PREZİDENT İLHAM ƏLİYEV: “Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk”
Azərbaycan Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda bildirilir: “Otuz ildir ki, Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatlarını dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Biz ilk gündən ölkəmizin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə ABŞ-ın dəstəyini yüksək qiymətləndiririk”.Məktubda vurğulanır ki, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq ikitərəfli və çoxtərəfli müstəvidə uğurla davam edir. Beynəlxalq təhlükəsizliyin təmin olunması və terrorizmə qarşı mübarizədə uzun müddətdən bəri davam edən birgə fəaliyyətimiz məmnunluq doğurur. Enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və hərtərəfli dəstəyi müvəffəqiyyətimizin əsas amillərindəndir.“Bu gün Azərbaycan ilə ABŞ arasında bir sıra mühüm sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əməkdaşlığımız siyasi əlaqələrimizin də genişlənməsinə şərait yaratmışdır. Ölkələrimizin enerji, təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlığı nümunəvi xarakter daşıyır».
“BİZ ABŞ-IN ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNİN NORMALLAŞDIRILMASINDA MÜHÜM ROL OYNAYA BİLƏCƏYİNƏ İNANIRIQ”
Prezidenti İlham Əliyevin 4 İyul – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə ünvanlandığı təbrik məktubunda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi ifadə olunur: «Cənubi Qafqazda davamlı sülhün, iqtisadi tərəqqinin bərqərar olması üçün əlverişli şəraitin formalaşdığı bir zamanda biz ABŞ-ın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında, kommunikasiyaların açılmasında, insanlararası təmasların yaradılmasında mühüm rol oynaya biləcəyinə inanırıq. Eyni zamanda tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın dəyərli töhfə verə biləcəyi qənaətindəyik”.Dövlətimizin başçısı, həmçinin qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən basdırılmış minalar burada aparılan bərpa və yenidənqurma işlərinə ən böyük əngəl olaraq qalmaqdadır: “Biz minatəmizləmə işində ABŞ-ın ölkəmizə göstərdiyi yardımı təqdir edirik. Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin dəstəyinə böyük ümidlər bəsləyirik”.Prezident İlham Əliyev sonda əmin olduğunu bildirib ki, Azərbaycan ilə ABŞ-ı birləşdirən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da müvəffəqiyyətlə davam edəcək və genişlənəcək.
30 İLDƏN ARTIQDIR Kİ, ABŞ AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİ TANIYAN VƏ DİPLOMATİK ƏLAQƏLƏRİMİZİN QURULDUĞU İLK DÖVLƏTLƏRDƏN BİRİDİR
Bu gün beynəlxalq birliyin ən fəal üzvlərindən birinə çevrilən Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdür, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Xüsusilə də, planetimizin super gücü olan Amerika Birləşmiş Ştatları ilə qarşılıqlı inam və etimad əsasında əməkdaşlığı genişlənməkdə davam edir. Xatırladaq ki, 30 ildən artıqdır ki, ABŞ Azərbaycanın müstəqilliyini tanıyan və diplomatik əlaqələrimizin qurulduğu ilk dövlətlərdən biridir. Bu illər ərzində münasibətlərin inkişaf etdirilməsi üçün tərəflər arasında müxtəlif sənədlər imzalanmaqla genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycanın müstəqillik illərində yürütdüyü xarici siyasət kursu dünyanın bütün dövlətləri ilə, eləcə də əsas və nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq qurulmasına yönəlib. Bu, ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından sonra iki ölkə arasında əlaqələr daha da güclənib, yüksək səviyyəli qarşılıqlı səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər baş tutub. Bu gün isə bu siyasətin uğurlu davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin son 19 illik prezidentlik fəaliyyəti müddətində müdrik liderliyi ilə çağdaş dünya birliyində uğurlu dövlət idarəçiliyi modeli kimi qəbul edilir və ölkələrimiz arasında bərabərlik, qarşılıqlı hörmətə və enerji təhlükəsizliyi, sülhməramlı əməliyyatlar, terrorla mübarizə və digər sahələr daxil olmaqla uğurlu əməkdaşlıq ənənələri formalaşıb. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyi kurs olaraq son illərdə ölkəmizə böyük hörmət və nüfuz qazandırıb, dünyanın həm Qərb, həm də Şərq istiqamətləri üzrə çox geniş siyasi, iqtisadi və humanitar əlaqələr qurulub. Təsadüfi deyil ki, ABŞ Prezidenti Cozef Bayden Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərməsi də Azərbaycanın həyata keçirdiyi siyasi kursun və iki ölkə prezidentləri arasında əlaqələrin möhkəm olmasının təsdiqidir. Və Azərbaycan Prezidenti İlham Əliyev cənablarının 4 İyul – Müstəqillik Günü münasibətilə ABŞ Prezidenti Cozef Baydenə ünvanlandığı təbrik məktubu hər iki öləkənin maraqlarının, xalqların rifahı naminə əhəmiyyətli potensiala malik əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə səylər göstərməyin vacib amillərindəndir. Onu da vurğulamaq lazımdır ki, münasibətlərin inkişaf etdirilməsi üçün tərəflər arasında müxtəlif sənədlər imzalanmaqla genişmiqyaslı əməkdaşlıq üçün müvafiq normativ-hüquqi baza yaradılıb. Azərbaycanın bu gün bir çox dövlətlər tərəfindən uğurlu layihə kimi qiymətləndirilən enerji şaxələnməsi siyasətinin dəstəklənməsində və həyata keçirilməsində ABŞ-ın rolu danılmazdır. Azərbaycanla ABŞ arasında enerji sahəsində 1994-cü ildə bağlanan “Əsrin müqaviləsi”ndə ABŞ şirkətlərinin yer alması ilə başlanan əməkdaşlıq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisində fəal iştirakı ilə davam edib. ABŞ Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi sahəsində də siyasətini dəstəkləyir. Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən böyük ticarət tərəfdaşıdır, regionda birbaşa xarici sərmayələr ən çox Azərbaycana yatırılıb, Azərbaycanda 300-dən çox Amerika şirkəti qeydiyyatdan keçib. Güclü dövlət o zaman güclü və qüdrətli, ən əsası sözün əsl mənasında müstəqil olur ki, onun gələcəyini düşünən, atdığı hər addımda dövlət maraqlarını öndə saxlayan Lideri vardır. Bu gün Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sözünün imzası qədər əhəmiyyəti olan Azərbaycan Prezidenti İlham Əliyev kimi 44 gün ərzində 30 illik torpaq həsrətinə son qoyan Qalib Lideri, Pezidenti var.
CO BAYDENİN: “AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI AZƏRBAYCANIN SADİQ TƏRƏFDAŞI OLMAQDA DAVAM EDİR”
ABŞ Prezidentinin Azərbaycanın Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev cənablarına ünvanladığı təbrik məçktubunda bildirir ki, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlıq öz bəhrəsini verir, Azərbaycanla əməkdaşlığı bundan sonrakı dövrdə də davam edəcək.Bir sözlə, bütün bu sadalanan faktlar bir daha onu göstərir ki, Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Hər iki dövlət regional təhlükəsizlik, enerji və iqtisadi inkişaf, demokratik islahatlar və insan hüquqları kimi sahələrdə güclü tərəfdaşlıq münasibətlərindən faydalanır. Və ABŞ-ın Azərbaycanla əlaqələrə yüksək dəyər verməsi, əlbəttə, Prezident İlham Əliyevin regionda və dünyada sülhün təmin olunması, əlaqələrin qurulması, iqtisadi imkanlardan güc, silah kimi istifadə edilən enerji resurslarının ədalətli bölgüsü və əlçatanlığı sahəsində həyata keçirdiyi böyük siyasətin nəticəsi olmaqla, həm də Azərbaycan dövlətinə və onun müdrik lideri Prezident İlham Əliyevin prinsipial və ədalətli siyasətinə verdiyi böyük dəyərdir.
RƏFİQƏ HÜSEYNOVA