Mehriban xanım Əliyeva: "Beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını, müştərək məsuliyyətimizi təmin edəcək"
Azərbaycan dünyanın coğrafi və mədəni müxtəlifliyinin qovuşduğu nadir ölkələrdəndir. Azərbaycanın paytaxtı Bakı şəhəri Şərq ilə Qərbin, eləcə də, müasir və tarixi dövrlərin harmonik birləşməsidir. Tarixi boyu Azərbaycan qarşılıqlı əməkdaşlıq və dostluq şəraitində yaşayan müxtəlif mənşəyi və dini olan fərqli icmaların və millətlərin yaşadıqları məkan olub. Şərqin Qapısı kimi tanınan, müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşən və nəhayət, həm islam, həm Avropa təşkilatlarının üzvü olan Azərbaycan çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir.
Bütün bunların fonunda Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla məhsuldar və səmərəli əməkdaşlıq tarixi var. Beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın artan rolunu ön plana çəkən toplantılar və forumlar keçirir. Elə keçirilmiş beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşü bu baxımdan istisna təşkil etmir.
Beynəlxalq təşkilatların birinci yüksək səviyyəli toplantısı Azərbaycan hökuməti, Avropa Şurası, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, ISESCO, BMT-nin Dünya Turizm Təşkilatı və FAO ilə tərəfdaşlığı əsasında təşkil olunur. Həmin təşkilatların fəal üzvü olan Azərbaycan bir sıra mühüm beynəlxalq tədbirlər keçirib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva həmin görüşdə çıxış edərək bildirib ki, bu cür tədbirlərin böyük rəmzi mənası var: "Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi edib və mayın 12-də isə IV İslam Həmrəyliyi Oyunları başlayacaq. Hər iki tədbir nəticəsində Bakıya 100-dən artıq ölkənin nümayəndələri gəlib və gələcəklər. Biz bunu "Bakı prosesi"nin bir hissəsi hesab edirik".
Mehriban xanım Əliyeva onu da bildirib ki, yüksək səviyyəli toplantının keçirilməsində məqsəd dünyanın siyasi, iqtisadi, mədəni, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarının insanların təhlükəsizliyi, davamlı inkişafı və inklüziv cəmiyyətlə bağlı qarşısında duran məsələləri müzakirə etməkdən ibarətdir: "Biz, həmçinin, çalışırıq birgə tədbirlər görək ki, mədəniyyətlər və sivilizasiyalar arasındakı gərginliklər aradan qalxsın. Çünki onlar bəzi hallarda dini, mədəni və sosial məhdudiyyətlər yaradır. Bu təşəbbüs resursları səfərbərliyə almaq, o cümlədən, dünyanı daha təhlükəsiz etmək üçün birgə səylərin göstərilməsində əlavə platforma olacaq. Ona görə, beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə birinci yüksək səviyyəli toplantının keçirilməsi mədəniyyətlərarası anlaşmanı, tolerantlığı, qarşılıqlı hörməti, qlobal vətəndaşlıq etikasını və müştərək məsuliyyətimizi təmin edəcək".
Bu gün Azərbaycan dünya üçün əvəzsiz işlər görür və bunu dünyada sülhün, əmin-amanlığın qorunmasına görə edir. Hətta millətləri və dinləri bir-birinə daha yaxın edən mühüm siyasi təşəbbüslərdən başqa, Azərbaycan dünyanın müxtəlif yerlərində müxtəlif humanitar və xeyriyyə layihələri həyata keçirib. Məsələn, bu sıraya Pakistanın Müzəffərabad regionunda 2005-ci ildə zəlzələ nəticəsində dağılmış qızlar üçün məktəbin yenidən tikilməsi, Romada qədim Marçellinio və Pietro katakombalarının bərpası, Versal Sarayının parkında tarixi abidələrin bərpası, Bosniya və Herseqovina, Gürcüstan, Macarıstan, Rumıniya, Rusiya və Serbiyanın bir sıra şəhərlərində məktəblərin, məscid və kilsələrin, reabilitasiya mərkəzlərinin, tibb ocaqlarının və istirahət parklarının tikintisi, Fransanın Aşağı Normandiya regionunda 20-yə yaxın yerli kilsənin, Strasburq kilsəsində şüşə vitrajların bərpası, Vatikanın Apostol Kitabxanasında qədim əlyazmaların bərpası və rəqəmsal formata salınması, Vatikan muzeylərində bir sıra abidələrin bərpası, Luvr Muzeyində İslam İncəsənəti şöbəsinin yaradılmasında iştirak, Bolqarıstanın Veliko Tırnovo şəhərində Trapezitsa Memarlıq Muzeyi Qoruğunun bərpası, Almaniyanın Berlin kiləsinin bərpasında iştirak, İtaliyada, Romada Kapitoli Muzeyində filosoflar zalının bərpası daxildir. Məhz bütün bunlar mədəniyyətlərarası dialoqun potensialına və mövcudluğuna olan güclü inamı aydın şəkildə göstərir. Qlobal mədəni irsin qorunmasına verilən töhfə Azərbaycanın multikulturalizm dəyərlərinə birmənalı bağlılığını nümayiş etdirir.
"Biz öz fəaliyyətimizlə göstərməliyik ki, dünyada müxtəliflik mövcuddur. Eləcə də islam mədəniyyəti, islam irsi bütün dünya üçün vacibdir. Bu sivilizasiya, sülhlə bağlı bir məsələdir. Bu, UNESCO adından mesajdır", - deyən UNESCO-nun baş direktoru İrina Bokova bu cür məsələlərə hər zaman xüsusi diqqət ayıran Azərbaycan hökumətinə təşəkkür edib.
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri qeyd edib ki, mədəni irs bəşəriyyətin ən vacib resursudur. Ortaq dəyərlərə xidmət etmək hamı üçün vacibdir. Mədəni abidələr qorunmalıdır. "Biz məhəbbətin eşqin və sülhün elçiləri olmalıyıq. Habelə, gənclərimizə daha diqqətli olmalı, onları dəstəkləməli, onlara ilham verməliyik. Biz onlara nəyisə diktə etməməliyik. Biz onları dəstəkləməliyik. Çünki bir çox ölkələrdə gənclər irqçi və miqrant olmaq arzusu ilə yaşayırlar. Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bütün bu problemlərin həlli yollarının birgə araşdırılması baxımından əhəmiyyətlidir", - deyə ISESCO-nun baş direktoru vurğulayıb.
Təhlükəsizliyin, təkcə ölkə daxilində deyil, kənarda, qonşu ölkələrdə baş verən hadisələrlə bağlı olduğunu söyləyən NATO-nun İctimai Diplomatiya üzrə baş katibinin müavini Tacan İldem bildirib ki, Azərbaycan bizim təşəbbüslərimizi dəstəkləyir və konkret addımlar atır.
Eyni zamanda, BMT Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) kabinet rəhbəri Mario Lubetkin, BMT-nin Nayrobi Ofisinin baş direktoru Sahle Zevde, həmçinin, Ərəb Maqreb Birliyi, Afrika Birliyi Komissiyası, Qırmızı Xaç Komitəsi, Beynəlxalq Miqrasiya Təşkilatı, Parlamentlərarası Birlik, Dünya Bankı, İslam İnkişaf Bankı, KAICIID, OECD, UNEP, USAID, TIKA, KOICA, GIZ, Fransa İnkişaf Agentliyi və digər nüfuzlu qurumların təmsilçiləri verdiyi töhfələrə görə Azərbaycana təşəkkürlərini çatdırıblar.
"Səs" Analitik Qrupu