PDF Oxu

Araşdırma

  • 3 535

Sənaye istehsalı və kənd təsərrüfatı əsas prioritet istiqamətlərdir

image

Prezident İlham Əliyev: "Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxracyönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır"

Məlum olduğu kimi, dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması və maliyyə böhranının dərinləşməsinə baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik qorunub, nəzərdə tutulmuş bütün sosial proqramlar uğurla icra edilib. Azərbaycanın davamlı inkişafının təmin olunmasında Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi sosial-iqtisadi siyasət, o cümlədən, bu siyasətin prioritet istiqamətlərindən olan iqtisadiyyatın şaxələndirilməsi həlledici rol oynayıb. Məhz bunun nəticəsidir ki, iqtisadiyyatın artımı, əsasən, qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub, ümumi daxili məhsulda bu sektorun xüsusi çəkisi təxminən 70 faizə çatıb. Bu prosesdə isə, xüsusilə də, diqqətçəkən məqam sənaye və kənd təsərrüfatı sektorunun canlanması müşahidə edilməkdədir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev sənaye istehsalını və kənd təsərrüfatını əsas prioritet istiqamətlər elan edib. Bunun nəticəsidir ki, bu ilin birinci rübü ərzində qeyri-neft sənayesi 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artıb.

Prezidentdən sahibkarlara səmərəli təklif

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, indi rayonlarda sənaye zonaları yaradılır: "Mingəçevir Sənaye Parkında ilk zavodlar bu ilin sonunda istifadəyə veriləcək. Sumqayıt Texnologiyalar Parkında, Kimya Sənaye Parkında, Pirallahı və Balaxanı Sənaye parklarında, Neftçala Sənaye Məhəlləsində işlər yaxşı gedir. Yəni bu proses artıq gedir. Bir neçə il bundan əvvəl, mən qeyd etdim və tapşırıq verdim ki, hər bir rayonda sənaye zonası tikilsin. Biz artıq bunu görürük. Bütün rayonlar bu işlərə fəal qoşulmalıdır".

Prezident İlham Əliyev eyni zamanda, sahibkarların diqqətini böyük bir layihəyə də cəlb edib: "Bu, Sumqayıt Kimya Sənaye Parkında yaradılmaqda olan "SOCAR Polymer" zavodudur. Bu, çox nəhəng sənaye müəssisəsidir, yüz milyonlarla dollar sərmayə qoyulur və çox gözəl məhsul istehsal edəcək. Bu məhsul, əlbəttə, həm daxildə istifadə olunacaq, həm də ixracyönümlüdür. Ancaq mən qeyd etməliyəm ki, bu xammalın əsasında çox ciddi bir sənaye sahəsi yaradıla bilər. Biz, demək olar ki, indi bütün hazır plastik məhsulları xaricdən idxal edirik. Ancaq "SOCAR Polymer"in işə düşməsindən sonra Azərbaycanda hazır məhsul istehsal etmək üçün yaxşı imkanlar yaranır və bu, biznes üçün də çox gəlirli bir sahə olacaq. Ona görə, bizim dövlət qurumlarına müraciət edirəm, onlar sahibkarlara bunu daha da yaxşı başa salsınlar ki, "SOCAR Polymer"in bir çox hazır məhsulu əsasında zavodlar və fabriklər yaradıla bilər. Bu, həm yeni iş yerlərinin yaradılması deməkdir, həm də sahibkarlara əlavə gəlir gətirəcək və bizim ixrac məhsulumuz da daha böyük qiymətə xarici bazarlara çıxarılacaq. Əgər belə olmasa, "SOCAR Polymer"in məhsulu ancaq xammal kimi xaricə satılacaq. Əlbəttə, bu da yaxşı haldır, amma əminəm ki, mənim məsləhətim nəzərə alınacaqdır".

