İLHAM ƏLİYEV: “Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq və burada əbədi yaşayacağıq”
Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri və ən əsası, bu səfərlər zamanı həmin ərazilərdə aparılan quruculuq işləri çərçivəsində inşa edilən yeni strateji obyekt və müəssisələrin təməlinin dövlətimizin başçısı tərəfindən qoyulması həm siyasi, həm iqtisadi, həm mənəvi cəhətdən müstəsna əhəmiyyət kəsb etməklə yanaşı, dünyaya bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva fevralın 13-də Ağdam və Ağcabədi rayonuna etdiyi səfərləri və bu səfərlər çərçivəsində rayon ictimaiyyəti ilə keçirdiyi görüşlər, təməlqoyma mərasimlərində iştirak etdiyi layihələr dağıdılmış şəhərlərimizin, kəndlərimizin qısa müddət ərzində yenidən qurulacağına, insanların öz doğma el-obasına qayıdacağına, işğal altında olmuş ərazilərimizdə həyatın yenidən canlanacağına olan inamı daha da möhkəmləndirib. Bütün bunlara görədir ki, müharibənin bitməsindən çox az vaxtın - cəmi bir ilin keçməsinə baxmayaraq, Böyük qayıdış proqramının ilk mərhələsi artıq reallaşdırılmaq üzrədir.
“MƏN MÜHARİBƏDƏN SONRA AĞDAMA ÜÇÜNCÜ DƏFƏDİR SƏFƏR EDİRƏM, HƏR DƏFƏ BURAYA GƏLƏNDƏ ÜRƏYİM AĞRIYIR”
Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı Cümə məscidinin qarşısındakı çıxışında bildirib ki, hər dəfə Ağdama gələndə və bu dağıdılmış yerləri, məscidləri görəndə ürəyim ağrıyır: «Mən müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır. Çünki Ağdamda bir dənə də olsun salamat bina yoxdur". “Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb. Rayondakı bütün binaların, evlərin ermənilər tərəfindən dağıdıldığını qeyd edən Prezident İlham Əliyev deyib: “Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər”.
“BİZ ÖZ TORPAĞIMIZDAYIQ. BİZ BU TORPAĞA QAN TÖKƏRƏK, ŞƏHİDLƏR VERƏRƏK QAYITMIŞIQ”
Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı çıxışında bildirib ki, artıq Ağdama və Şuşaya avtobus marşrutları təşkil edilib: “Ağdamlılar, şuşalılar və digər bölgələrdən olan vətəndaşlar gəlirlər, tanış olurlar və öz gözləri ilə görürlər ki, bizim xalqımız hansı bəla ilə üz-üzə idi. Otuz il ərzində məqsədyönlü şəkildə bütün şəhərlərimiz, kəndlərimiz, məscidlərimiz, qəbiristanlıqlarımız ermənilər tərəfindən dağıdılıb”.İndi bəzilərinin gələcək barışıq haqqında danışdıqlarına diqqət çəkən dövlətimizin başçısı deyib: “Əlbəttə ki, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Beynəlxalq hüququn norma və prinsipləri əsasında qarşılıqlı surətdə ölkələrin ərazi bütövlüyünü tanımaq şərtilə bu sülh müqaviləsi imzalanmalıdır. Mən də onu demişəm. Ancaq heç vaxt Azərbaycan xalqı bu vəhşiliyi unutmamalıdır. Heç kim bu vəhşiliyi unutmamalıdır. Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.
PREZİDENT XÜSUSİ NÜMAYƏNDƏLİYİN QƏRARGAHINDA YARADILAN ŞƏRAİTLƏ TANIŞ OLDU
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 13-də Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanış olublar.Bildirilib ki, Ağdam şəhərində yerləşən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin qərargahı ən son innovativ texnologiyalar əsasında tikilib. Bir hektar sahəni əhatə edən qərargahın ərazisi düşərgə və inzibati hissədən ibarət olmaqla, inşası əsasən 6 komponent üzrə həyata keçirilib. Bunlar yaşayış, inzibati, sağlamlıq, iaşə, müasir düşərgə idarəetmə sistemi və alternativ enerji sahələridir.
Qərargahda innovativ tikinti materiallarından istifadə olunmaqla, yüksək keyfiyyətli modul tipli isti və soyuğa davamlı, ekoloji fərdi yaşayış və inzibati binalar inşa olunub. Təhlükəsizliyin təmin edilməsi məqsədilə müasir kamera müşahidə məntəqəsi yaradılıb, açıq və qapalı idman zalları, futbol, basketbol və voleybol meydançaları, ilkin tibbi yardım məntəqəsi, müxtəlif tədbirlər üçün iclas zalı və avtomobil dayanacaqları tikilib. Qərargahda günəş və bioqaz enerjisindən istifadə sistemləri quraşdırılıb və daxili yollar müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Ümumilikdə 3300 kvadratmetr sahədə salınmış yaşıllıq zolağında ilin hər fəslinə uyğun 30-dan çox növdə ağac və bitki kolları əkilib. Yaşıllıqların suvarılması üçün 3500 metr avtomatlaşdırılmış damcılama və çiləmə sistemləri quraşdırılıb.
