Azərbaycanda istehsal edilən məhsulların xarici bazarlara ixrac edilməsi üzrə onlarla razılaşmalar əldə edilib
Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı ildə ixracın təşviq edilməsi sahəsində imzaladığı Fərman və sərəncamlar Azərbaycanın həm iqtisadi inkişafında, həm də xarici iqtisadi əlaqələrinin genişləndirilməsində yeni mərhələnin başlanğıcını qoyub. İxracın genişləndirilməsi, rəqabətqabiliyyətli məhsulların ənənəvi və yeni bazarlara çıxışının artırılması ilə bağlı imzalanmış sənədlərə uyğun olaraq, "İxrac təşviqinin ödənilməsi qaydası", "İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı" və "İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar" təsdiq olunub.
Tətbiq edilməyə başlandığı qısa müddət ərzində, sahibkarlar tərəfindən mexanizmə böyük maraq göstərilib. Artıq bu istiqamətdə aidiyyatı qurumlara 84 müraciət daxil olub və Rusiya, ABŞ, Çin, Belarus və digər ölkələrə ixrac olunmuş kənd təsərrüfatı və sənaye məhsulları üzrə 520 min manatdan çox ixrac təşviqi ödənilib. Bununla bağlı Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxış edən Prezident İlham Əliyev bildirib ki, "Made in Azerbaijan" brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır: "Artıq bu brend bu gün dünyada şöhrət qazanır. Əlbəttə ki, dövlət tərəfindən təşkil edilmiş sərgilər və o sərgilərdə sahibkarların iştirakı gözəl nəticələrə gətirib çıxarır. Mənə verilən məlumata görə, bir neçə sərgidə, artıq kontraktlar da imzalanmışdır. Əgər biz bu sərgilərdə iştirak etməsəydik, kontraktlar da imzalanmazdı. Yəni, biz gördük ki, sahibkarlara əlavə kömək göstərilməlidir".
Bu ilin yanvarında 18 şirkətin iştirakı ilə Almaniyaya təşkil edilən ixrac missiyası çərçivəsində bu ölkəyə çay və narın ixracı ilə bağlı ilkin razılaşma əldə edilib, nar şirəsinin İsveçə ixracı ilə bağlı isə müqavilə imzalanıb. Pakistan və Əfqanıstana həyata keçirilən ixrac missiyaları çərçivəsində quru süd və süd məhsulları, nar şirəsi, qənnadı məhsulları, mebel, boru, metal konstruksiyaları və digər tikinti materiallarının ixracı üzrə, Qətərə ixrac missiyası çərçivəsində isə ət, nar şirəsi və Naftalan neftindən istehsal edilən kosmetoloji və tibbi məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar əldə edilib. Həmçinin, "Gulfood" beynəlxalq ərzaq, "Prowein" şərab sərgilərində sahibkarlarımız vahid ölkə stendləri ilə iştirak edib, çeşidli məhsulların ixracı ilə bağlı ilkin razılaşmalar bağlayıb və sifarişlər qəbul olunub.
İxracın təşviqi tədbirləri ilə bərabər, bu sahədə inzibati prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması da təmin olunur, xarici ölkələrdə ixracatçılarımıza dəstək ola biləcək təşkilati tədbirlər görülür. Belə ki, elektron gömrük bəyannaməsinin tətbiqinə başlanılıb, ixrac üçün tələb olunan sənədlərin sayı azaldılıb, qeyri-neft məhsulları üzrə malların mənşə ölkəsinin müəyyən edilməsi üçün ekspertiza xidmətləri tarifləri orta hesabla 30 faiz, mənşə sertifikatının verilmə müddəti üç gündən bir günə endirilib.
İxrac bazarlarında ölkəmizin və ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi məqsədilə ticarət nümayəndələrinin təyin edilməsi ilə bağlı müvafiq Prezident İlham Əliyevin Fərmanının icrasına başlanılıb, ölkəmizin ilk ticarət nümayəndəsi qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşımız olan Rusiya Federasiyasına təyin olunub. Belarusda yaradılmış Azərbaycan Ticarət Evinin bu yaxınlarda açılışı gözlənilir. Eyni zamanda, Ukraynada bununla bağlı işlər aparılmaqla yanaşı, məhsullarımızın ixrac potensialı olan digər ölkələrdə də ticarət evlərinin yaradılması nəzərdən keçirilir.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Qazaxıstanın Aktau şəhərində müasir logistika mərkəzi yaradılıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu yaxınlarda mərkəzə baxış keçirərkən, onun fəaliyyətini yüksək qiymətləndirib və burada xüsusi gömrük rejiminin tətbiq edilməsi barədə aidiyyəti orqanlara tapşırıq verib. Eyni zamanda, ixracın təşviqi tədbirləri çərçivəsində AZPROMO tərəfindən cari ilin üç ayında 50-dən çox tədbir keçirilib, 30-dan çox şirkətə ixrac üzrə fərdi xidmət göstərilib, ixrac portalları istifadəyə verilib, "GO EXPORT" layihəsi üzrə 5 proqram təşkil edilib və regionlarda təlimlər keçirilib. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə "İxracatçılar Klubu", habelə, Arıçılar, Qablaşdırma, Tikinti Materialları İstehsalçıları, Şərab, Nar, Fındıq, Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyaları yaradılıb. Bununla yanaşı, qeyri-neft məhsulları ixracının təşviqi istiqamətində həyata keçirilən tədbirlər sahibkarların öz məhsullarını ixrac etməyə marağını artırıb, bu isə, cari ilin ixrac göstəricilərində də öz əksini tapıb. Belə ki, bu ilin ilk rübündə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft məhsullarının ixracı 8,6 faiz (üzən platformanı istisna etsək, 32,5 faiz), o cümlədən, kənd təsərrüfatı və emalı məhsullarının ixracı 44 faiz, sənaye məhsullarının ixracı isə həmin platformanı istisna etsək, 25 faiz artıb.
Bəllidir ki, bəzi kimya məhsulları, qara metal və alüminium, elektrik avadanlıqları, mebel, şərab, şirələr, meyvə-tərəvəz, pambıq, tütün, fındıq, barama, xalça və bir sıra digər məhsullar üzrə ixracın genişləndirilməsi üçün, xüsusilə böyük imkanlar mövcuddur. Bu baxımdan, ixracyönümlü müəssisələrin yaradılmasının dəstəklənməsi, prioritet ixrac bazarlarında ticarət evlərinin açılması və ticarət nümayəndələrinin təyin olunması, ixrac prosedurlarının daha da sadələşdirilməsi, Azərbaycanda istehsal olunan məhsullara verilən sertifikatların xarici ölkələrdə tanınması, ixrac məhsullarında keyfiyyət, qablaşdırma və etiketlənmə sahəsində beynəlxalq standartların tətbiqi, ixrac üzrə mütəxəssislərin hazırlanması tədbirləri bundan sonra da davam etdiriləcək. Bununla yanaşı, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, xarici kütləvi informasiya vasitələrində Azərbaycan məhsullarının reklam kampaniyası aparılacaq.
"Səs" Analitik Qrupu