Yaxud ÜAK-ın ləğvi ilə Rusiyadakı anti-Azərbaycan dairələr, xüsusən, erməni lobbisi iki ölkə arasındakı əlaqələri sınaq qarşısında qoymaq istəyir
Azərbaycan dövləti hər zaman ayrı-ayrı ölkələrlə dinc, yanaşı yaşamaq və qarşılıqlı hörmət prinsipinə üstünlük verib. Xüsusən, rəsmi Bakı qonşu ölkələrlə dostluq münasibətlərini davamlı olaraq genişləndirmək, siyasi-iqtisadi və mədəni əlaqələrini dərinləşdirmək istiqamətində xeyli uğurlar əldə edib. Əlbəttə ki, bu sırada Rusiya öndə gələn ölkələrdəndir. Çünki Azərbaycan-Rusiya əlaqələri hər il genişlənməkdədir və hər iki ölkənin siyasi-iqtisadi və mədəni həyatında ruslar və azərbaycanlılar geniş şəkildə iştirak ediblər.
Azərbaycan hər zaman Rusiyaya qarşı xoş münasibətdə olub
Qeyd edək ki, bu gün Cənubi Qafqaz respublikaları arasında Azərbaycan yeganə ölkədir ki, burada yüz mindən çox etnik rus yaşayır. Onlar ölkəmizin həm siyasi, həm də ictimai-mədəni həyatında əhəmiyyətli dərəcədə iştirak edirlər. Azərbaycandakı Rus İcmasının da, etiraf etdiyi kimi, ruslar Azərbaycanda çox rahat və təhlükəsiz yaşayırlar. Bu gün Azərbaycanda onlarla rusdilli qəzet və saytlar, televiziyalar mövcuddur. Paytaxtımızda Səməd Vurğun adına Rus Dram Teatrı, Bakı Slavyan Universiteti fəaliyyət göstərir. Az qala hər həftə Rusiyanın incəsənət ustaları ölkəmizin böyük mədəniyyət saraylarında konsert proqramları ilə çıxış edirlər.
Bir sözlə, dövlətimiz rus dilinin və mədəniyyətinin qorunub- saxlanması, rusdilli təhsil müəssisələrinin, Rus İcmasının və digər bu kimi təşkilatların fəaliyyətinin təmin edilməsi, ölkədə yaşayan çoxsaylı rusların vətəndaş hüquqlarının təmin olunması üçün bütün zəruri addımları atır. Bu, bir daha göstərir ki, Azərbaycan dövləti və xalqı həmişə Rusiyaya qarşı xoş münasibətdədir.
Rusiyada yaşayan azərbaycanlıların bu ölkənin həyatında əhəmiyyətli rolu var
Azərbaycan Rusiya ilə münasibətlərin strateji xarakter daşıdığını həmişə bəyan edib, ticarət-iqtisadi və siyasi əlaqələrin daha da sıxlaşmasında maraqlı olub. Eyni zamanda, Azərbaycan dövləti daim Rusiyanın regiondakı strateji maraqlarını nəzərə alıb, ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində faydalı əməkdaşlıq əlaqələri qurulub və qarşılıqlı dəstək verilib.
Bununla yanaşı, Rusiyanın da siyasi və iqtisadi həyatında azərbaycanlılar böyük nüfuz sahibidirlər. Rusiyadakı onlarla milyarder arasında bir neçə soydaşımız da var. Onlar bu gün Rusiya iqtisadiyyatında ən böyük vergi ödəyiciləridir.
Rusiyada yüz minlərlə azərbaycanlı bu ölkədə geniş iqtisadi əlaqələrə sahibdirlər. Onlar hər iki ölkənin iqtisadi əməkdaşlığına böyük töhfələr verirlər. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin biri-birlərinə qarşı böyük hörmət və sayğısı da bir gerçəklikdir.