Kənd təsərrüfatı sahəsində inqilabi dəyişiklik

Əlbəttə ki, qeyri-neft sektorunun inkişaf etdirilməsi prosesində kənd təsərrüfatının da xüsusi payı var. Artıq qarşıya vəzifə qoyulub ki, kənd təsərrüfatının inkişafı üçün bu il 150 min hektar yeni torpaq sahəsinin suvarılması nəzərdə tutulur. Bununla bağlı Prezident İlham Əliyev bildirib ki, bu, inqilabi bir dəyişiklik olacaq və kənd təsərrüfatı istehsalını, əlbəttə ki, artıran amillərdən biridir, bəlkə də birincisidir: "Kənd təsərrüfatı məhsullarının həcmi artmalıdır, daxili tələbatı tam təmin etməliyik. İxracyönümlü məhsulların həcmini artırmalıyıq, məhsuldarlıq yüksəldilməlidir, ən müasir texnologiyalar tətbiq olunmalıdır. Torpaqların dəqiq uçotu aparılmalıdır. Bu istiqamətlərdə işlər gedir və göstərişlər verilibdir. Torpaqların müasir üsullarla dəqiq təhlili aparılmalıdır. Torpaqların keyfiyyəti haqqında bizdə müfəssəl məlumat olmalıdır. Biz bu sahədə böyük təcrübə toplamış ölkələrin təcrübəsini gətirməliyik, ondan istifadə etməliyik ki, hansı sahədə, hansı bölgədə hansı məhsul yetişdirilməlidir. Yəni bundan sonra da biz buna kortəbii yox, ancaq fərdi qaydada yanaşmalıyıq və subsidiya məsələləri də buna görə hesablanmalıdır. Mən artıq müvafiq göstərişlər vermişəm, biz buna baxmalıyıq. İndi subsidiyaların verilmə prosedurları təkmilləşdirilir. Ancaq hesab edirəm ki, biz gələcəkdə rayonlaşma siyasətinə daha da ciddi baxmalıyıq. Biz bilməliyik, hansı bölgələrdə hansı məhsulun yetişdirilməsinə nə qədər subsidiya verilməlidir ki, təbii imkanlarımızdan daha da səmərə ilə istifadə edək.

Bu il kənd təsərrüfatının inkişafında mühüm rol oynayan iki zavodun - pivot suvarma sistemləri və pestisid zavodlarının istifadəyə verilməsi nəzərdə tutulur. Bu il artıq bu, təmin edilməlidir. Gələn il isə, azot gübrəsi zavodu istifadəyə verilməlidir. Biz bunu təxminən bir ildən sonra gözləyirik. Beləliklə, biz azot gübrələri ilə özümüzü, nəinki təmin edəcəyik və ixrac imkanlarımız da yaranacaqdır".

Özümüzü keyfiyyətli buğda ilə təmin etməli və idxaldan asılılığı azaltmalıyıq

Dövlətimizin başçısı İlham Əliyevin qarşıya qoyduğu mühüm vəzifələrdən biri də taxılçılıqla bağlıdır. Prezident İlham Əliyevin tapşırığı ondan ibarətdir ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və idxaldan asılılığı azaldaq: "Bütövlükdə, özümüzü ərzaq məhsulları ilə təminetmə istiqamətində işlər yaxşı gedir. Hər il regionların sosial-iqtisadi inkişafına dair konfransda mən bu rəqəmləri səsləndirirəm. Deyə bilərəm ki, bizim yeganə zəif yerimiz taxılçılıqdır. Bunu nəzərə alaraq, mən göstəriş verdim ki, Prezident Administrasiyasında geniş müşavirə keçirilsin və keçirildi. Bütün tapşırıqlar verildi. Ondan sonra mən taxılçılığın inkişafı və ilk növbədə, təhlilin aparılması ilə bağlı müvafiq Sərəncam imzaladım. Burada çox geniş informasiya yığılmalıdır, statistika düzgün təhlil edilməlidir və bir çox suallara cavab verilməlidir. Necə olur ki, biz taxılçılığa bir milyon hektar torpaq ayırmışıq, amma özümüzü ərzaq buğdası ilə təmin edə bilmirik. Bu sual sadə səslənsə də, onun arxasında bir çox məqamlar var. Ona görə, dəqiq təhlil aparılmalıdır, bizə nə qədər ərzaq buğdası, bütövlükdə, taxılçılıq üçün torpaq sahəsi lazımdır ki, özümüzü keyfiyyətli buğda ilə, taxılla təmin edək və əlbəttə, idxaldan asılılığı azaldaq. Çünki mənə verilən məlumata görə, biz hər il idxala təxminən 300 milyon manat pul ayırırıq. Burada, əlbəttə ki, uçot, təhlil, elektron nəzarət, peyk nəzarəti olmalıdır. Bizim peykimiz var və qısa müddət ərzində torpaqların münbitliyinin, məhsuldarlığının dəqiq analizi aparılmalıdır".

"Səs" Analitik Qrupu

Digər xəbərlər