Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) təcili iclas keçirilib. Yox, məsələ Azərbaycanla bağlı deyilmiş, bu dəfə tərs sillə Rusiyadan gəlib. Moskva rəsmi şəkildə İrəvandan ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasında aparılan tədqiqat işlərinin hesabatını tələb edib. Bundan əvvəl də Ermənistan rəsmilərinin açıqlamaları, laboratoriyaların fəaliyyəti barədə məlumatları yetərsiz olduğundan Rusiya bu dəfə məsələyə daha ciddi yanaşıb.
İclasda qeyd edilib ki, Ermənistan və ABŞ arasında Bioloji Təhdidin Azaldılması Proqramı çərçivəsində əməkdaşlıq müstəsna olaraq dinc məqsədlər güdür. Əlavə edilib ki, koronavirus (COVID-19) pandemiyası yoluxucu xəstəliklərin diaqnostikası və nəzarətində güclü milli potensialın vacibliyi önə çəkilib. Bu imkanların inkişaf etdirilməsində Təhlükəsizlik Şurası beynəlxalq əməkdaşlığın mühüm rolunu qeyd edib. Təhlükəsizlik Şurası xatırladıb ki, hökumət ABŞ Müdafiə Nazirliyinin Təhdidlərin Azaldılması Agentliyi proqramının bir hissəsi olan Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində açıq və şəffaf əməkdaşlıq ediblər. Bu əməkdaşlıq yalnız dinc məqsədlər güdür və bioloji silahlarla heç bir əlaqəsi yoxdur. Ermənistanda bu əməkdaşlıq insanların və heyvanların sağlamlığını qoruyur, o cümlədən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması, aşkar edilməsi və onlara nəzarət edilməsi, habelə yerli laboratoriyaların biotəhlükəsizliyi və biotəhlükəsizliyinin təkmilləşdirilməsi işi nəzarətdə saxlanılır.
TŞ-nin bu açıqlaması təbii ki, Rusiya tərəfini qane etməyib. Yoxsa Ermənistanın indiki durumunda, iqtisadi tənəzzülün çıxılmaz vəziyyətində, Azərbaycanla müharibəninfəsadları aradan qaldırılmadığı bir zamanda Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi, üstəlik də bəyanatın yayılması Ermənistan üçün heç də yaxşı bir şey vəd etmir. Əslində bundan əvvəl də Rusiya laboratoriyalarla bağlı postsovet ölkələrini xəbərdar etmişdi. Belə laboratoriyaların əsasən Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Baltikyanı respublikalarda qurulduğuna dair məlumatlar var idi...

Rusiya nədən narahatdır?
Amma məsələ Ermənistanla bağlı olduğu üçün burada bir az araşdırma aparmağa ehtiyac yaranır. Niyə Rusiya digər ölkələrə yox, məhz Ermənistana bu qədər diqqət yetirir, ətraflı monitorinq tələb edir. Görünür, nə isə baş verib. Halbuki bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı əmin etmişdi ki, ölkə ərazisində fəaliyyət göstərən bioloji laboratoriyalar ABŞ-ın köməyi ilə yaradılsa da, respublikanın mülkiyyətidir. O, zəmanət verib ki, bu əməkdaşlıq çərçivəsində Ermənistan müttəfiqləri üçün təhlükə yaratmır. Baş nazir Ermənistan və Rusiya Federasiyası arasında 2021-ci ildə imzalanmış bioloji təhlükəsizlik haqqında sazişi xatırladıb. O, həmçinin bildirib ki, Ermənistandan olan alimin Ukraynada və ya başqa ölkədə həyata keçirilən elmi proqramda iştirak etməsində qeyri-adi heç nə görmür.
Bir daha diqqət edək, deməli mayın 19-da Rusiyanın Ermənistandakı səfirliyi bəyanat yayıb və orada Ukraynada biolayihələrdə iştirak edən strukturların Ermənistanda olmasının diqqətlə təhlilə layiq olduğunu qeyd edib. Diplomatik nümayəndəliyin mesajında qeyd olunur ki, Rusiya Federasiyası bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində Ermənistanla məhsuldar qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək istəyir. Gördünüzmü, yenə erməni fırıldağı, erməni kələyi, erməni ikiüzlülüyü. Bir tərəfdən Rusiya ilə müttəfiq, dost olduğunu deyir, digər tərəfdən ABŞ-ın İrəvanda qurduğu bioloji laboratoriyada tədqiqat işləri aparan alimini Ukraynaya göndərir. Rusiyanın da qorxduğu budur. Çünki, Ermənistanla Rusiya birbaşa sərhədə malik deyillər, Ukrayna ilə Rusiyanın 1926 kilometrlik sərhədi var. Ukrayna ilə Rusiya arasında aktiv müharibə artıq 186 gündür ki davam edir. Tərəflər bir-birini məhv etmək üçün müxtəlif növ silahlardan istifadə edir, biologi silah niyə olmasın?
Ermənistanın Təhlükəsizlik Şurası onu da qeyd edib ki, ABŞ və müttəfiqləri Ermənistanda Rusiya sərhədlərinə yaxın ərazidə nə etdiklərini izah etmirlər. Və bu amil Rusiyanın bioloji təhlükəsizliyinin təmin edilməsi kontekstində nəzərə alınır. Ermənistan vətəndaşları yalnız bu laboratoriyalarda işləyirlər. Onlar qanun çərçivəsində fəaliyyət göstərirlər və onların fəaliyyəti dövlətin maraqlarına xidmət etməyə yönəlib.
Qeyd edək ki, Ermənistanda biolaboratoriyaların fəaliyyətinə qarşı dəfələrlə aksiyalar keçirilib. Bunlardan birincisi ABŞ-ın İrəvandakı səfirliyi, ikincisi isə Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzin binası qarşısında baş verib.
Əldə olunan məlumatlara görə, amerikalılar Ermənistan və Tacikistanda bioloji laboratoriyalar şəbəkəsini daha geniş yaradıblar. “Birləşmiş Ştatlar bütün dünyada, o cümlədən sərhədlərimiz ətrafında hərbi-bioloji fəaliyyətlə məşğuldur". Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) xarici işlər nazirlərinin görüşündə bildirmişdi. Moskva qonşu ölkələrdə bioloji təhlükəsizliklə bağlı baş verənlərdən narahatdır. Rusiyanın xüsusilə Gürcüstandakı Luqar mərkəzi ilə bağlı araşdırmaları bu gün də davam edir. KTMT-nin, Müstəqil Dövlətlər Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının sammitlərində Moskvanın təmsilçiləri dəfələrlə bildiriblər ki, amerikalılar bu laboratoriyalardan Rusiyanın maraqlarına qarşı istifadə edə bilərlər.
Sovet dövründə Ermənistan SSR Mikrobiologiya İnstitutu mikrobiologiya üzrə ən böyük mərkəz sayılırdı. 90-cı illərdə institutun elmi-tədqiqat işləri ABŞ və Böyük Britaniyanı maraqlandırıb. Ermənistanlı mütəxəssisləri Qərb ölkələrində təcrübə keçməyə dəvət edirdilər.
2000-ci illərdə amerikalılar Ermənistanda bir neçə biolaboratoriya qurublar. Pulu Pentaqon ayırıb. Təkcə Ermənistan Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin modernləşdirilməsinə on milyon dollar xərclənib. Yerevan, Gümrü, Vanadzor, Martuni və İcevanda inşa edilmiş elmi mərkəzlər guya Qafqaz regionu üçün xarakterik olan viruslar və ştammları öyrənir. Laboratoriyaların Ermənistan səhiyyə sisteminə daxil olması kağız üzərindədir, lakin ABŞ Müdafiə Nazirliyi yanında Təhlükənin Azaldılması üzrə Agentliyin onlara birbaşa çıxışı var. Yerli mütəxəssislərlə yanaşı, orada amerikalılar da işləyirlər.
Rusiyanı da narahat edən Ermənistandakı biolaboratoriyaların qapalı şəraitdə fəaliyyət göstərməsidir. Ötən ilin payızında Baş nazir Nikol Paşinyan rusiyalı mütəxəssislərlə əməkdaşlıq haqqında memorandumu imzalamağa razılıq versə də, detallar razılaşdırılsa da, son anda Ermənistan tərəfi bu sənəddən imtina edib.
Bəs bioloji silah nədir?
Bioloji silah kütləvi qırğın silahlarının bir növü olub bakteria, virus və ya kif kimi mikroorqanizmlərdən əldə olunan vasitələrə və onları tətbiq etmək üçün istifadə edilən döyüş sursatına, cihaz və tərtibatlara deyilir. Bioloji silahın əsasını xəstəlik törədən mikroblar və onlardan alınan toksinlər təşkil edir. Bioloji silahlar insanların, heyvanların və bitkilərin məhv edilməsi, eyni zamanda ərzaq ehtiyatlarının və içməli suyun zəhərlənməsi üçün istifadə edilir. Bioloji vasitələrə, xarici mühitin təsirinə çox davamlı olan, əhali arasında kütləvi xəstəlik törədən, profilaktikası və müalicəsi çətin olan mikroblar aid edilir. Onların insanlara, heyvanlara və bitkilərə zədələyici təsiri bir sıra fərdi xüsusiyyətlərlə xarakterizə edilir. Xəstəlik törədən mikroblar ən kiçik dozalarla belə yoluxucu xəstəlik törədə bilir və onların toksinləri müəyyən müddət xarici mühitdə və ya yoluxmuş həşərat, gənə və gəmiricilərdə qala bilir. Bioloji vasitələrin zədələyici xassələrindən biri də onlarda inkubasiya və ya gizli təsir dövrünün olmasıdır.
