PDF Oxu

Araşdırma

  • 4 543

Qlobal çağırışlara cavab verən gənclər nəsli yetişir TƏHLİL

image

Dövlət başçısının Sərəncamı ilə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına geniş imkanlar açılır

Son illər Azərbaycanın iqtisadiyyatı kimi elmi, təhsili də geniş inteqrasiya proseslərinə cəlb olunub. Elm və təhsil sahələrində alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Müasir mərhələdə ölkəmizin iqtisadi qüdrəti gənclərimizin yeni bilik, informasiya və texnologiyaları qavraması qabiliyyəti ilə bilavasitə bağlıdır. Mövcud intellektual potensialın zənginləşdirilməsi ölkəmizdəki elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini də aktuallaşdırır. Ölkə başçısının elm və təhsilin inkişafı ilə bağlı həyata keçirilən siyasəti nəticəsində reallaşan sərəncamlar, dövlət proqramları sırf dövlətçiliyimizə sadiq, vətənpərvər, yüksək intellekt sahibi, dünyagörüşlü gənclərin yetişməsinə gətirib çıxarır.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş xaricdə təhsil ənənələri Azərbaycan müstəqillik qazandıqdan sonra da uğurla davam etdirilmiş, bu dövr ərzində insan kapitalının inkişafı ilə bağlı dövlət strategiyaları və dövlət proqramları reallaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 aprel tarixli 2090 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində gənclərin təhsil almalarına imkan yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" gənclərin mükəmməl təhsilə yiyələnməsi istiqamətində görülən işlərin davamıdır.
Dövlət başçısının "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında
imzaladığı Sərəncamı təqdirəlayiqdir. Dövlət Proqramı "Azərbaycan Prezidentinin 2021-ci il 30 sentyabr tarixli 2931 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb. Sənədin əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Dövlət Proqramı bu sahədə mövcud olan beynəlxalq təcrübə və meyillər nəzərə alınaraq hazırlanmışdır. Dövlət Proqramında bu sahədə müşahidə edilən qlobal trendlər və onların ölkə potensialına təsirləri qiymətləndirilmiş, mövcud vəziyyət təhlil edilmiş, uzunmüddətli dövr üçün strateji baxış formalaşdırılmış, hədəf göstəriciləri və prioritet istiqamətlər, gözlənilən təsirlər, icra mexanizmləri təsbit edilmişdir. Prioritet istiqamətlər üzrə ixtisas sahələrinin müəyyən edilməsi, prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının müəyyən edilməsi, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı qaydaların müəyyən edilməsi, Dövlət Proqramı məzunlarının məşğulluğunun təmin edilməsi imkanlarının yaradılması və s. Dövlət Proqramının əsas istiqamətlərini təşkil edir. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.
Bundan başqa, Dövlət Proqramında məzunlarının məşğulluğunun təmin edilməsi və karyera inkişafının stimullaşdırılması mexanizmlərinin yaradılması da nəzərdə tutulur.
Dövlət Proqramıda Ali təhsilin beynəlmiləlləşməsi məsələsi də yer alır. Müasir dünyada bilik iqtisadiyyatı və innovasiya cəmiyyəti, davamlı və hərtərəfli inkişafın təmin edilməsi bütün dövlətlərin qarşısında duran vacib vəzifələrdəndir. Hazırda bir çox dövlətlər tərəfindən xaricdə peşəkar kadr hazırlığının xüsusi dövlət proqramları ilə həyata keçirilməsi siyasəti dəstəklənir.
Bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və yaradıcılığı ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün də dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı ən müasir texnologiyalar tətbiq edilməklə yaradılacaq infrastrukturun idarə edilməsi üçün yüksək bacarıqlara malik insan kapitalının formalaşdırılması zərurəti də xaricdə təhsil imkanlarından istifadəni aktuallaşdırır. Bununla yanaşı, postpandemiya və yeni strateji dövrün çağırışları, həmçinin inkişaf məqsədləri nəzərə alınmaqla, ölkənin rəqabət və inkişaf sahəsində sürətlə irəliləməsi üçün yüksək intellekt cəmiyyətin əsas güc mənbəyinə çevrilməli, yaradıcı və innovativ düşüncəli gənclərin iqtisadi fəallığı və idarəçilikdə rolu möhkəmlənməlidir. Bu məqsədlə Dövlət Proqramında qeyd olunduğu kimi, Azərbaycan gənclərinin ölkənin gələcək inkişaf prioritetləri çərçivəsində tələb olunan ixtisas istiqamətləri üzrə qabaqcıl xarici ali təhsil müəssisələrində magistratura və bakalavriat səviyyəsində təhsili üçün əlavə imkanların yaradılması davamlı olmalıdır.
Beləliklə, Dövlət Proqramının icrası ölkədə daha keyfiyyətli insan kapitalının formalaşmasına və Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqelərinin əhəmiyyətli şəkildə yaxşılaşmasına şərait yaradacaqdır. Eyni zamanda, əmək bazarında tələb olunan ixtisas sahələri üzrə peşəkar kadrlar hazırlanacaq, ölkəyə qayıdan məzunların ən müasir təcrübə və biliklərdən istifadə edərək göstərəcəkləri fəaliyyət ölkənin tərəqqisinə töhfə verəcəkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər