PDF Oxu

Araşdırma

  • 4 470

Yol infrastrukturu müasir səviyyədə qurulur - TƏHLİL

image

Dövlət başçısının Sərəncamı ilə Bakı - Şamaxı - Yevlax Aşağı Güzdək avtomobil yolunun tikintisinə 1,4 milyon (bir milyon dörd yüz min) manat ayrılıb

Bu gün inkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. Bölgələrdə yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması işsizlik problemini aradan qaldırmaqla yanaşı, regionların malik olduğu potensialdan düzgün istifadə mexanizmlərini də üzə çıxarır. Bu gün, həmçinin güzəştli kreditlər hesabına maliyyələşdirilən, müasir texnologiyaların tətbiqinə əsaslanan layihələrdən olan və ölkə əhalisinin keyfiyyətli ərzaq məhsullarına tələbatının ödənilməsinə xidmət edən müasir aqroparkların yaradılması xüsusi əhəmiyyətə malikdir. Son 19 ilin reallıqları bir daha göstərir ki, ölkəmizdə icra olunan islahatlar, həyata keçirilən dövlət proqramları bütün sahələrdə uğurların əldə olunması ilə nəticələnib. Azərbaycan Prezidenti çıxışlarının birində bildirdiyi kimi, "Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, siyasətimizin təməlində Azərbaycan vətəndaşının maraqları dayanır. Eyni zamanda, bizim əsas strateji məqsədimiz, hədəfimiz ölkəmizi daha da gücləndirməkdir, Azərbaycan dövlətinin qüdrətini artırmaqdır, müstəqilliyimizi möhkəmləndirməkdir".
Azərbaycanın bütün dünyada olduğu kimi pandemiya ilə mübarizə aparmasına, eləcə də 44 günlük Vətən müharibəsi yaşamasına baxmayaraq, sosial layihələri davamlı olaraq həyata keçirir. Qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb.
Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən son illərdə kənd yollarının yenidən qurulması, mövcud yolların müasir səviyyəyə çatdırılması istiqamətində çox mühüm layihələr icra olunur. Azərbaycanın regionlarında, paytaxt Bakıda yol-nəqliyyat infrastrukturu müasirləşdirilir, avtomobil yolları şəbəkəsi yenidən qurulur, yolötürücüləri, körpülər, tunellər, yerüstü və yeraltı piyada keçidləri inşa edilir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Həmin yollar hesabına təbii ki, regionların iqtisadi potensialı da yüksəlir.Bu günlərdə bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev "Ağstafa rayonunun Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdır. Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Ağstafa–Poylu–Gürcüstanla dövlət sərhədi (11 km)–Qıraq Kəsəmən avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 2,1 milyon (iki milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb. Dövlət başçısının digər Sərəncamı ilə dörd min nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Məmmədabad–Genişkənd avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı.Daha sonra dövlət başçısının "Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Sərəncamına əsasən, Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə dövlət büdcəsindən 1,0 (bir) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı. Görülən işlərin davamı olaraq Azərbaycan Prezidenti İlham Əliyev "Abşeron rayonunun Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı–Şamaxı–Yevlax (18 km)–Aşağı Güzdək avtomobil yolunun tikintisi məqsədilə "Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.Ölkəmizdə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişməsində aparılan dövlət siyasətinin mühüm rolu var.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər