Prezident İlham Əliyev: "Həm qəbul edilmiş qərarlar, dövlət investisiyaları və əlbəttə, özəl sektorun fəallaşması yeni bir vəziyyətə gətirib çıxarır"
Son illər Azərbaycanda həyata keçirilən əsaslı iqtisadi islahatlar ölkənin əsas gəlir mənbəyi olan enerji ehtiyatlarından asılılığını xeyli dərəcədə azaldıb. Artıq iqtisadi sahə bir neçə istiqamətdə şaxələndirilərək, özünün sürətli inkişaf dövrünü yaşamaqdadır. Şaxələndirilən belə istiqamətlərdən də biri tikinti sektorudur.
Ümumiyyətlə, iqtisadiyyatın dinamik artımında inşaat sektorunun payı olduqca böyükdür. Eyni zamanda, bu sahənin inkişafı ilə yeni və uzunmüddətli iş yerləri yaradılır, məşğulluq göstəriciləri artır. Tikinti materialları bazarında da canlanma yaranır, mənzillərin qiyməti nisbətən aşağı düşür. Bununla belə, dünyada hökm sürən qlobal iqtisadi-maliyyə böhranları zamanı ən çox zərər çəkən sahələrdən biri də, məhz tikinti və inşaat sektoru olur. Nəticədə, işsizlik artır, tikinti materialları bazarına tələb azalır, istehsal prosesi dayanır və sair.
Bu mənada, Prezident İlham Əliyevin sözlərilə desək, bu il inşaat sektorunda canlanma müşahidə olunur: "Bu da təbiidir. Çünki keçən il görülmüş işlər, qəbul edilmiş qərarlar, artıq özünü büruzə verir. Mənə verilən məlumata görə, hazırda Bakı şəhərində 300-dən çox yeni hündürmərtəbəli bina tikilir. Bu da, özlüyündə, gözəl bir göstəricidir. Burada minlərlə yeni iş yeri yaradılır. Keçən il biz daha çox inşaat sektorunda iş yerlərini itirdik. Bu il bu, bərpa edilir. Həm qəbul edilmiş qərarlar, dövlət investisiyaları və əlbəttə, özəl sektorun fəallaşması yeni bir vəziyyətə gətirib çıxarır. Keçən il Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə böyük şəhərciyin təməl daşı qoyuldu, inşaat işləri gedir. İndi ikinci layihənin icrası gözlənilir. "Ağ Şəhər" layihəsinin birinci mərhələsi başa çatıb. Hələ növbəti beş il ərzində onlarla bina tikiləcəkdir. Bakının müxtəlif yerlərində artıq müddəti keçmiş və yararsız vəziyyətdə olan binalar sahibkarlar tərəfindən sökülür. Orada yaşayan vətəndaşlara ya kompensasiya verilir, ya da vəsait ayrılır ki, onlar kirayədə yaşasınlar. Köhnəlmiş, qəzalı vəziyyətdə olan o binaların yerində, artıq hündürmərtəbəli, gözəl memarlığı ilə seçilən binalar tikilir.
Birinci belə pilot layihə Sabunçu rayonunda icra edilmişdir. Yeni tikilmiş o binanın açılışında mən şəxsən iştirak etmişdim. Gördüm ki, vətəndaşlar da buna çox sevinirlər. Çünki onlar həm yeni mənzillərə köçürülür, onların qəzalı binalardan canı qurtarır. Eyni zamanda, mən xüsusi tapşırıq vermişdim ki, yeni binalarda mənzillərin sahəsi daha da böyük olsun. Vətəndaşlara əvvəlkindən təxminən 10, bəzi hallarda 20, yaxud 30 faiz daha böyük ölçüdə təmirli mənzillər verilir. Əlbəttə ki, vətəndaşlar buna çox sevinirlər. Növbəti önəmli layihə mikrorayonlarla bağlıdır. Artıq birinci mikrorayonla bağlı layihə hazırlanıb, əminəm ki, tezliklə icra ediləcək. Orada köhnəlmiş binaların yerində yeni, müasir, gözəl memarlıq üslubunda binalar tikiləcəkdir. Mən xüsusi tapşırıq vermişəm ki, yeni tikilən, xüsusilə, sökülən o binaların yerində tikilən binaların birinci mərtəbəsində mütləq ictimai yerlər, uşaq bağçası nəzərdə tutulsun. Beləliklə, bu yolla tikilən 75 binanın hər birinin birinci mərtəbəsində uşaq bağçası olacaqdır. Bu da Bakının uşaq bağçası ilə bağlı mövcud olan probleminin həllinə müsbət təsir göstərəcək. Bu yolla biz gələn üç-dörd il ərzində uşaq bağçası problemini həll edəcəyik. Çünki indi buna daha böyük tələbat var, həm əhalinin, həm də uşaqların sayı artır. Eyni zamanda, iş yerləri yaradılır. İndi bir çox hallarda, ailədə hər iki valideyn işlə təmin edilir. Ona görə, bizdə uşaq bağçalarına çox böyük ehtiyac olacaqdır. Uşaq bağçasının tikintisi üçün xüsusi yer də ayrılmalıdır. Amma ən yaxşı variant odur ki, yeni tikilmiş binalarda mütləq uşaq bağçası olsun. Tikintiyə icazə verənlər də, yerli icra orqanları da sahibkarlara mütləq bax, bu tövsiyəni versinlər".
Göründüyü kimi, makroiqtisadi vəziyyəti stabilləşdirmək üçün inşaat sektorunun daha da inkişafı üçün bütün imkanlar geniş istifadə edir. Bu da, təbii olaraq, öz müsbət nəticəsini verəcək və bununla da, həm işsizlik sahəsində, həm də əhalinin gəlirlərinin atması sahəsində irəliləyişlər müşahidə ediləcək.
"Səs" Analitik Qrupu