Ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin qlobal təşəbbüsüdür
Məlum olduğu kimi, paytaxtımız növbəti beynəlxalq nüfuzlu tədbirə ev sahibliyi edir. Mayın 4-dən 6-dək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda dünyanın siyasi və mədəni həyatında xüsusi çəkisi olan dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri, siyasətçilər, hökumət nümayəndələri, mədəniyyət və incəsənət xadimləri, eləcə də, alimlər müxtəlif mövzularda diskussiya aparacaqlar.
Ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin qlobal təşəbbüsüdür. Təsadüfi deyil ki, bu forumun və prosesin tərəfdaşları UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO kimi beynəlxalq təşkilatlardır. Məhz bu, dövlətimizin başçısının dünya miqyasında sülh və dialoqa, əməkdaşlığa çağırış siyasətini dəstəkləməsinə bariz nümunədir. IV Forumun "Mədəniyyətlərarası dialoqun inkişafı: insan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlar" şüarı gələn il 10 yaşı tamam olacaq "Bakı prosesi"nin bütün mərhələlərindəki çağırışları və beynəlxalq gündəlikdə duran məsələləri əks etdirir. Bu baxımdan, forum çərçivəsində ölkəmizin təklifi və tərəfdaş beynəlxalq qurumların dəstəyi ilə bir sıra yeni təşəbbüslərin əsası qoyulacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində ölkəmiz dünyanın mədəniyyət və mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib və xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Bu istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər bəşəriyyətin təhlükəsiz gələcəyi və birgəyaşama ənənələrinə, dialoq və mədəni müxtəlifliyə dəstəyin bariz nümunəsidir. Azərbaycan dövləti və şəxsən Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə "Bakı prosesi" təşəbbüsü irəli sürülüb. Bu təşəbbüs çərçivəsində 2008-ci ildə dekabrın 2-3-də Bakıda Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin "Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın və sülhün əsasıdır" mövzusunda konfransı, "Bakı prosesi"nin davamlılığını təmin etmək məqsədilə 2009-cu ildə oktyabrın 13-15-də paytaxtımızda İslam Ölkələri Mədəniyyət Nazirlərinin VI Konfransı keçirilib. Avropa konfransına 10 müsəlman ölkəsindən, islam ölkələri nazirlər konfransına isə Avropadan 10 ölkənin Azərbaycan tərəfindən dəvət edilməsi ilə dövlətimiz beynəlxalq tədbirlərin formatına yeni ənənələr gətirib. Bunun davamı olaraq 2010-cu il sentyabrın 23-də BMT Baş Məclisinin 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşəbbüsü elan edilib. Beləliklə, Azərbaycan regional təşəbbüsdən qlobal miqyasa çıxıb. Nəticədə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə əsası qoyulmuş "Bakı prosesi" çərçivəsində 2011-ci, 2013-cü və 2015-ci illərdə I, II və III Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları, habelə, 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu ölkəmizdə yüksək səviyyədə təşkil edilib. 170-dən çox ölkənin, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın tanınmış şəxsiyyətləri və elm adamları da daxil olmaqla sözügedən forumların ümumi iştirakçılarının sayı təqribən 10 minə yaxın olub və bu iştirakçılar intellektual və idarəetmə sahələrində dünyanın nüfuzlu insanlarıdır. Bu sıraya Bakıda keçirilmiş Bakı Beynəlxalq Humanitar forumlarını, Dünya Dini Liderlərinin Sammitini, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən forumları, eləcə də, Olimpiya Oyunları səviyyəsində təşkil olunmuş Avropa Oyunlarını, forumdan sonra keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarını əlavə etmək olar. Bütün bunlar dövlət siyasətimizin vahid strateji xəttini nümayiş etdirir.
Əlbəttə ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bütün deyilənlərin prizmasından istisna təşkil etmir. Çünki forumda iştirak etmək üçün 120-dək ölkə rəsmisi, 39 beynəlxalq təşkilatdan rəsmilər, 50-dən çox qeyri-hökumət təşkilatları qeydiyyatdan keçib. Təqribən 800-dən çox xarici nümayəndənin forumda iştirakı gözlənilir. Buraya dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların rəhbərləri, parlament rəsmiləri, alimlər, səfirlər, tanınmış şəxslər, 30-dan çox nazir səviyyəsində iştirakçı daxildir. Ölkəmizdə ilk dəfədir ki, 25-dən çox beynəlxalq təşkilat, rəhbər səviyyəsində eyni tədbirdə iştirak edir və onlar dünyanın ən nüfuzlu beynəlxalq institutlarıdır. Onlar beynəlxalq birliyi təmsil edirlər. Bütün bunlar dövlətimizin siyasətinə dəstəyin ifadəsidir.
Həmçinin, forum çərçivəsində beynəlxalq tərəfdaşlarla birgə, ümumilikdə, 40-dək sessiya və tədbir keçiriləcək. Bu sessiyalar insan təhlükəsizliyi, davamlı inkişaf, miqrasiya, mədəniyyətlər və dinlərarası dialoq, ekstremizmə qarşı mübarizə, qaçqın və miqrantlara münasibət, gənclərin və təhsilin mədəniyyətlərarası dialoqda rolu, ərzaq təhlükəsizliyi mövzularını əhatə edəcək. Forumun yüksək səviyyəli tədbirləri BMT tərəfindən həm onların televiziyası, həm də internetdə canlı yayımlanacaq. Bu, ilk hadisədir ki, bilavasitə BMT-nin tədbiri olmasa da, BMT vasitəsilə canlı yayım təmin ediləcək.
Göründüyü kimi, bu forum böyük strateji hədəflərə hesablanan prosesdir. Yəni burada ölkəmizin beynəlxalq qurumlararası münasibətlərə, beynəlxalq təşkilatlarla ölkələr arasında münasibətlərə, ölkələrarası əlaqələrə, ölkələr daxilində qurumlararası münasibətlərə töhfə vermə imkanları qazandıran fəaliyyətdən söhbət gedir. Bu, eyni zamanda, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün böyük imkanlardan biridir.
"Səs" Analitik Qrupu