PDF Oxu

Araşdırma

  • 4 072

Anti-milli düşüncə, yaxud iqtisadi savadsızlıq...

image

Cəmiyyətə özünü iqtisadçı kimi sırıyan bəziləri Azərbaycanda həyata keçirilən iqtisadi siyasəti hədəfə almaqla, ölkəmizə qarşı "qara piar" aparan anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərmiş olurlar

Bu gün dünyada davam edən qlobal iqtisadi böhran ayrı-ayrı ölkələrdə ciddi problemlər yaratmaqdadır. Sevindirici haldır ki, Azərbaycan bu böhranlı vəziyyətdən az itkilərlə çıxmağı bacardı. 2017-ci il üçün dünya ölkələrinə bədbin proqnozlar verilməsinə baxmayaraq Azərbaycan bu ilin ilk rübündə inkişaf göstəricilərilə yadda qaldı, makroiqtisadi sabitliyini qoruyub saxladı. 2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Bunu sözügedən dövrdə iqtisadi prosesləri ifadə edən rəqəmlər də təsdiqləyir. Məsələn, cari ilin ilk rübündə iqtisadiyyatın qeyri-neft sektoru 2,4 faiz artıb, qeyri-neft sənayemizin artımı 2 faiz səviyyəsində olub. Bu dövrdə kənd təsərrüfatı 3,5 faiz artıb. Birinci rübdə ölkəmizin valyuta ehtiyatları 1 milyard dollar səviyyəsində artıb. Hazırda Azərbaycanın valyuta ehtiyatları 38,5 milyard dollardır. Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz artıb. Bütün bunlar isə Azərbaycan Prezidenti İlham Əliyevin vaxtında qəbul etdiyi rasional və praqmatik qərarların düzgün şəkildə icra edilməsinin nəticəsidir.

Bu gün Azərbaycan beynəlxalq miqyasda sabitlik adası kimi xarakterizə olunur, ölkəmizdə mövcud olan xalq-iqtidar birliyi sabitliyin, təhlükəsizliyin və tərəqqinin qarantı kimi çıxış edir. Azərbaycanın əldə etdiyi nailiyyətlərə nəzər saldıqda əminliklə söyləmək olur ki, qazanılmış bütün uğurların təməlində məhz həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu dayanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kursun qanunauyğun nəticəsi kimi, Azərbaycan özünəməxsus milli inkişaf modeli ortaya qoyub. Milli inkişafın Azərbaycan modelinin formalaşdırılması və səmərəli iqtisadi siyasət sayəsində hədəflənən nəticələrin əldə olunması, sosial-iqtisadi islahatların mütəmadi qaydada həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər müxtəlif sahələrdə dayanıqlı inkişaf üçün etibarlı zəmin yaratmaqla yanaşı, perspektiv tərəqqinin əsaslarını formalaşdırıb. Bununla yanaşı, neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından müstəsna əhəmiyyət kəsb edir.

Təbii olaraq bu cür vəziyyət isə ictimaiyyət tərəfindən razılıqla qarşılanır. Şübhəsiz ki, bütün bu reallıqlar və nailiyyətlər müəyyən qüvvələrdə narahatlıq və qısqanclıq yaradır. Onlar Azərbaycanın uğurlarının üzərinə kölgə salmaq, həyata keçirilən siyasətə qara yaxmaq üçün canfəşanlıq edirlər. Çox təəssüflər olsun ki, hər zamanki kimi bu gün də Azərbaycanın nailiyyətlərinə kölgə salmağa çalışan qüvvələr ölkəmizdə də tapılmaqdadır. Ən çox təəssüf doğuran məqam isə ondan ibarətdir ki, Azərbaycan ictimaiyyətində bədbinlik yaratmağa hesablanmış "proqnozlar" verən qüvvələrin sırasında vaxtilə dövlət vəzifəsində çalışmış, bu gün də qanunverici orqanda 40 minlik seçicini təmsil edən deputatlar da yer almaqdadır. Məsələ ilə bağlı mətbuata açıqlamasında YAP İcra katinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzov bildirib ki, bəzi şəxslərin siyasi səbatsızlığı onların peşə fəaliyyətinə də sirayət etməkdədir. Bu tip adamlar "hər dövrün adamı" olmaq xüsusiyyətinə malikdirlər. Özlərini iqtisadiçı adlandıran bu cür şəxslər son zamanlar ölkəmizdə həyata keçirilən pul-maliyyə siyasətini, iqtisadi kursu hədəf alan bəyanatlarla çıxış etməklə ictimai çaşqınlıq yaratmağa çalışırlar. Bu şəxslərin vaxtaşırı ölkə iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar səsləndirməsi, hakimiyyət komandasını hədəfə alan fikir və bəyanatlarla çıxış etməsi təsadüfi xarakter daşımır. Onlar məqsədyönlü şəkildə Azərbaycanda həyata keçirilən iqtisadi siyasəti hədəfə almaqla, əslində, ölkəmizə qarşı "qara piar" aparan anti-Azərbaycan dairələrlə sinxron fəaliyyət göstərmiş olurlar: "Onu da qeyd edim ki, əsas etibarilə, nüfuzlu və mötəbər beynəlxalq tədbirlər zamanı anti-Azərbaycan dairələr fəallaşaraq ölkəmizə qarşı təbliğat aparırlar. Məhz belə bir dönəmdə ölkəmizdəki "beşinci kolon" nümayəndələrinin fəallaşması da müşahidə olunur. Bu şəraitdə "hər dövrün adamı" olmaq xüsusiyyətinə malik olan, özlərini iqtisadçı adlandıran şəxslərin Azərbaycan iqtisadiyyatını hədəfə alması, hətta anti-Azərbaycan qüvvələrin səsləndirdiyi bəyanatlara uyğun fikirlərlə çıxış etməsi onların qərəzli yanaşmasını, dövlətimizə münasibətini əks etdirir. Bütün hallarda bu, yolverilməzdir və Azərbaycan ictimaiyyəti tərəfindən narazılıqla qarşılanır".