İnzibati ərazinin tam mərkəzində Bayraq Meydanı tikilib. Meydanın ətrafı abadlaşdırılıb, burada günəş enerjisi ilə qidalanan işıq dirəkləri quraşdırılıb. Ümumiyyətlə, günəş enerjisi düşərgə daxilində istifadə olunan əsas alternativ enerji mənbəyidir.
VANDALİZMƏ MƏRUZ QALAN QARABAĞ XANLARININ TÜRBƏLƏRİ VƏ YAŞAYIŞ EVİ - İMARƏT KOMPLEKSİ
Səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar. Bildirilib ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin - Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, “Məclisi-üns”ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbirləri burada yerləşir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.
“BU, HEYDƏR ƏLİYEV FONDUNUN AZƏRBAYCANIN MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİNİN QORUNMASINA NÖVBƏTİ TÖHFƏSİDİR”
Həmçinin səfər çərçivəsində Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar.Prezident qeyd edib ki, görülmüş bütün bu işlərlə yanaşı, tarixi və dini abidələrimiz də bərpa edilir: “Mənə bu gün verilən məlumata görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək. Azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Bütün bu istiqamətlər üzrə işlər gedir”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb. Dövlətimizin başçısı deyib ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür: “Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk”.
“AĞDAM RAYONUNUN BƏRPASI İLƏ BAĞLI KOMPLEKS TƏDBİRLƏRİN GÖRÜLMƏSİ BİZƏ İMKAN VERƏCƏK Kİ, QISA MÜDDƏT ƏRZİNDƏ AĞDAMI YENİDƏN QURAQ, YARADAQ”
Görülən işlərlə tanışlıqdan sonra Prezident İlham Əliyev çıxış edərək bildirib ki, Ağdam rayonunun bərpası ilə bağlı kompleks tədbirlərin görülməsi bizə imkan verəcək ki, qısa müddət ərzində Ağdamı yenidən quraq, yaradaq: «Bu gün Ağdamın gələcək inkişafı ilə bağlı çox önəmli addımlar atılmışdır, bir neçə təməlqoyma mərasimi keçirilmişdir. Hesab edirəm ki, qısa müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracaq».«Bu gün Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyuldu»,- deyən dövlət başçısı bildirib: “Sənaye parkının təməl daşını mən keçən dəfə Ağdamda qoymuşdum, Müstəqillik Günündə qoymuşdum. Bu gün isə artıq ilk müəssisələrin təməli qoyuldu. Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarımızda, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq. Əminəm ki, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır”.
PREZİDENT İLHAM ƏLİYEVDƏN İŞ ADAMLARINA ÇAĞIRIŞ
“Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb”,-deyən dövlət başçısı bildirib ki, dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir: “Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin Baş planı hazırlanıb, Baş plan əsasında işlər görülür. Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalıdırlar”.
“İŞĞALDAN AZAD EDİLMİŞ BÜTÜN ŞƏHƏRLƏR BAŞ PLAN ƏSASINDA YENİDƏN QURULACAQ”
“Qarşımızda böyük işlər var. Bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün düşünülmüş addımlar planı olmalıdır. Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq”,-deyən dövlət başçısı bildirib ki, Ağdamın, Füzulinin Baş planları təsdiq edilib: “Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq”. “Bu gün Ağdamda iki yarımstansiyanın açılışı ilə azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcək”.Bildirildi ki, işğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Demək olar ki, xətt tam minalanmış ərazidən keçib. Bəzi yerlərdə minalar arasından bir neçə metr enində cığır açılaraq bu çətin vəzifə icra edilib. Ən əsası isə Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası Operativ Qərargahın şəhərsalma işçi qrupu tərəfindən təsdiq edilmiş müasir üslubda hazırlanmış memarlıq layihəsi əsasında inşa olunub.
