PDF Oxu

Araşdırma

  • 2 992

Əsas məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir

image

Prezident İlham Əliyev: "Əslində, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir"

İqtisadiyyatı şaxələndirmək, idxaldan asılılığı azaltmaq, ixrac potensialını və kənd təsərrüfatı məhsullarının ixracını artırmaq istiqamətində atılan addımların davamlılığı göz qabağındadır. Xarici investisiyaların ölkəmizə cəlbi istiqamətində də önəmli addımlar atılır. İnvestisiya cəlbediciliyinə görə, xarici iş adamlarının maraq göstərdiyi Azərbaycanda ixracın təşviqi sistemi yaradılır, dünya bazarına çıxarılan məhsulların keyfiyyəti beynəlxalq standartlara uyğunlaşdırılır. Bu, onu göstərir ki, son illər ərzində ölkə iqtisadiyyatının güclənməsinə imkan yaradan sahələrə böyük həcmli investisiyalar qoyulub, dövlət dəstəyi gücləndirilib. Prezident İlham Əliyevin Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində vurğulanıb ki, sahibkarlığın inkişafı prioritet məsələlərdəndir: "Əslində, bizim fəaliyyətimizin əsas istiqamətləri daxili tələbatı daxili istehsal hesabına ödəməkdən və ixrac potensialımızı artırmaqdan ibarətdir. Biz bu yolla gedirik. Sahibkarlarla mənim, müntəzəm olaraq, ildə bir neçə dəfə görüşlərim keçirilir... Bu gün cəmiyyətdə sahibkarlara münasibət müsbətə doğru dəyişir və əlbəttə ki, sahibkarların sosial məsuliyyəti gündəlikdə duran məsələlərdən biridir. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm. Bu, həm sahibkarlara lazımdır ki, cəmiyyət onların işini daha yüksək qiymətləndirsin, eyni zamanda, sahibkarlar da öz tərəflərindən, nəinki biznes maraqları, ümumiyyətlə, ölkə qarşısında duran vəzifələrin, o cümlədən, sosial vəzifələrin icrası üçün də səylərini qoysunlar. Əminəm ki, onların maddi imkanları artdıqca bu məsələyə daha da böyük diqqət və vəsait ayıracaqlar."

Bu gün Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun gücləndirilməsi hesabına davamlı və sabit iqtisadi inkişafa nail olunur. Ən əsası isə, qeyri-neft sektorunun inkişafına investisiya qoyuluşuna, sahibkarlığa əngəl olan halların aradan qaldırılmasına diqqət artırılır. Sənaye və aqrar sahənin inkişafına yönələn islahatların tətbiqi də sürətləndirilir. "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın həlli qarşıdakı illərdə sənayenin inkişafına təkan verəcək. Prezident İlham Əliyevin vurğuladığı kimi, ölkəmizdə bir neçə böyük sənaye müəssisəsi yaradılıb: "Mən bu barədə demişəm, sahibkarlara tövsiyələrimi vermişəm, bir daha demək istəyirəm ki, onlar bu böyük müəssisələrin istehsal edəcəyi xammaldan səmərəli şəkildə istifadə etsinlər, yeni fabriklər, zavodlar qursunlar ki, biz hazır məhsulu Azərbaycanda istehsal edək, idxaldan asılılıq azalsın və hazır məhsul ixrac edək".

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması istiqamətində bu gün çox ciddi addımlar atılır. Bununla bağlı fikirlərini bildirən Prezident İlham Əliyev vurğulayıb ki, sahibkarlar bu işlərə artıq böyük ruh yüksəkliyi ilə qoşulurlar: "Ölkəmizdə böyük ruh yüksəkliyi var, xüsusilə, kənd təsərrüfatı, emal və sənaye sektorlarında. Bakıda, böyük şəhərlərdə, bütün şəhər və rayonlarımızda çox böyük fəallıq müşahidə olunur. Bu da, əlbəttə ki, həm bizim siyasətimizin təzahürüdür, - çünki özəl sektor sahibkarlığının inkişafı üçün çox ciddi addımlar atılıb, - eyni zamanda, bizim sahibkarlarımızın da məsuliyyətini göstərir".

Həyata keçirilən işlərin əsas məqsədi, qarşıdakı illər ərzində, Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Cənubi Qafqaz regionunun iqtisadiyyatının 85 faizinə sahib çıxan Azərbaycan dövlət büdcəsi ilə də regionun ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. Eyni zamanda, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə, artıq dünya daha bir Azərbaycan brendi ilə tanış olur. Bu, "Made in Azerbaijan" brendidir. Məhz bu məsələ ilə bağlı danışan Prezident İlham Əliyev deyib ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır: "Bir neçə sərgidə, artıq kontraktlar da imzalanmışdır. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir".

"Səs" Analitik Qrupu

Digər xəbərlər