəffəq olub. 2017-ci ilin ilk üç ayı ərzində isə 3,8 milyon ton yük daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 faiz çoxdur. Bu tendensiya ölkəmizdə beynəlxalq yükdaşımalar üzrə aparılan son islahatların bariz nümunəsidir.

Qeyd edək ki, qarşıdakı 3 il müddəti üçün müəyyən edilmiş investisiya portfelinə əsasən, Yalama-Astara istiqamətində dəmir yolunun əsaslı təmiri, Bakı-Gəncə-Bakı sürət qatarının istifadəyə verilməsi, Yevlaxda Kür çayı üzərində ikinci körpünün tikinti işlərinin yerinə yetirilməsi nəzərdə tutulur. Daha sonrakı illər üçün müəyyən edilmiş perspektiv planda isə Heydər Əliyev Beynəlxalq Aeroportuna, "Şahdağ" və "Qəbələ" turizm mərkəzlərinə dəmir yolu xətlərinin çəkilməsi planlaşdırılır ki, hazırda bu xətlərin layihələndirilməsi işləri aparılır.

Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin və dəmir yollarında son dövrdə başlamış islahatlar nəticəsində, Azərbaycan dəmir yolları regionun mühüm və əhəmiyyətli nəqliyyat-logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.

"Səs" Analitik Qrupu

Digər xəbərlər