“AĞDAMDA YENİ YAŞAYIŞ KOMPLEKSİ TƏQRİBƏN İL YARIMA - İKİ İLƏ İNŞA EDİLƏCƏK”
Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, bu gün qeyd etdiyimiz hadisələrdən biri də yaşayış kompleksinin təməl daşının qoyulmasıdır: “Altı evdən ibarət yaşayış kompleksi təqribən il yarıma - iki ilə inşa ediləcək, bəlkə də ondan da tez və beləliklə, Ağdamın hərtərəfli inkişafı təmin olunacaq”. Dövlət başçısı bütün bu işlərlə yanaşı, Ağdamın yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulduğunu deyib: “Bərdə-Ağdam avtomobil yolu, dəmir yolu inşa edilir. Hesab edirəm ki, avtomobil yolu təqribən bir ilə hazır olacaq. Mənim göstərişimlə Füzuli-Ağdam avtomobil yolunun çəkilişi layihəsi artıq icra olunmağa başlamışdır. Bu yol həm Füzuli və Ağdam şəhərlərini birləşdirəcək, eyni zamanda, Ağdamı Füzuli Beynəlxalq Hava Limanı ilə birləşdirəcək və Ağdama başqa ölkələrdən gəlmək daha asan olacaq”.“Bu işlər bir daha onu göstərir ki, biz vaxt itirmədən, tarixi Zəfərdən sonra vaxt itirmədən bu işlərə start vermişik, siyasi iradə ortaya qoymuşuq, bütün maliyyə və texniki imkanlarımızı, kadr potensialımızı səfərbər etmişik”,-deyən Prezident vurğulayıb ki, bütün bu işləri biz özümüz görürük, öz vəsaitimiz hesabına, büdcəmiz hesabına, heç kimdən yardım istəmədən, heç bir kredit almadan: “Bunu Azərbaycan vətəndaşları edir. Əlbəttə ki, müxtəlif xarici şirkətlər artıq bu işlərdə fəal iştirak edirlər. Bu şirkətlərin sayı artmaqdadır. Mən çox şadam ki, həm yerli şirkətlər, həm xarici şirkətlər azad edilmiş torpaqlarda işləməyə can atırlar, maraq göstərirlər və biz bunu alqışlayırıq”.Qarşıda böyük işlərin olduğunu söyləyən dövlət başçısı qeyd edib ki, bu işləri maksimum səmərə ilə və keyfiyyətlə aparmaq üçün əlbəttə ki, düşünülmüş addımlar planı olmalıdır: “Bütün şəhərlər Baş plan əsasında yenidən qurulacaq. Ağdamın, Füzulinin Baş planları təsdiq edilib. Ağdam və Füzuli rayonlarının ictimaiyyəti bu Baş planlarla tanış olub və öz müsbət rəyini verib. Hazırda yerli və xarici şirkətlər tərəfindən digər şəhərlərin Baş planları işlənilir. Onlar hazır olan kimi biz artıq praktiki işlərə başlayacağıq. Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!
AĞCABƏDİ RAYONUNDA DA GÖRÜLƏN İŞLƏR VƏ HƏYATA KEÇİRİLƏN LAYİHƏLƏR BİR DAHA AZƏRBAYCANIN GÜCÜNÜ VƏ QÜDRƏTİNİ NÜMAYİŞ ETDİRİR
Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva elə həmin gün, yəni fevralın 13-də Ağcabədi rayonuna səfər ediblər. Dövlətimizin başçısı və birinci xanım xalqımızın ümummilli lideri Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.Prezident İlham Əliyev yenidən qurulan 110/35/10 kilovoltluq “Ağcabədi” yarımstansiyasının açılışını edib.Həmçinin, dövlətimizin başçısı və birinci xanım Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yeni inşa olunan hərbi şəhərciyinin, Avşar–Salmanbəyli–Aşağı Avşar–Xocavənd avtomobil yolunun açılışlarında iştirak ediblər.Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda həyata keçirilmiş işlər barədə də məlumat verilib. Həmçinin, “Ağcabədi taxıl Aqropark”da yaradılan şəraitlə tanış olublar.Bir sözlə, dövlət başçımızın işğaldan azad edilmiş ərazilərə səfərləri və səfərlər zamanı ən qısa zamanda görülən işlər və bu istiqamətdə gedən bütün işlərə birbaşa Azərbaycan Prezidenti tərəfindən ciddi şəkildə nəzarət olunması, Azərbaycan rəhbərinin siyasi iradəsi, verdiyi vədlərlə əməllərinin vəhdəti belə deməyə əsas verir ki, çox keçməyəcək, işğaldan azad edilmiş torpaqlara həyat qayıdacaq, bu ərazilər yenidən çiçəklənəcək, bura təkcə ölkənin deyil, regionun ən inkişaf etmiş məskənlərindən birinə çevriləcək.Dövlət başçımızın dediyi kimi: "Əminəm ki, bizim bu gün gördüyümüz işlər, o cümlədən ordu quruculuğu sahəsində gördüyümüz işlər Azərbaycanı daha da gücləndirəcək və Ermənistanda baş qaldıran revanşist qüvvələrə cavab olacaq. Biz öz torpağımızdayıq. Biz bu torpağa qan tökərək, şəhidlər verərək qayıtmışıq. Bu torpaqda möhkəm dayanmışıq və bu torpaqlarda əbədi yaşayacağıq. Qarabağ Azərbaycandır!”.
RƏFİQƏ KAMALQIZI