PDF Oxu

Araşdırma

  • 3 010

Məşğulluğun artırılması daim diqqət mərkəzindədir

image

Prezident İlham Əliyev: "Biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq"

Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritet istiqamətini təşkil edir. Məhz Azərbaycanda daxili potensialdan səmərəli istifadə edilməsi, iqtisadiyyatın liberallaşdırılması, iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət şəraitinin yaradılması, kiçik və orta sahibkarlığın inkişafının təmin edilməsi nəticəsində, son 14 il ərzində bir milyondan artıq yeni iş yerləri yaradılıb. Həyata keçirilən bütün tədbirlərin nəticəsidir ki, Azərbaycan insan inkişafı sahəsində dünya ölkələri sırasında ən sürətli irəliləyişə nail olub.

Yeni iş yerlərinin yaradılması və işsizliyin aradan qaldırılması baxımından, bu ilin birinci rübü də istisna olmadı. Belə ki, birinci rübdə 85 min yeni iş yeri yaradılıb. Onlardan 70 mini daimi iş yeridir. Doqquz min iş yeri bağlanıb. Sevindirici hal ondan ibarətdir ki, iş yerlərinin yaradılması təkcə dövlət sektorunda yox, özəl sektorda da davam edir.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib ki, biz bu il dövlət sektorunda 40 mindən çox yeni iş yeri yaradacağıq.

Bu gün hökumətin prioritetlərindən biri də bölgələrdə məşğulluğun artırılması təşkil edir. Bununla bağlı Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda demoqrafik vəziyyət çox yaxşıdır, əhali artır. Ancaq bu, bizi daha da fəal işləməyə sövq etməlidir: "Ona görə, məşğulluğun artırılması həmişə gündəlikdə duran məsələ olacaqdır. Biz bunu həll edirik. Mən qeyd etdim ki, həm dövlət, həm özəl sektorda 70 min daimi iş yeri yaradılıbdır, mövsümi işlərlə bərabər 85 min. Bu, üç ay üçün böyük rəqəmdir və bu işləri davam etdirməliyik. Eyni zamanda, özünüməşğulluq proqramı geniş vüsət almalıdır. Artıq birinci addımlar atılıb və bu, həm dövlət orqanları, yerli icra orqanları, həm də özəl qurumlar tərəfindən həyata keçirilən layihələr olmalıdır. Çünki hər bir ailənin, yəni hələ yoxsulluq şəraitində yaşayan ailənin imkanı olmalıdır ki, öz ehtiyacını özü ödəsin və biz bu imkanı yaratmalıyıq. Əlbəttə, dövlət çətin vəziyyətdə yaşayan vətəndaşlara həmişə qayğı, diqqət göstərir, ünvanlı sosial yardım proqramı icra edilir. Ancaq biz tədricən özünüməşğulluq sisteminə keçməliyik. Bu, vətəndaşlar üçün də daha əlverişlidir, daha yaxşıdır. Onların öz ailə büdcələri olacaq. Sadəcə, biz onlara kömək etməliyik. Kənd yerində onlara şərait yaradılmalıdır, mal-qara, ev quşları verilməlidir. Arıçılıq, heyvandarlıq burada çox böyük rol oynaya bilər ki, onlar öz büdcələrini özləri təmin etsinlər. Amma dövlət, əlbəttə ki, ilk mərhələdə onlara kömək göstərəcək. Ona görə, Nazirlər Kabineti özünüməşğulluq proqramına xüsusi diqqət yetirməlidir. Yenə də deyirəm, burada bütün müvafiq qurumlar, strukturlar vahid siyasət aparmalıdırlar. Əlbəttə ki, bu işlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə aparılır, ancaq hesab edirəm ki, digər nazirliklər - İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, yerli icra orqanları və sahibkarlar buna qoşulmalıdır. Mənə mütəmadi qaydada məruzə edilməlidir ki, bu istiqamətdə hansı işlər görülübdür".

"Səs" Analitik Qrupu

Digər xəbərlər