Nəqliyyat tədbirlərinin düzgün koordinasiyası paytaxt sakinlərinin gündəlik həyatında yarana biləcək maneələrin minimuma endirilməsinə imkan verəcək
Son illər ölkəmiz beynəlxalq miqyaslı mötəbər yarışlara, qlobal forumlara, konfranslara, bir sözlə, nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Eyni zamanda, bütün bu tədbirlər Azərbaycanımızın gücünü, potensialını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirir. Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı, həmçinin, ölkənin I vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin fəaliyyəti nəticəsində, birinci Avropa Oyunlarının yüksək səviyyədə hazırlanıb keçirilməsi zamanı böyük təcrübə əldə edilib. Bu təcrübəyə əsaslanaraq, ölkəmizin həyatında çox əlamətdar hadisə olan IV İslam Həmrəyliyi Oyunlarının da ən yüksək səviyyədə keçiriləcəyinə əminik.
IV İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi tərəfindən Bakı Nəqliyyat Agentliyinə həvalə edilib ki, açılış və bağlanış mərasimləri zamanı ictimai nəqliyyatı təşkil etsin, atletlərin nəqliyyatı üçün sürücülər ayrılsın, idman arenalarına ictimai nəqliyyatla gediş-gəliş təmin edilsin, "Koroğlu" Nəqliyyat-Mübadilə Mərkəzinin öz tədbirləri, həmçinin, maarifləndirmə və digər zəruri tədbirlər həyata keçirilsin.
Məlum olduğu kimi, oyunların sınaq açılışında, açılış və bağlanış mərasimlərində müvafiq olaraq 23 min, 30 min və 60 min nəfərin iştirakı gözlənilir. Qeyd edilən mərasimlər zamanı tamaşaçıların Bakı Olimpiya Stadionuna çatdırılması və mərasimlər bitdikdən sonra seçilmiş istiqamətlər üzrə metronun "20 Yanvar", "Gənclik" və "Qara Qarayev" stansiyalarına çatdırılması üzrə 3 ekspress xəttin təşkil edilməsi məqsədilə 228 avtobus cəlb olunub. Zərurət yaranacağı təqdirdə, ekspress xətlərə əlavə avtobusların buraxılması üçün 90 avtobus ehtiyatda saxlanılacaq. Bu istiqamətlər üzrə Bakı şəhərində sərnişindaşıma ilə məşğul olan bütün daşıyıcılar tərəfindən müəyyən edilən avtobus və sürücülərin siyahısı yekunlaşdırılıb. Sınaq açılışı, açılış və bağlanış mərasimləri zamanı tamaşaçıların daşınması ekspress xətlər vasitəsilə Olimpiya Stadionuna və mərasimlər bitdikdən sonra müəyyən edilən istiqamətlərdə ödənişsiz əsasda həyata keçiriləcək. Bununla bağlı, agentlik tərəfindən aidiyyəti daşıyıcılarla görüşlər keçirilib və müvafiq razılaşmalar əldə edilib.
Atletlər üçün sürücülər bəndinə əsasən, beynəlxalq səviyyəli idman tədbirlərinin praktikasına uyğun olaraq, oyunlarda iştirak edəcək atletlərin rahat hərəkətinin və maksimum təhlükəsizliyinin təmin edilməsi məqsədilə Əməliyyat Komitəsi tərəfindən xüsusi ayrılmış avtobuslardan istifadə edilməsi planlaşdırılıb. Ayrılmış 144 ədəd "Neoplan" və 20 ədəd "Sprinter" markalı avtobusların idarə edilməsi üçün 320 sürücünün cəlb edilməsi nəzərdə tutulub.
Sürücülərin siyahısı müvafiq strukturlar - Səhiyyə Nazirliyi, Xüsusi Dövlət-Mühafizə Xidməti, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən uyğunluğa dair yoxlamadan keçirilib. Yoxlamadan keçən 490 sürücü Bakı Nəqliyyat Agentliyinin Sürücü-Təlim Mərkəzində xüsusi təlimlərə cəlb edilib və artıq 245 sürücü təlimi uğurla başa vurub.
Mayın 18-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən "Dalğa Arena"da keçiriləcək iki futbol oyununda iştirak edəcək tamaşaçıların və digər şəxslərin daşınması üçün "Koroğlu" metrosu-"Dalğa Arena" istiqamətində xüsusi ekspress xəttin fəaliyyəti təmin ediləcək.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq tapşırığına əsasən, Əməliyyat Komitəsi tərəfindən akkreditasiya edilmiş sərnişinlərin (könüllülər, işçi qüvvəsi, media nümayəndələri və digər iştirakçıların) Bakı şəhərinin şəhərdaxili və şəhərətrafı marşrut xətlərindən mayın 1-dən 30-dək ödənişsiz istifadəsi təmin olunacaq. Bu məqsədlə İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən verilmiş akkreditasiya kartlarının nümunələri müvafiq daşıyıcılara təqdim edilib. Ümumilikdə, atletlərin nəqliyyat üzrə tələbatının təmin edilməsi tədbirləri çərçivəsində atletlər üçün ayrıca nəqliyyat mərkəzinin yaradılması da həyata keçirilib. Bunun üçün "Koroğlu" Nəqliyyat- Mübadilə Mərkəzinin ərazisi seçilib. Bu məqsədlə müvəqqəti fəaliyyət ərazisi kimi Milli Gimnastika Arenası ilə üzbəüz ərazi müəyyən edilib. Tərəfimizdən hazırlıq işləri aparılıb, ərazinin plan-sxeminin layihəsi tərtib edilərək, müvafiq dövlət qurumları ilə razılaşdırılıb.
Hazırlıq işləri bitdikdən sonra avtobus əməliyyatı aprelin 3-də tam şəkildə Milli Gimnastika Arenası ilə üzbəüz yerləşən həmin əraziyə köçürülüb. Gün ərzində "Koroğlu" HUB-a ətraf kənd və qəsəbələrdən 29 marşrut üzrə 430 avtobus daxil olur.
Müvəqqəti yaradılmış "Koroğlu" HUB-da sərnişinlərin rahatlığının və ən əsası, təhlükəsizliyinin artırılması məqsədilə bir sıra zəruri tədbirlər görülüb. O cümlədən, avtobusların sürətinin azaldılması üçün xüsusi tramplinlər quraşdırılıb, sərnişinlər üçün istiqamətləndirici və məlumatlandırma lövhələr yerləşdirilib. Piyadaların təhlükəsiz hərəkətinin və məlumatlandırma işlərinin əhəmiyyətini nəzərə alaraq, könüllülərin imkanlarından da geniş istifadə edilir.
Qeyd edilən məsələlərdən əlavə digər təşkilati və texniki tədbirlər də həyata keçirilir. Nəqliyyatı İntellektual-İdarəetmə Mərkəzinin inzibati binasında müvafiq dövlət qurumlarının və Əməliyyat Komitəsinin nümayəndələrindən ibarət Nəqliyyat-Əməliyyat Mərkəzinin təşkili işləri aparılır. Oyunlar zamanı nəqliyyatın ümumi mərkəzləşdirilmiş idarəetməsi, məhz burada aparılacaq. Beləliklə də, həyata keçirilən tədbirlər onu göstərir ki, IV İslam Həmrəyliyi Oyunları zamanı nəqliyyat sistemi yüksək peşəkarlıqla idarə ediləcək.
"Səs" Analitik Qrupu