Bunu edənlər kimlərdir?
Məlum olduğu kimi, son vaxtlar İrəvan küçələrində “Z” simvolu ilə və erməni dilində Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarına dəstək motivli vərəqələr yapışdırılır. Həmin kağızlarda Ukrayna, Gürcüstan, Moldova ərazilərinin Rusiyaya məxsus olduğu bildirilir. Vərəqələrdə Qarabağın Rusiya Federasiyasının tərkibinə qatılması kimi separatçı və işğalçı, eləcə də təxribatçı xarakterli çağırışlar da yazılıb. Çağırışlar isə belədir: “Krım-Rusiyadır. Donetsk-Rusiyadır. Luqansk-Rusiyadır. Mariupol-Rusiyadır. Zaporojye-Rusiyadır. Xerson-Rusiyadır. Tiraspol-Rusiyadır. Sxinvali-Rusiyadır. Dağlıq Qarabağ-qoy Rusiyanın olsun!”...
Təxribatçı vərəqələrin yapışdırılmasında iqtidar müxalifəti, müxalifət isə iqtidarı ittiham edir
Maraqlıdır ki, sözügedən vərəqələrin yayılması İrəvandakı “Surmalu” ticarət mərkəzinin partlamasında Rusiyanın xüsusi xidmət orqanlarının əlinin olması iddialarının səsləndirilməsi ilə eyni vaxta təsadüf edib. Üstəlik, belə bir iddianın erməni KİV-lərində və sosial şəbəkələrində tirajlanması İrəvanla Moskva arasında diplomatik qalmaqala da səbəb oldu. Eləcə də, vərəqələrin yapışdırılmasında Ermənistan iqtidarı ilə müxalifəti arasında ittihamlar, qarşıdurmalar yaşandı, tərəflər bir-birini təxribat törətməkdə suçlamağa başladılar. Misal üçün, Ermənistan parlamentində təmsil olunan və rusiyapərəstliyi ilə seçilən “Hayastan” bloku əvvəlcədən bəyan etdi ki, bu məsələdə əlləri yoxdur və əslində həmin təxribatı hakimiyyət törədib.
Poliqrafiyası yüksək keyfiyyətə malik olan vərəqələr məhz Rusiya Federasiyasının hakim partiyası - “Vahid Rusiya”nın təbliğat kampaniyaları zamanı müxtəlif yerlərə yapışdırılır
Başqa tərəfdən, erməni sosial şəbəkə istifadəçiləri vərəqələrin yüksək poliqrafiya keyfiyyətlərinə də diqqət ediblər. Belə ki, bənzər vərəqələr məhz Rusiya Federasiyasının hakim partiyası - “Vahid Rusiya”nın təbliğat kampaniyaları zamanı müxtəlif yerlərə yapışdırılır. Bu baxımdan, sosial şəbəkə istifadəçiləri sual edirlər: İrəvanın mərkəzi küçələrində həmin vərəqlər necə yapışdırılıb, hansı ki, bu küçə və prospektlərdə gecə və gündüz saatlarında onlarla polis dəstələri növbə çəkirlər?Digər maraqlı məqam! Rusiyayönümlü fəallar və blogerlər isə əksinə olaraq iddia, hətta təsdiq edirlər ki, vərəqə təxribatının arxasında Ukraynaya məxsus xüsusi xidmət orqanları dayanır. Misal üçün, bloger Mika Badalyan iddia edir ki, hədəf Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin maksimum şəkildə qaldırılmasıdır. Erməni blogerin sözlərinə görə, rusiyayönlü təbliğat vərəqələrinin yayılmasının arxasında Ukraynanın Baş kəşfiyyat idarəsinin Psixoloji əməliyyatlar informasiya mərkəzi dayanır. Eyni zamanda, həmin qurum Rusiyaya qarşı aparılan hərbi əməliyyatlarda informasiya müharibəsinə nəzarət edir.