Özlərini cəmiyyətə "iqtisadçı" kimi sırımağa çalışan belələrinin ölkəmizdə həyata keçirilən iqtisadi siyasəti, eləcə də iqtisadi komandanın fəaliyyətini tənqid obyektinə çevirməsi tamamilə əsassız və qəbuledilməzdir. Çünki Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi siyasət sayəsində bütün sahələrdə ardıcıl, davamlı uğurlar əldə edilib, dayanıqlı inkişaf təmin olunub. Azərbaycanın iqtisadi siyasətinin uğurları beynəlxalq müstəvidə ayrı-ayrı maliyyə institutları və qurumları tərəfindən yüksək qiymətləndirilir. Belə olan halda, onların bu cür mövqeyi qərəzli, qeyri-obyektiv yanaşmadan başqa bir şey deyil.

Siyavuş Novruzov bir məqamı da diqqətə çatdırıb ki, Ayaz Mütəllibovun və AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yüksək dövlət vəzifəsində çalışan belələrinin insanları ərzaq əvəzinə toyuq yemi ilə "təmin" etməsi hər kəs tərəfindən yaxşı xatırlanır: "Həmin dövrdə iqtisadi siyasətə rəhbərlik edən komandanın başında olan şəxslərin ölkə büdcəsini talan etməsi, Azərbaycan iqtisadiyyatının çökməsinə səbəb olan işlərin altına imza atması da reallıqdır. Müxtəlif dövrlərdə ayrı-ayrı siyasi komandaların tərkibində yer alan və əsas etibarilə, yüksək dövlət vəzifəsi tutan, ölkə iqtisadiyyatına çoxsaylı zərərlər vuran, insanları aclıq və səfalətlə sınağa çəkən bu şəxslərin indi bu cür "iqtisadi nağıllar"la çıxış etməsi gülüncdür. O dövrdə Azərbaycanın qarşılaşdığı maliyyə-iqtisadi problemlərin nəticələri, ölkəmizin acınacaqlı durumu hər kəsin yadındadır. Hazırda isə Azərbaycan hakimiyyətinin fəaliyyəti nəticəsində ölkəmizin inkişafı - əldə edilən nailiyyətlər göz önündədir. Belə olan halda, həmin dövrdə Azərbaycan iqtisadiyyatının acınacaqlı durumunun müəlliflərindən olanların indiki müsbət reallıqları tənqid obyektinə çevirməsi sadəcə gülüş doğurur".

Bir sözlə, cəmiyyət şəxsi biznes maraqlarını ölkəmizin mənafeyindən üstün tutan belələrinin Azərbaycanı, onun inkişafını hədəfə alan fikirlərini qeyri-ciddi və əsassız, absurd yanaşmalardan ibarət olan qərəzli münasibət kimi dəyərləndirir. Azərbaycan cəmiyyəti belələrinin xalqımız və dövlətimizə qarşı çıxış edən "beşinci kolon" və anti-Azərbaycan dairələrlə paralel və koordinasiyalı fəaliyyət göstərdiyini bilərək bu qüvvələrə öz etirazını bildirir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər