Prezident İlham Əliyev: "Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir"
Ermənilər nə qədər vandallıq əməlləri törətsələr də, xalqımıza məxsus dini-mədəniyyət abidələrini dağıtmış olsalar da, bu abidələr, xarabazarlığa çevrilmiş yerlər yenidən bərpa olunur, onlara yeni həyat bəxş edilir. Görülən işlər hazırlanmış layihələr, şəhərlərin baş planı əasında sistemli olaraq reallaşır. Hər qarışında tariximizin izi olan bu ərazilərdə böyük bir xalqın izi, imzası vardır. 30 ilə yaxın işğal altında olan ərazilərimizdə sürətlə aparılan abadlıq və quruculuq işləri burada yeni müasir məkanlarımız olacağından xəbər verir. Əlbəttə ki, bu ərazilərdən erməni vandallarını izlərin silib atsaq da tariximizə, yaddaşımızda onların törətdikləri çirkin əməlləri silinməyəcək.
İşğaldan azad olunan ərazilərimizdə yeni yolların çəkilməsi, yaşayış evlərin tikintisi və s. ilə yanaşı, din-tarixi abidələrimizə də yeni həyat verilir. Bildiyimiz kimi, artıq Şuşada üç məsciddə təmir-bərpa işləri aparılır. Bu məscidlərin təmiri Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Şuşada olan 17 bulağın 17-si də qurudulmuşdur və artıq Natəvan bulağı bərpa edilib. Ermənilər tərəfindən gülləbaran edilmiş Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri artıq öz isti nəfəsli torpağındadır. Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu. Bülbülün evinin açılışı oldu. Azad edilmiş ərazilərdə ümumilikdə 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Prezident İlham Əliyev Ağdam rayonuna səfəri zamanı çıxışında bildirdiyi kimi, "Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür. Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk. Necə ki, Vətən müharibəsində Azərbaycan xalqı tarixi ədaləti bərpa etdi, düşməni doğma torpaqlarımızdan qovdu. Beləliklə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdi".
Xatırladaq ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Bu məscid Ağdamın işğal altında olduğu müddətdə şəhərdə ermənilər tərəfindən dağıntıya nisbətən az məruz qalan yeganə tikilidir. Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Ağdam rayonunun işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirdiyi kimi, Bir Cümə məscidinin qalıqları qalıb. Onu da Mən demişəm, onlar iki məqsəd üçün saxlamışdılar. Bir məqsəd o torpağa bağlı olan bir işarə idi. Yəni, artilleriya atəşinin tənzimlənməsi üçün lazım idi bu məntəqə, bu obyekt. İkinci məqsəd müşahidə məntəqəsi idi. Məscidin minarələrindən onlar müşahidə edirdilər: "Cümə məscidinin qalıqlarından başqa, bir dənə də salamat bina yoxdur. Bunu hansısa yad planetli, necə deyərlər, ünsürlər törətməyiblər. Bunu bizim qonşumuz olan, bizim çörəyimizi yeyən, bizim torpağımızda özünə yuva salan, ancaq bizə qarşı daim nifrət hissi ilə yaşayan ermənilər törədiblər. Bu dağıntılar Birinci Qarabağ müharibəsindən sonra törədildi. Bu, ikinci müharibə dövründə törədilən dağıntılar deyil. Bizim bütün maddi sərvətimiz məqsədyönlü şəkildə dağıdıldı, talan edildi. Tarixi-dini abidələrimiz söküldü".
Cümə məscidinin bərpa-restavrasiyasına Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Layihənin icrası üçün Avstriyanın “Brugger&KO Restauratoren GmbH” şirkəti ilə müqavilə imzalanıb. Məscid əvvəlcə taxta dam örtüyü ilə örtülüb, kərpic günbəzlər damın altında havadan və küləkdən qorunub. İlkin mərhələdə damın bütün landşaftı son biogen artımından azad ediləcək, qübbələr üzərində qırılan hörgü birləşmələri və gips örtükləri çıxarılacaq. Konservasiya zamanı çatışmayan, zəifləmiş və ya qeyri-sabit hörgü və tonoz konstruksiyaları yenilənəcək və ya birləşdiriləcək. Bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçiriləcək. Görülən işlərlə tanışlıqdan sonra dövlətimizin başçısı çıxış zamanı bildirdiyi kimi, "biz tarixi, dini abidələrimizi də bərpa edirik. Mənə bu gün verilən məlumata görə, Ağdam Cümə məscidinin bərpa işlərinə başlanılır. Artıq bütün tədqiqatlar aparılıb və mart ayından başlayaraq məscidin həm daxilində, həm çöl hissəsində təmir-bərpa işlərinə start veriləcək".
"ERMƏNİLƏR NƏİNKİ AZƏRBAYCAN XALQINI, BÜTÜN MÜSƏLMAN ALƏMİNİ TƏHQİR EDİBLƏR"
"Mən müharibədən sonra Ağdama 3-cü dəfədir ki, səfər edirəm. Hər dəfə buraya gələndə ürəyim ağrıyır" – deyən Prezident bildirib ki, Ağdamda bir dənə də olsun salamat bina yoxdur: "Təkcə bu yarıdağılmış məsciddir ki, onun da dam örtüyü zədələnmişdir. Bu məscid ermənilər tərəfindən təhqir edilib, burada inəklər, donuzlar saxlanılıb. Ermənilər nəinki Azərbaycan xalqını, bütün müsəlman aləmini təhqir ediblər. Ağdam şəhərində, Ağdam rayonunda bu yarıdağılmış məsciddən başqa bir dənə də bina ayaq üstə deyil. Bütün binalar, bütün kəndlərdəki evlər, ictimai binalar ermənilər tərəfindən dağıdılıb. Bu, misli görünməmiş barbarlıqdır, vandallıqdır, vəhşilikdir. Bu, erməni faşizminin eybəcər sifətinin göstəricisidir. Bütün dünya bunu görməlidir və görür. Biz bundan sonra da xarici vətəndaşları buraya dəvət edəcəyik. Onlar gələcəklər və erməni vəhşiliyi nədir onu görəcəklər".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdamda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində də olublar. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və xanımına kompleksdə görülməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verdi.
Qeyd edək ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub. Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin - Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, "Məclisi-üns"ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbirləri burada yerləşir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.
Görülən işlər və reallaşacaq tədbirlər onu deməyə əsas verir ki, qısa bir zamanda Ağdam müasir bir şəhərə çevriləcək, tarixi dini- mədəniyyət abidələrimiz təmir və bərpa olunacaq və Ağdam sakinləri firavan və rahat bir həyatla təmin olunacaqlar.
Nəzakət ƏLƏDDİNQIZI