Bioloji silahlarda, əsasən taunun, vəbanın, Sibir yarasının, tulyaremiyanın, brüselyozun, melioidozanın sarı və başqa isitmə növlərinin, təbii çiçəyin, psitmakozanın (ornitlozanın), səpmə və qarın yatalağının, qripin, malyariyanın dizentiriyanın və b. törədiciləri olan müvafiq mikroorqanizmlərdən, viruslardan, bakteriyalardan, göbələklərdən və s. istifadə olunur. Bioloji silahlar da, eynilə kimyəvi silahlar kimi hədəfə müxtəlif raket, artilleriya, fuqas, mərmi, mina, qumbara, xüsusi səpmə qurğuları vasitəsilə və ya su mənbələrini, qida anbarlarını, rəqib milli valyutasını və s. yoluxdurmaqla, istehlak bazarına bu maddələrlə yoluxdurulmuş ərzaq ixrac etməklə, ayrı-ayrı təşkilatlarına bu maddələrlə yoluxdurulmuş məktub göndərməklə və s. yolları ilə çatdırılır ki, sonrakı mərhələdə artıq o, kimyəvi silahdan fərqli olaraq eskalasiya, zəncirvari reaksiya doğuraraq epidemiya şəklində yayılır.

Bakterioloji silah
Bakterioloji silah – kütləvi qırğın silahlarından biri olub insan, heyvan və bitkilərə xəstəlik törədici mikroorqanizmlərin zədələyici təsirinə əsaslanır. İnsan və heyvanları yoluxdurmaq üçün seçilmiş patogen; mikroorqanizmlər və onların toksinləri istifadə olunur. Patogen mikroorqanizmlər quruluşu, ölçuləri və bioloji təsirinə görə bakteriyalar, viruslar, göbələklər və ibtidailər sinfinə bölünür.
Bakteriyalar yüksək temperatur, işıq şüaları, rütubət və dezinfeksiyaedici maddələrin təsirinə həssasdır. Bəzi bakteriyalar xüsusi kapsula ilə örtülür və spor əmələ gətirir. Sporlar yüksək və aşağı temperatura, qurumaya, dazinfeksiyaedici maddələrin təsirinə çox davamlıdır.

Digər bioloji silah növləri
Viruslar – mikroorqanizmlərin xüsusi sinifidir. Ölçüləri çox kiçikdir, canlı toxumadan kənarda yaşaya bilmirlər, buna görə bunları hüceyrədaxili parazitlər adlandırırlar. Günəş və ultrabənövşəyi şüaların, yüksək temperaturun, dezinfeksiyaedici maddələrin təsirinə həssasdırlar. Viruslar 200- dən artıq xəstəliyın səbəbi ola bilir.
Göbələklər – çox müxtəlif və geniş çeşiddə olan mikroorqanizmlərdir. Bitki mənşəli olub mükəmməl quruluşa malikdir, fiziki, kimyəvi təsirlərə və günəş şüalarının təsirinə, qurumağa davamlıdırlar.
Toksinlər bir sıra mikroorqanizmlərin həyat fəaliyyəti nəticəsində əmələ gələn, canlılara yüksək toksiki təsir göstərən, bəzi hallarda ölümə səbəb olan zülali maddələrdir. Botulizm, difteriya, tetanus toksinləri təmiz halda alınmışdır. Kənd təsərrüfatı bitkilərinə təsir edən kimyəvi vasitələr – toksinlər, herbisidlər, defoliantlar və desikantlar istifadə olunur. Bu kimyəvi vasitələr alaq otlarının məhv edilməsi, yarpaqların tökülməsi və bitkilərin qurudulması məqsədilə istifadə olunur. Bu maddələrin kütləvi istifadəsi torpağın sterilizasiyasına, bitkilərin ölməsinə, heyvan və insanların zəhərlənməsinə səbəb olur. 1963-cü ildə Vyetnamda herbisidlərin külli miqdarda istifadə olnması 2000 insanın zəhərlənməsinə (80 ölüm), 1969-cu ildə isə 28500 insanın zəhərlənməsinə (500 ölüm) səbəb olmuşdur. Bakterioloji silah kimi kənd təsərrüfatı bitkilərinə zərər vuran həşəratlardan istifadə olunur. Kolorada böcəyi, sarança, hessen milçəyi belə həşəratlardandır. Kolorada böcəyi kartof, pomidor, kələm vəs. kimi kənd təsərrüfatı məhsullarına ziyan vurur. Sarança böyük ərazilərdə bitki örtüyünə zərər vurma qabiliyyətinə malikdir. Hessen milçəyi buğda, arpa, çovdar kimi dənli bitkilərə ziyan vurur.
Bakterioloji silah məqsədilə taun, vəba, sibir yarası, botulizm, təbii çiçək, tulyaremiya kimi xəstəliklərin törədicilərindən istifadə olunur.
Bəli, Azərbaycanın Qarabağ bölgəsindən erməni silahlı dəstələrinin çıxarılması və sülh müqaviləsinin imzalanmasının müzakirə olunduğu bir şəraitdə Ermənistanın bütün Cənubi Qafqazda təhlükə mənbəyinə çevrilə biləcək bu cür məxfi bioloji laboratoriyaların fəaliyyətinə imkan yaratması yolverilməzdir. Ermənistan hökuməti bununla bağlı müraciətlərə müsbət cavab verməli, bu məsələ ilə əlaqədar dünya ictimaiyyətinə şəffaf şəkildə izahat verməlidir.
V.VƏLİYEV