Gültəkin Hacıbəylinin timsalında “Milli Şura”nın siyasi artistizmi keçmədi, ailəvi siyasi şou isə baş tutmamış qaldı
Məlum olduğu kimi, Ukraynada baş verən hadisələr bütün dünya ictimaiyyətini narahat edir və söz yox ki, müharibənin bəşəriyyətə verdiyi bəlaları məhz müharibə yolu keçən ölkələr, xalqlar daha yaxşı bilirlər.Bu baxımdan, dünyada sülhün bərqərar olması üçün bir çox çabalar göstərilir, cəhdlər edilir. Ancaq təəssüf ki, bir çox cəhdlər hələ də nəticələr verməməkdədir.O cümlədən, müharibənin verdiyi dəhşətli humanitar bəlalar da insanlığı, bəşər dünyasını düşünməyə, yardımlaşmağa vadar edir, qəlblərində insanpərvərlik ruhu olan istənilən şəxs çətin duruma düşən digərlərinə öz xeyirxahlıq əlini uzadır.Azərbaycanda tarixən belə olub və hər zaman ona qarşı dostcasına yanaşanlara öz xeyirxahlıq əlini uzadıb. Bu gün Azərbaycan dövləti Ukraynada baş verən fəlakətin qarşısının alınması üçün bütün gücü və imkanları ilə çalışır.Əbəs deyil ki, Ukrayna prezidenti Vladimir Zelenski Azərbaycan dövlətinə, Prezidentinə və xalqına öz səmimi təşəkkürlərini çatdırdı, həyata keçirilən bu addımları yüksək şəkildə qiymətləndirdi.
Onlar nümayiş etdirdikləri siyasi artistizm “xarüqələri” ilə, əslində, cəmiyyətən kəsilib-atılmış siyasi tullantı olduqlarını isbatladılar
Ukrayna səfirliyinə axışan azərbaycanlılar əllərində olan bütün imkanlarından maksimum istifadə etməklə dost Ukrayna xalqına dəstəyini nümayiş etdirir və bu ölkənin səfirliyi qarşısında nümayiş olunan dəstək aksiyaları demək olar ki, hər gün davam edir. Lakin...Lakin bu əsnada özlərini “demokratik düşərgə” adlandıran “Milli Şura” adlı ölü qurumun siyasi dələduzları öz kirli məqsədlərini bu kimi humanitar aksiyalar görüntüsü altında yürütməyə cəhdlər edirlər.Özlərini məhz adıçəkilən “qurumun” təmsilçiləri kimi təqdim edən Gültəkin Hacıbəylinin, Tofiq Yaqublunun və s. ünsürlərin davranışları isə bir daha sübut etdi ki, onlar nümayiş etdirdikləri siyasi artistizm “xarüqələri” ilə, əslində, cəmiyyətən kəsilib-atılmış siyasi tullantı olduqlarını isbatladılar. Bunu isə onların Ukrayna səfirliyinin səlahiyyətli nümayəndəsi ilə apardıqları dialoqdan da sezmək mümkün idi...
“Milli Şura” adlı sirk tamaşasının Ukrayna səfirliyinin qarşısındakı klounadası baş tutmamış qaldı
Daha dəqiq desək, Gültəkin Hacıbəyli-Tofiq Yaqublu - bütövlükdə isə “Milli Şura” tamaşasının oynanılmasına imkan verməyən səfirlik rəsmisinin onlara verdiyi şapalaq kimi cavabı artıq onların necə rüsvay olduqlarını sərgiləmiş oldu.
Beləliklə, əvvəlcə Ukraynanın mübarizəsindən danışan Gültəkin Hacıbəyli yavaş-yavaş mövzunu dəxlisiz və mənasız, məntiqsiz mövzuya - “avtoritar idarəçilik” üzərinə kökləməyə cəhd etdi və pası ötürdü Tofiq Yaqubluya.O da öz növbəsində heç bir əsası olmadan “Mən Azərbaycan hakimiyyətinə görə utanıram” deməsi ilə dərhal, yerindəcə (!) layiq olduğu şapalaqlı cavabını aldı. Ukrayna səfirliyinin rəsmisi onun sözünü kəsdi və sözün gerçək mənasında Azərbaycanın mövqeyini müdafə etdi və vurğuladı ki, onun ölkəsi, ilk növbədə, Azərbaycan xalqına və Prezident İlham Əliyevə göstərilən diqqətə, qayğıya və dəstəyə görə minnətdardır və beləliklə, “Milli Şura” adlı sirk tamaşasının Ukrayna səfirliyinin qarşısındakı klounadası baş tutmamış qaldı. Bu, onların növbəti rüsvayçılığı oldu, bu, onların simasız üzlərinə vurulan haqlı, ədalətli və layiq olduqları şapalaq effektini verdi. Təbii ki, belə də olmalı idi...
Tofiq Yaqublu öz dövlətinin adına utanırsa, buyursun getsin dəfələrlə (!) təriflədiyi Ermənistanda yaşasın
Əgər sizlər, həqiqətən də, Ukrayna xalqının iztirablarına dəstək göstərməyə, yara sarımağa getmisinizsə, ölkənin, dövlətin maraqlarına qarşı çıxış etmək nə demək idi? Yaxud, Tofiq Yaqublu öz dövlətinin adına utanırsa, buyursun getsin dəfələrlə (!) təriflədiyi Ermənistanda yaşasın, onun yolunu kəsən yoxdur. Zatən, yuxarıda da qeyd etdiyimiz kimi, o və ətrafı cəmiyyətdən kəsilib atılmış kor bağırsaqdırlar, ya da tullantı. Ona görə də ən azından cəmiyyətimiz bu kimi tullantılardan təmizlənər.Qaldı ki Ukrayna səfirliyinin rəsmisinə, ona yetkin, dolğun cavab verməsinə görə dərin təşəkkür düşür. Ukrayna dövləti Azərbaycanın dostu olaraq hər zaman öz dəstəyini göstərib və bu gün də Azərbaycanın ona verdiyi dəstəyi hiss edir, hiss edir və itirmir!
Rövşən RƏSULOV