PDF Oxu

Araşdırma

  • 3 205

Güclü iqtisadiyyat və rəqabətqabiliyyətli qeyri-neft sektoru...

image

Prezident İlham Əliyev: "Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır"

Son illər dünya iqtisadiyyatında davam edən neqativ proseslərdən qaynaqlanan amillərin, xüsusilə, Azərbaycanın ənənəvi əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin tərzdə enməsinin iqtisadiyyata təsirini neytrallaşdırmaq, ölkənin davamlı inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli islahatların mühüm istiqamətlərindən biri də qeyri-neft məhsulları ixracının artırılması və yeni bazarlara çıxışının təmin olunmasıdır. Təsadüfi deyil ki, milli iqtisadiyyat perspektivi üzrə "Strateji Yol Xəritəsi"ndə hədəf indikatorlardan biri kimi adambaşına qeyri-neft ixracının 2025-ci ildə ən azı 450 ABŞ dollarına çatdırılması müəyyənləşdirilib. Bu, azı üç dəfədən çox artım deməkdir. Sözsüz ki, bu vəzifənin uğurla yerinə yetirilməsi üçün ölkə iqtisadiyyatı güclü və rəqabətqabiliyyətli qeyri-neft sektoruna malik olmalıdır. Məhz Prezident İlham Əliyevin rəhbərliyilə aparılan islahatların əsas məqsədi qeyri-neft sektorunun inkişafı olub və onların uğurlu icrası sayəsində bu sahədə dönüş əldə edilib.

Qeyri-neft sənayesi və kənd təsərrüfatı, o cümlədən, fındıqçılıq, üzümçülük, şərabçılıq, tütünçülük, pambıqçılıq, baramaçılıq, ipəkçilik sahələrində, turizm, tranzit potensialının genişləndirilməsi, digər sektorların inkişaf etdirilməsi üçün qanunvericiliyin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması təmin edilir, müxtəlif dövlət dəstəyi mexanizmləri həyata keçirilir. Bu baxımdan, son illərdə sənaye parklarının və zonalarının, aqroparkların yaradılmasının, inzibati prosedurların sadələşdirilməsinin, dövlət xidmətlərinin göstərilməsində şəffaflığın təmin olunmasının, habelə, "ASAN xidmət" mərkəzləri, Sahibkarlığa Kömək Milli Fondu, Aqrolizinq, AZPROMO, Azərbaycan İnvestisiya Şirkəti və digər təşkilatlar vasitəsilə sahibkarlığa verilən dəstəyi, xüsusilə, vurğulamaq lazımdır.

Həmçinin, görülən işlər nəticəsində, yüksək texnologiyalara əsaslanan və rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə bərabər, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənməyə başlayıb. Məsələn, indiyədək təkcə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kreditlər hesabına 51 logistik mərkəzin, 23 taxıl anbarının, 16 meyvə-tərəvəz emalı, 20 iri fermer, 23 müasir heyvandarlıq, 56 istixana, 16 üzümçülük, 23 bağçılıq və 39 quşçuluq təsərrüfatının, 10 süd emalı, digər istehsal müəssisələrinin yaradılması, son illərdə istixanaların ərazisinin dəfələrlə genişləndirilməsi aqrar sektorda ixracın artırılmasına böyük töhfə verir.

Sənaye parklarında və zonalarında müasir müəssisələrin fəaliyyətə başlaması, indiyədək verilmiş 130 investisiya təşviqi sənədi üzrə 1,2 milyard manatlıq investisiya qoyuluşunun nəzərdə tutulması, hazırda 24 rayon üzrə 142,5 min hektar ərazidə 32 aqroparkın, o cümlədən, 12 heyvandarlıq kompleksinin, 20 iri bitkiçilik təsərrüfatının yaradılması və digər işlər yaxın illərdə qeyri-neft sektorunda istehsal və ixrac potensialını daha da artıracaq.

İstehsalın dəstəklənməsi və ixrac potensialının genişləndirilməsi məqsədilə özünütəminetmə səviyyəsi və yerli istehsal potensialı yüksək olan 84 məhsul üzrə idxala ikiillik spesifik rüsumlar tətbiq edilib. Bu qərar özünütəminetmə səviyyəsi yüksək olan məhsullar üzrə yerli istehsala böyük dəstəkdir. Belə ki, cari ilin ilk rübündə ümumi idxal 17 faiz, qeyri-neft idxalı isə 20 faiz azalıb. Spesifik rüsumlar tətbiq edilən məhsullardan sement və klinker idxalı 92 faiz, kafel-metlax idxalı 55 faiz, alçipan idxalı 49 faiz, fındıq idxalı 58 faiz, pomidor idxalı 49 faiz, armud idxalı 37 faiz, alma idxalı 33 faiz azalıb, ərzaqlıq yumurta və soğan idxalı isə demək olar ki, dayanıb.

Reallaşdırılan tədbirlərin nəticəsidir ki, bu gün Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf edir. Məhz bununla bağlı Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxış edən Prezident İlham Əliyev bildirib ki, növbəti illərdə ixracyönümlü müəssisələrin yaradılmasına daha böyük diqqət göstərilməlidir: "Əslində, Azərbaycanda bundan sonra da yaradılacaq müəssisələr hər iki məqsədi güdməlidir - həm daxili tələbat ödənilməli, həm də ixrac imkanları olmalıdır. Buna nail olmaq üçün dövlət orqanları ardıcıl fəaliyyət göstərirlər. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə gələcəkdə ödəniləcək kreditlər də ixracyönümlü müəssisələrin yaranmasına təkan verməlidir. Çünki ixracyönümlü məhsullar, eyni zamanda, daxili bazarlarda da asanlıqla öz yerini tapacaq. Bu məsələlərin həllində yerli icra orqanları da fəal iştirak etməlidirlər. Əlbəttə ki, burada əsas yük dövlət qurumlarının üzərinə düşür".

"Səs" Analitik Qrupu

Digər xəbərlər