Erməni bloger Mika Badalyan: “Tezliklə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin qıcıqlandırılmasını sübut edən ciddi faktla bağlı material dərc edəcəyik, konkrert adları açıqlayacağıq”
“Sizi inandırım ki, bu gün bizim qarşılaşdığımız təsəvvürünüzə gətirdiyinizdən də ciddi məsələdir”, deyə Badalyan özünün teleqram kanalında yazıb və əlavə edib ki, bunun üzərində Ukrayna xüsusi xidmət orqanları, eləcə də xain rus və erməni strukturları çalışırlar, onlar isə Qərbdən idarə edilirlər: “Biz tezliklə Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin qıcıqlandırılmasını sübut edən ciddi faktla bağlı material dərc edəcəyik, həmçinin həmin kampaniyanın arxasında dayanan konkrert adları açıqlayacağıq”, Badalyan yazıb.Beləliklə, rusiyayönümlü fəallar və blogerlər iddia edirlər ki, vərəqələrin arxasında Ukraynanın xüsusi xidmətləri dayanıb.
Erməni jurnalisti Hayk Ayvazyan isə Mixail Xodorkovskini ittiham edir
Məsələn, digər rusiyayönümlü erməni jurnalisti, “Luys” analitik mərkəzinin rəhbəri Hayk Ayvazyan öz iddiasında konkret adlar da çəkib. Onun sözlərinə görə, İrəvanda anti-Rusiya kampaniyasının aparılmasının arxasında Rusiyadan olan müxalifətçi-oliqarx Mixail Xodorkovski dayanır. “Bu adam Rusiyadan Ermənistana Qərbin “beşinci kolon” nümayəndələrini gətirib və onlar milli xainlərdən ibarət, həm əqli, həm də bədən cəhətdən bütün murdarlıqlara malik olan agentlərdirlər. Onlar ABŞ-ın Rusiyanı parçalamaq üçün verdiyi tapşırığını uğurla nəticələndirə bilməyiblər və indi də Ermənistana keçiblər ki, burada anti-Rusiya təbliğatı aparsınlar, sonra da erməni xalqını Türkiyənin qurbanlıq kürsüsünə oturtsunlar”, Ayvazyan yazıb.Adıçəkilən erməni jurnalistinin sözlərinə görə, Ermənistanda Qərbin təsiri altında olan çox sayda vətəndaşlar var və onlar bilərəkdən Rusiya Federasiyasına qarşı təbliğat kampaniyalarında iştirak edirlər.
“Qisas” əməliyyatından sonra İrəvanda mitinqlər keçirildi və orada tələb olundu ki, Rusiya Sülhməramlıları Kontingenti Qarabağdan çıxarılsın, onları Fransa sülhməramlıları əvəzləsin...
Beləliklə, baş verənlərin təhlilini apararkən həm də belə nəticə hasil edə bilərik ki, son iki ildə Ermənistanda anti-Rusiya xarakterli dalğalarının kifayət qədər çoxaldığını deyə bilərik. Paralel olaraq, aparılan ictimai sorğulardan da görünür ki, Rusiyanın Ermənistana dost ölkə olduğunu heç də çoxları hesab etmirlər. Eləcə də vaxtilə Rusiyanı ölkələrinə dost hesab edənlərin də sayında kütləvi azalma müşahidə edilməkdədir. Bir çox analitiklərin düşüncələrinə görə, Ermənistanda Moskvaya və RF rəhbərliyinə qarşı neqativ atmosferin get-gedə böyüməsinin arxasında Nikol Paşinyan hökuməti və onun tərəfdarları, həmçinin Qərb strukturlarının nümayəndələri dayanmaqdadır.
Sonda isə xatırlada bilərik ki, avqustun əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin “Qisas” əməliyyatından sonra İrəvanda mitinqlər keçirildi və orada tələb olundu ki, Rusiya Sülhməramlıları Kontingenti Qarabağdan çıxarılsın, onları Fransa sülhməramlıları əvəzləsin...
Rövşən RƏSULOV