Prezident İlham Əliyev: "Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik"
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, qeyri-neft sektorunun inkişafı, biznes mühitinin yaxşılaşdırılması və sahibkarlara göstərilən dəstək ölkəmizdə biznes imkanlarının genişlənməsi və yeni investisiyalar üçün əlverişli şərait yaradıb. İnkişaf etdirilən sahələrdən birini də fındıqçılıq təşkil edir. Fındıqçılıq ölkəmizin kənd təsərrüfatının ən önəmli sahələrindən biridir.
Prezident İlham Əliyevin 2016-cı il 16 noyabr tarixli Sərəncamına uyğun olaraq, dövlət tərəfindən fındıq pöhrələrinin alınaraq, fermerlərə pulsuz verilməsi məhsul istehsalının genişləndirilməsinə böyük töhfə verir. Bununla yanaşı, fındıq istehsalçılarına verilən 10 milyon manat məbləğində güzəştli kreditlər bu sahənin inkişafına dəstək olub. Hazırda ölkəmizdə 50 min hektardan çox fındıq bağları mövcuddur. 2016-cı ildə yeni bağlar salınıb və bu işlər hazırda da davam edir. Bu ilin ilk üç ayı ərzində 62 min fındıq ağacı yetişdirilərək, yeni tingçilik təcrübə stansiyası yaradılıb.
Hava şəraitinin fındıqçılıq üçün əlverişli olmasını və yeni aqrotexniki qaydaların tətbiqini nəzərə alaraq, bu il 60 min tonadək məhsul yığılmasını və ya keçən illə müqayisədə təqribən 50 faizlik artım gözlənilir. Qeyd edək ki, Azərbaycan dünyada dördüncü fındıq ixracatçısıdır. Keçən il fındıq qeyri-neft sektoru üzrə ən böyük ixrac məhsulu olub. Belə ki, ölkəmizdən 105 milyon ABŞ dolları məbləğində fındıq ixrac olunub. Bu ilin ilk üç ayında isə, 20 milyon dollar dəyərində fındıq ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisə etsək, 3 faizlik artıma nail olmuşuq. İlin sonunadək fındıq ixracında böyük həcmdə artım gözlənilir.
2017-ci il üçün beynəlxalq proqnozlara görə, dünya üzrə fındıq istehsalının artımı gözlənilir. Nəticədə, dünya bazarında əsas fındıq istehsalçı və təchizatçı ölkələri arasında rəqabət artacaq. Bu rəqabətə davamlılığı təmin etmək üçün Azərbaycanda fındığın yüksək keyfiyyətinin saxlanması üçün fermer təsərrüfatları ilə təbliğat işləri aparılır və texniki dəstək göstərilir. Keyfiyyət göstəriciləri ilə yanaşı, məhsulun qiymət baxımından rəqabətqabiliyyətliyi önəmlidir. Bu xüsusda vergi qanunvericiliyinin təkmilləşdirilməsi və ixracın rəsmiləşdirilməsi prosedurları istiqamətində aidiyyəti qurumlarla birgə iş aparılır. Məhsullarımız üçün yeni bazarlar araşdırılır və orada fəaliyyət göstərən idxalçı və alıcılarla əlaqə qurulur. Azərbaycana məxsus və dünyada ən keyfiyyətli fındıq növlərindən olan "Ata-baba" sortu xarici müştərilər arasında təbliğ edilir.
Bir sözlə, bu gün fındıqçılıq sahəsində dövlətin fermerlərə, sahibkarlara göstərdiyi dəstək bu sahənin də inkişafına səbəb olacaq. Prezident İlham Əliyevin Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxışı zamanı dediyi kimi, 2016-cı ildə bizə ən çox valyuta gətirən məhsulların sırasında birinci yerdə fındıqdır - ölkəmizə 105 milyon valyuta gəlib: "Fındıqçılığın inkişafı çox sürətlə gedir... biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir... Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik".
"Səs" Analitik Qrupu