Yaxud IV İslam Həmrəyliyi Oyunlarını birinci pillədə başa vuran idmançılarımız Azərbaycanın idman ölkəsi olduğunu isbatladılar
Məlum olduğu kimi, may ayının 12-dən 22-dək davam edən IV İslam Həmrəyliyi Oyunları başladığı kimi elə möhtəşəm şəkildə də başa çatdı. Bu yarışlar Azərbaycanda I Avropa Oyunlarından sonra keçirilmiş ən yüksək səviyyəli idman hadisəsinə çevrildi.
Son illər Azərbaycan ilk Avropa Oyunları, Dünya Şahmat Olimpiadası, 17 yaşadək futbolçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə Dünya Kuboku, "Formula 1" kimi beynəlxalq yarışlara uğurla ev sahibliyi edib. Odlar Yurdu dünyada artıq idman ölkəsi kimi tanınır. "Bakı-2017" İslam Həmrəyliyi Oyunlarının uğurunu şərtləndirən digər amil, məhz bu sahədə qazanılan zəngin təcrübə idi. Bu baxımdan, IV İslam Həmrəyliyi Oyunları da uzun müddət yaddaşlarda qalacaq.
Azərbaycanın ev sahibi olduğu İslam Həmrəyliyi Oyunlarında 54 ölkədən 3 mindən çox idmançı, 1000-dən çox komanda rəsmiləri və bir o qədər də texniki nümayəndə iştirak etdi. Bu rəqəmlər özlüyündə bir rekord idi. Çünki bu vaxtadək İslam Həmrəyliyi Oyunlarına bu qədər ölkənin qatılması heç vaxt müşahidə olunmayıb.
İdmanın 24 növü üzrə keçirilən yarışlarda atletlər 269 dəst medal uğrunda mübarizə apardılar. Qaliblərə, ümumilikdə 1600 medal təqdim edildi. Yalnız İslamiadada mübarizə aparan 40-a yaxın ölkənin idmançıları medallara sahib çıxa bildilər. Azərbaycanı isə bu oyunlarda 425 atlet təmsil edirdi və əlbəttə ki, bu oyunlarda ən çox qızıl medal qazanan ölkə də elə Azərbaycan oldu: 75 qızıl. Ümumilikdə isə, əlavə 50 gümüş və 37 bürünc olmaqla, 162 medal qazanan idmançılarımızın nəticələri, bir daha isbatladı ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutub. Bu oyunların Azərbaycanda keçirilməsi, bir daha onu göstərdi ki, Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan bir ölkədir.
Məhz Azərbaycan I Avropa Oyunları kimi IV İslam Həmrəyliyi Oyunlarını da yüksək səviyyədə həyata keçirmək üçün bütün imkanlarını səfərbər etdi. Bütün məsələlər dəqiq və planlı şəkildə həyata keçirildi, yüksək səviyyədə və təhlükəsiz şəraitdə baş tutdu. Bununla da, IV İslam Həmrəyliyi Oyunları islam həmrəyliyinin gücləndirilməsinə stimul verdi, eyni zamanda, həm islam aləminə, həm dünyaya, bir daha göstərdi ki, islam dini sülh, mərhəmət və qardaşlıq dinidir. Dünya isə gördü ki, Azərbaycan böyük imkanlara malik olan ölkədir və ən mötəbər beynəlxalq yarışları keçirməyə qadirdir.
Qeyd olunmalı xüsusi məqamlardan biri də odur ki, IV İslam Həmrəyliyi Oyunlarını 50-dən çox ölkədə 1 milyarddan çox tamaşaçı izlədi. Yarışları 1000-dən çox media nümayəndəsi işıqlandırdı.
Eyni zamanda, oyunların proqramına daxil edilmiş 165 idman yarışı üçün 500 mindən çox bilet satışa çıxarılmışdı. Oyunların su səyahətinin, təntənəli açılış və bağlanış mərasimlərinin təşkilinə 31 ölkədən 5 mindən çox mütəxəssis cəlb olunmuşdu. Mərasimlərdə 8 ölkədə istehsal olunmuş səhnə avadanlığından istifadə edildi.
Bir sözlə, "Bakı-2017" İslam Həmrəyliyi Oyunları və idmanın qüdrəti xalqları islamın dostluq, sülh, tolerantlıq və mərhəmət ruhu altında bir araya gətirdi. "Gücümüz həmrəylikdədir!" ruhlandırıcı mesajını isə oyunlar Azərbaycanın hüdudlarından çox uzaqlara göndərdi.
"Səs" Analitik Qrupu