Ermənipərəst qüvvələr münasibətləri korlamaq üçün fəaliyyətə keçib
İki ölkə arsındakı belə isti münasibətlər də, təbii olaraq, Rusiyadakı bəzi qüvvələri narahat etməkdədir. Xüsusən, son illər bu ölkədəki ermənipərəst qüvvələr Azərbaycanla Rusiya arasındakı münasibətləri korlamaq istiqamətində fəaliyyətlərini genişləndirməyə başlayıblar. Belə ki, Rusiyanın dövlət strukturlarındakı anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər. Son zamanlar Rusiyanın ədliyyə sistemindəki bu qrupların fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verir.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən qaldırılmış iddia əsasında keçirilən məhkəmə prosesində Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı ləğv edilib. Təbii ki, bu, hər iki ölkənin dostluq münasibətləri xaincəsinə atılan güllədir. Görünür, Rusiyadakı antiazərbaycan dairələr, xüsusən, erməni lobbisi Rusiya-Azərbaycan arasında münasibətlərini yenidən sınaq qarşısında qoymaq istəyirlər. Lakin heç nəzərə almırlar ki, Rusiyada çoxmilyonlu Azərbaycanlı İcması yaşayır, onlar dost və qonşu ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəallıqları ilə seçilirlər. Rusiyanın Azərbaycan əsilli vətəndaşları fəal seçici və vergiödəyiciləridir. Eyni zamanda, Rusiyanın Azərbaycanlı İcması iki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərində körpü, bu əlaqələrin sağlam məcrada saxlanmasının qarantıdır.
Məhkəmənin qərarı Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinə kölgə salmış olur
Azərbaycan İcmasının ən böyük ictimai birliyinin Rusiyada qeydiyyatının ləğv edilməsi çoxmədəniyyətli, polietnik Rusiya cəmiyyətinin xarakterinə ziddir. Bu, Rusiyada tolerantlıq mühitini, millətlərarası münasibətləri təhdid edən ciddi faktordur. Təbii ki, məhkəmənin belə qərar qəbul etməsi Rusiya-Azərbaycan ikitərəfli əlaqələrinə kölgə salmış olur. Belə bir qərarın qəbul edilməsi Rusiyanın regiondakı fəaliyyətinə, bitərəf mövqeyinə və nüfuzuna da zərbədir.
Əslində, burada ölkəmizə qarşı kin və qərəzin olduğu aydın görünür. Ona görə ki, çoxmillətli Rusiyada çoxsaylı milli təşkilatlar fəaliyyət göstərdiyi halda, məhz Azərbaycan təşkilatlarına qarşı belə qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir. Axı Rusiya cəmiyyətində böyük hörmətə və nüfuza sahib olan Ümumrusiya Azərbaycanlıları Konqresi kimi ciddi bir təşkilatın texniki məsələlərə görə qeydiyyatının ləğvi hüquqi cəhətdən də düzgün deyildir.
Fikir versək, görərik ki, ÜAK-a qarşı belə bir addım Ermənistana hərbi yardımın artırılması fonunda baş verir. Düşünmək olar ki, bu addım Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tərəfsiz vasitəçi missiyasına, ATƏT-in Minsk Qrupunun həmsədri mandatına da kölgə salır.
ÜAK-ın qeydiyyatının ləğvi Azərbaycandakı Rus İcmasını, Azərbaycan diaspor təşkilatlarını, ölkə ictimaiyyətini, media qurumlarını və QHT-ləri narahat edir. Hətta buna görə Azərbaycandakı Rus İcması Rusiya hökumətini düşünülməmiş addımlar atmamağa, hər iki xalq arasındakı münasibətləri erməni lobbisinin girovuna çevirməməyə çağırıb.
Güman edirik ki, ÜAK-ın qeydiyyatının ləğvinə dair qərar Apellyasiya şikayətindən sonra qüvvədən salınacaq. Əks-təqdirdə, bu, rus və Azərbaycan xalqları arasındakı siyasi-iqtisadi və mədəni əlaqələrə xəyanət kimi qəbul olunacaq.
"Səs" Analitik Qrupu