PDF Oxu

Araşdırma

  • 14 954

Naxçıvan təlimləri - güclü orlunun aşkar göstəricisi

image

İşğalçı Ermənistanın təşviş keçirməsinin bəlli səbəbləri

Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Çünki müstəqil dövlətin nüfuzu iqtisadi, siyasi və elmi potensialı ilə yanaşı, onun malik olduğu ordusunun qüdrəti ilə də ölçülür. Azərbaycanda milli ordu quruculuğu çox çətin, mürəkkəb və ziddiyyətli mərhələlərdən keçmişdir. Bu gün artıq müstəqil Azərbaycanın peşəkar hərbçi kadrlardan ibarət, güclü maddi-texniki bazaya, müasir texnika və silahlara malik olan nizami ordusu vardır.
Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu siyasətini uğurla həyata keçirən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində milli ordumuz davamlı olaraq inkişaf edir. "Bu gün Azərbaycan Ordusu hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Əminəm ki, Azərbaycan gücləndikcə, ordumuz da güclənəcək. Artıq ordumuz istənilən vəzifəni həll etməyə hazırdır", - deyən ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi-sənaye kompleksi yaradılmış, silahlı qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilmişdir.
Ölkəmizdə qısa müddətdə modern müdafiə sənayesinin yaradılması ordu quruculuğu istiqamətində atılan mühüm addımlardandır. Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamına əsasən, Müdafiə Sənayesi Nazirliyinin yaradılması ölkəmizdə güclü hərbi-sənaye kompleksinin formalaşmasında mühüm rol oynayıb. Daha bir əlamətdar cəhət isə ondan ibarətdir ki, artıq Azərbaycanın hərbi-sənaye kompleksində istehsal olunan müxtəlif növ döyüş texnikası həm də xarici bazarlara çıxarılır. Ölkəmizin hərbi-sənaye kompleksinə daxil olan müəssisələrdə istehsal olunan müxtəlif növ döyüş texnikası beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilir ki, bu da respublikamızda hazırlanan hərbi təyinatlı məhsulların geniş rəqabət imkanlarına malik olmasının təsdiqidir. 2014-cü il sentyabrın 11-13-də isə Azərbaycan "ADEX-2014" sərgisinə ev sahibliyi edib. Uğurla keçən sərgi Azərbaycanın müdafiə sənayesinin bütün dünyada artan nüfuzunun daha bir təsdiqinə çevrildi.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı

Azərbaycan ilə Türkiyə arasında, bütün sahələrdə olduğu kimi, bu gün hərbi əməkdaşlığın yüksələn xətt üzrə inkişaf edir. Məhz bunun nəticəsidir ki, Azərbaycan-Türkiyə ortaq təlimləri iki qardaş ölkə arasında hərbi əməkdaşlığı daha yüksək səviyyəyə qaldırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgər, zabit və tədbir iştirakçılarını Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimlərinin başa çatması və Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibətilə təbrik edərək deyib: "Bu gün Milli Qurtuluşun bəhrələri özünü Azərbaycan xalqının həyatının bütün sahələrində, o cümlədən, ordu quruculuğunda da göstərir. Dövlətin müstəqilliyi onun ordusunun qüdrətindən asılıdır. O ölkədə güclü ordu yaradıla bilər ki, orada sabitlik və iqtisadi inkişaf olsun. Milli Qurtuluş Günündən başlanan sabitlik və həyata keçirilən sosial-iqtisadi islahatlar Azərbaycan Ordusunu daha da qüdrətləndirmişdir".
V.Talıbov onu da vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev qardaş ölkə olan Türkiyə ilə Azərbaycan birliyinin strateji əhəmiyyətini yüksək qiymətləndirərkən demişdir: "Bizim gücümüz bizim birliyimizdədir. Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü Türkiyənin gücüdür". Birgə hərbi təlim, bir daha təsdiq etdi ki, ordunun gücü yalnız silah və texniki təminatla ölçülmür. Ordunun gücü həm də onun sıralarında xidmət edən şəxsi heyətin ruh yüksəkliyi, möhkəm iradəsi, vətənpərvərliyi və peşəkarlığı ilə ölçülür. Hərbi təlimlərdən çıxan nəticə budur ki, Azərbaycan və Türkiyə Ordusu peşəkar olduğu qədər də vətənpərvərdir. Şəxsi heyətlərimiz ən yüksək mənəvi keyfiyyətlərə malikdirlər. Bu, bizim ən böyük nailiyyətimizdir".

Hərbi manevrlərin sayca artması işğalçı Ermənistana bir ismarıcdır

Qeyd edək ki, təlimlər iki qardaş ölkənin hökumətləri arasında imzalanmış anlaşma memorandumuna müvafiq şəkildə, qoşun növlərinin cəlb olunması ilə keçirilir. Təlimlərdə məqsəd silahlı qüvvələrin təcrübə mübadiləsi vasitəsilə qoşunların koordinasiyanı inkişaf etdirmək, birgə əməliyyatları keçirmək qabiliyyətini yüksəltməklə, iki ölkənin hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
Ermənilərin əsas qorxduğu məsələ məhz Naxçıvanın, eyni zamanda, iqtisadi cəhətdən də daha da güclənməsi və ordu kontingentinin döyüş bacarığının mükəmməl səviyyəyə çatdırılmasıdır. Havadar dövlətlər hesabına döyüş taktikası seçən ermənilər müstəqil Azərbaycan dövlətinin yaratdığı döyüşkən ordudan, təbii ki, qorxurlar. Erməni ekspertlər dəfələrlə, Azərbaycan Ordusunun Naxçıvan tətəfdən ikinci bir cəbhə aça biləcək imkanını vurğulamaqla, özlərini sığortalamağa çalışırlar. Məhz elə bu da onları qorxudan əsas narahatlıqdır.
Göründüyü kimi, iki qardaş ölkənin təzəcə başladığı birgə təlimlər işğalçı tərəfdə az qala panik ovqat yaradıb. Bu vəziyyətin, daha dəqiqi, bölgənin sürətlə hərbiləşdirilməsinin əsas baiskarı isə, əlbəttə ki, işğalçı Ermənistandır, az qala bütün qonşularına qarşı ərazi iddiaları ilə yaşayan erməni siyasiləri və onlara dəstək verən erməni toplumudur.
Ən gülünc vəziyyət isə odur ki, erməni politoloqları belə bir fikir irəli sürürlər ki, guya Azərbaycan və Türkiyənin Ermənistan dövlətini gözü götürmür. Bu, heç də təəccüb doğurmur. Çünki Sarkisyan kimi faşist prezidentin belə də ekspertləri olmalıdır. Bu yerdə sual etmək lazımdır ki, Ermənistan adında müstəqil, suveren bir dövlət varmı ki, hələ üstəlik, onu kiminsə gözü götürməyə? Məgər bu "dövlət" müqavilə ilə 2047-ci ilə kimi Rusiyaya özünü könüllü icarəyə verməyib ki? Ermənistan Rusiyanın vassalı, marioneti, ucqar quberniyası deyil ki? İkincisi, Ermənistan gerçəkdən də dövlət olaraq özünə etibarlı təhlükəsizlik zəmanəti istəyirsə, bunu Rusiyadan yox, məhz Türkiyə və Azərbaycandan almalıdır. Yolu bəlli. Bu zəmanəti Moskva heç vaxt Yerevana verməyəcək. Necə ki, 27 ildir vermir. Odur ki, seçimi erməni xalqı eləməlidir.
Onu da nəzərə alsaq ki, budəfəki hərbi manevrlər Türkiyədə deyil, Azərbaycanda keçirilir, təcavüzkar tərəfin təlaşı ikiqat anlaşılar. Erməni eksperti Aram Sarksiyan yazır ki, bu təlimlərin Naxçıvanda keçirilməsi Ermənistanı narahat etməyə bilməz: "Çünki Naxçıvanda Türkiyənin rəsmi şəkildə hərbi bazası yoxdur. Amma hamı bilir ki, bu əraziyə hərbi planda çoxdan Türkiyə tərəfindən nəzarət edilir. Bu mənada, təzəcə başlayan birgə təlimlər və bütövlükdə, Naxçıvan istiqaməti Ermənistanın təhlükəsizliyi baxımından qulaqardı edilə bilməz".
Beləliklə, ermənilərin əsas qorxduğu məsələ, məhz Naxçıvanın, eyni zamanda, iqtisdi cəhətdən də daha da güclənməsi və ordu kontingentinin döyüş bacarığının mükəmməl səviyyəyə çatdırılmasıdır. Havadar dövlətlər hesabına döyüş taktikası seçən ermənilər müstəqil Azərbaycan dövlətinin yaratdığı döyüşkən ordudan, təbii ki, qorxurlar. Erməni ekspertlər dəfələrlə Azərbaycan Ordusunun Naxçıvan tətəfdən ikinci bir cəbhə aça biləcək imkanını vurğulamaqla özlərini sığortalamağa çalışırlar. Məhz elə bu da onları qorxudan əsas narahatlıqdır.

R.HÜSEYNOVA

Digər xəbərlər