Prezident İlham Əliyev: "Üzüm istehsalı, o cümlədən texniki üzümün istehsalı artmalıdır, şərab zavodlarımız tam gücü ilə işləməlidir və ixrac da kəskin şəkildə artmalıdır"
Respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin və islahatların nəticəsi olaraq, qeyri-neft sektorunun, o cümlədən, aqrar sənayenin inkişafı təmin olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramları, strateji sənədlər və mexanizmlər qeyri-neft sektorunun inkişafına, yeni ixracyönümlü istehsal sahələrinin yaradılmasına, ixracın genişləndirilməsinə böyük təkan verir. Belə sahələrdən biri də üzümçülük və şərabçılıqdır.
Məlum olduğu kimi, 1980-ci illərin ikinci yarısından başlayaraq, Ulu Öndərimizin böyük zəhməti sayəsində respublikamızın bütün rayonlarında salınmış üzüm bağları sovet hökumətinin yanlış "yenidənqurma" siyasəti nəticəsində, demək olar ki, məhv edilmiş, şərab emalı müəssisələri istifadəsiz qalmışdı. Bu sahədə müşahidə olunan tənəzzülün qarşısı Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən dönüşündən sonra alındı, üzümçülük və şərabçılığa diqqət yenidən artmağa başladı.
Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı proqramları və "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" ölkəmizdə üzümçülük və şərabçılığın inkişafına böyük dəstək olub. Bu sahədə əhəmiyyətli işlər görülüb, üzüm istehsalı və emalı sahəsinin inkişafına dövlət tərəfindən 40 milyon manatdan çox güzəştli kredit verilib, müasir bağlar salınıb, son texnoloji avadanlıqlarla təchiz olunmuş şərab zavodları qurulub, məhsulların çeşidləri və keyfiyyətində inqilabi dönüş edilib.
Bütün bunların nəticəsidir ki, Azərbaycanın şərab və konyakları mötəbər sərgi və dequstasiyalarda ən yüksək qiymətə və təltiflərə layiq görülməyə başladı. Təkcə son aylar ərzində şərablarımız Çində keçirilən sərgidə qızıl medala, Bolqarıstanda keçirilən müsabiqədə isə gümüş medala layiq görülüb. Şərab və konyak məhsullarımızın qeyri-neft ixracında payı da artmaqdadır. Ötən illə müqayisədə bu ilin ilk üç ayı ərzində şərab ixracımız 29 faiz, konyak məhsullarımızın ixracı isə 2,3 dəfə artıb. Lakin şərabçılarımızın potensialı bundan dəfələrlə çoxdur.
Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş ixracatçılara dəstək mexanizmləri və "Made in Azerbaijan" brendinin təşviqi tədbirlərindən ən aktiv bəhrələnən, məhz şərab istehsalçılarıdır. İxrac təşviqi mexanizminin başladığı 2016-cı ilin noyabrından bu günədək şərab və konyak məhsullarının ixracına görə, 460 min manatdan çox məbləğdə ixrac təşviqi, məhz şərabçılarımıza ödənilib. Şirkətlərimiz Çinə və Almaniyaya təşkil olunmuş ixrac missiyalarında, Belarusda və Ukraynada biznes forumlarda, digər çoxsaylı işgüzar görüşlərdə iştirak edib, məhsulları təşviq etmək imkanı qazanıb və uğurlu nəticələr əldə edib.
Mart ayında respublikamızın qabaqcıl 9 şərab istehsalçısı dünyanın şərabçılıq sahəsində ən mötəbər, 60 mindən çox qonağı və 6200 stendi olan "Provayn Düsseldorf" sərgisində vahid ölkə stendi ilə iştirak edib.
Göründüyü kimi, bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində, bütün sahələr kimi, Azərbaycan şərabçılığının da şöhrəti bərpa edilir. Prezident İlham Əliyevin Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxışı zamanı dediyi kimi, üzümçülük üçün bizim gözəl təbii şəraitimiz var: "1970-1980-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üzümçülük nə qədər inkişaf edib. Biz indi üzümçülüyü bərpa etməliyik və bərpa edirik. Yeni üzüm bağları salınmalıdır və bizim şərab zavodlarımız da tam gücü ilə işləməlidir. Mənə verilən məlumata görə, şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butulkadır. Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik. Ona görə, üzüm istehsalı, o cümlədən, texniki üzümün istehsalı artmalıdır, şərab zavodlarımız tam gücü ilə işləməlidir və ixrac da kəskin şəkildə artmalıdır. Məndə olan məlumata görə, keçən il ixrac artıb. Ancaq əgər biz rəqəmlərə baxsaq, görərik ki, konyak və şərab ixracı ölkəmizə cəmi 17,5 milyon dollar vəsait gətirib. Ona görə, biz şərab və konyak məhsullarının istehsalını və ixracını ən azı 5 dəfə artıra bilərik, özü də qısa müddət ərzində. Biz buna da nail olmalıyıq. Üzümçülüyün, şərabçılığın inkişafı ilə bağlı əlavə təkliflər hazırlanacaq".
"Səs" Analitik Qrupu