Oyunların keçiriləcəyi müddətdə turistlər islam ölkələri və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin əyani şahidi olacaqlar
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, himayəsi və dəstəyi, birbaşa ölkəmizin Birinci vitse- prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən regional və beynəlxalq layihələr ölkəmizin qlobal səviyyədə nüfuzunu daha da artıraraq, Azərbaycanı mədəniyyətlərarası dialoqun inkişafı sahəsində xalqları, dövlətləri, sivilizasiyaları bir araya gətirməyə yönəlmiş mühüm bir missiyanı həyata keçirən multikultural və tolerant bir ölkəyə çevirib. Bu gün artıq hər kəs düşünür ki, IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi bunun növbəti əyani və uğurlu sübutu olacaq.
Bundan əlavə, oyunların keçiriləcəyi günlərdə turistlər üçün Bakı şəhərində və regionlarda yerləşən tarix-mədəniyyət qoruqları, müxtəlif profilli muzeylər və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olunacaq. Muzey və qalereyalar oyunlar zamanı ölkəmizdə olan turistlərə daha uzun müddətdə xidmət göstərməsi üçün iş rejimlərini müvəqqəti uzadılmış şəkildə həyata keçirəcəklər.
Müvafiq qurumlarla, təhlükəsizlik, nəqliyyat təşkilatları ilə əldə olunmuş razılığa əsasən, oyunların keçiriləcəyi günlərdə turist avtobusları müəyyənləşdirilmiş "şəhər turu" marşrutu üzrə paytaxtımızın qonaqlarına öz xidmətlərini təqdim edəcək. Turistlərin suallarını cavablandırmaq, onlara lazımi köməyin operativ şəkildə həyata keçirilməsi məqsədilə könüllülərdən ibarət "Ask me - Məndən soruş" layihəsi təşkil olunacaq. Bu gənclər kütləvi yerlərdə fəaliyyət göstərəcəklər. Oyunlar zamanı ölkəmizə təşrif buyuracaq turistlərə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən lazımi informasiyanın verilməsi, müvafiq köməyin göstərilməsi, bir növ ilkin bələdçilik funksiyasını yerinə yetirmək məqsədilə Bakı şəhərində yerləşən əsas mehmanxanalarda növbəli qrafik əsasında fasiləsiz fəaliyyət göstərən qərargahlar yaradılacaq.
Həmçinin, "Go-map" naviqasiya sistemi təkmilləşdirilərək, istifadəçilərin ixtiyarına verilib. Bu naviqasiya sistemi vətənimizin qonağı olan hər bir kəs üçün elektron xəritə üzərindən virtual bələdçilik vəzifəsini yerinə yetirəcək. Bu gün "Go-map" sistemindən gündə 25 min nəfər istifadə edir. IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə aprel ayında, hazırda ərəb ölkələrində keçirilən bütün turist sərgilərində oyunlar haqqında geniş məlumat yayılır və bu proses oyunlar zamanı da davam etdiriləcək. Eyni zamanda, "Euronews" və "CNN" telekanallarında müvafiq reportajların yayımlanması haqqında razılıq əldə olunub. "Baku Guide" kitabçasının xüsusi buraxılışı təmin olunub və bütün mehmanxanalara çatdırılacaq.
Belə ki, Heydər Əliyev Sarayında mayın 13-dən etibarən həm Dövlət Rəqs Ansamblının çıxışları, həm də xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın konsertləri təşkil olunacaq. Eyni zamanda, Türkiyənin tanınmış rəqs ansamblı - "Anadolu atəşi" də çıxış edəcək. Azərbaycan Dövlət Musiqili Teatrında Üzeyir Hacıbəylinin əsərlərinin tamaşaları təqdim olunacaq. Beynəlxalq Muğam Mərkəzində "Muğam axşamı", Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq Ritm Qrupu"nun, caz ifaçılarının xüsusi konsertləri təşkil ediləcək. Mayın 20-dən etibarən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, həmçinin, Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" və "Arşın mal alan" əsərləri əsasında hazırlanan tamaşaların nümayişi nəzərdə tutulur. Teatr tamaşalarında həm gənc Azərbaycan müəlliflərinin, həm də klassik müəlliflərin əsərləri əsasında qurulmuş səhnələr təqdim olunacaq. Bütün teatrlarda isə sinxron tərcümə təşkil ediləcək. Teatrlarda gedən tamaşaların mətnini həm rus, həm ingilis dilində izləmək mümkün olacaq.
Bundan başqa, xüsusi sərgilər də təşkil olunacaq: Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində "İslam Dünyasının Musiqi Mədəniyyəti Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Kolleksiyalarında" adlı sərgi. Heydər Əliyev Mərkəzində davam edəcək sərgilər cədvəl əsasında qurulacaq. Azərbaycan Milli İncəsənət Muzeyində "Azərbaycan Milli İncəsənət Muzeyinin Kolleksiyalarında İslam İrsi", Azərbaycan Xalça Muzeyində "İlahi Sənət: Naxışlar, İlmələr", Azərbaycan İstiqlal Muzeyində Azərbaycan Dövlət Din Tarixi Muzeyinin kolleksiyasından ibarət "İslam: Sülh və Birlik" adlı sərgilər və Muzey Mərkəzində "Azərbaycan İslam Abidələri" adlı fotosərgi açılacaq "Nizami" Kino Mərkəzində "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi filmlərin festivalı keçiriləcək. "Niyyət", "Buta", "Nabat" bədii filmlərinin, "Bakı - İslam Mədəniyyətinin Paytaxtı", "Bakı əsrlərin aynasında", "Bakı Birinci Avropa Oyunları", "Azərbaycan xalçası", "Çovqan", "Lahıc", "Qobustan - bəşəriyyətin beşiyi", "Hapıtlar", "Eviniz nurla dolsun", "Azərbaycan mətbəxi. Dad sonrası dad" sənədli filmlərinin nümayişi olacaq.
Bir sözlə, IV İslam Həmrəyliyi Oyunları zamanı turistləri zəngin turizm-mədəni proqram gözləyir. Düşünürük ki, oyunların keçiriləcəyi müddətdə turistlər islam ölkələri və Azərbaycan xalqının ənənəvi mədəniyyətinin əyani şahidi olacaqlar.
"Səs" Analitik Qrupu