PDF Oxu

Araşdırma

  • 4 981

Erməni generalının həbsi: Paşinyan günah keçisi axtarışında? ANALİTİK

image

Revanşistləri tam şəkildə neytrallaşdırmaqdan ötrü o, bu addıma getməli oldu

Məlum olduğu kimi, “Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyanı Şuşaya görə həbs ediblər. Erməni mediasının məlumatına görə, Ermənistan İstintaq Komitəsi Arzumanyanı hərbi xidmətdə yol verdiyi səhlənkarlığına görə saxlayıb. Komitənin açıqlamasında qeyd olunub ki, Arzumanyan hərbi vəziyyət dövründə Şuşa şəhərinin və ətraf rayonların "müdafiəsinin" təşkili zamanı öz xidməti "vəzifəsinə" səhlənkar yanaşıb və "vəzifələrini" lazımınca yerinə yetirməyib.Lakin bu arada belə bir sual yaranır: Şuşa iki ildir düşmən tapdağından azad olunubsa, bəs Arzumanyan hansı səbəblərə görə məhz indi niyə həbs edilib? Yaxud, o niyə daha əvvəl həbs olunmayıb? Əslində, məsələ bəsitdir. Son vaxtlar Ermənistanda yenidən müxalifət-iqtidar savaşı artmağa başlayır və o da sirr deyil ki, erməni revanşistləri Nikol Paşinyan hakimiyyətini məhz Qarabağ müharibəsindəki məğlubiyyətinə, habelə 10 noyabr 2020-ci ildə imzaladığı kapitulyasiya sənədinə imza atmasına görə ittiham edir.O da sirr deyil ki, Nikol Paşinyan müharibədəki məğlubiyyətin səbəblərini məhz əvvəlki iqtidarların üzərinə yıxır. Daha dəqiq desək, sarsıdıcı məğlubiyyət Robert Koçaryan və Serj Sarqsyan hakimiyyətlərinin iqtidarı əllərində saxladıqları vaxtlarda ordu quruculuğunu boş buraxmaları, ölkə iqtisadiyyatını tənəzzülə uğratmaları, silahlanma prosesində köhnə və yararsız sursatlar, hərbi texnikalar əldə etmələri, orduda baş alıb-getmiş korrupsiya və cinayət halları və s. bu kimi faktorlarla əlaqələndirilir. Belə olan vəziyyətdə həmin ittihamları qəbul etməyən revanşist müxalifət liderləri əksinə - Paşinyanın bütün bunları bildiyi halda nəyə görə müharibəyə qatıldığını, Azərbaycanı müharibəyə təhrik etdiyini soruşurlar...
Ermənistanın İstintaq Komitəsi Şuşa məğlubiyyətinin detallarını tam şəkildə açıqlayıb
Söz yox ki, günahkarlar adətən, yəni bir çox hallarda öz günahlarını üzərlərinə götürməkdən yan keçməyə, onu başqalarının üzərinə yıxmağa cəhd edirlər. Bu baxımdan, hazırda Ermənistanda da vəziyyət demək olar ki, eyni məsələni xatırladır. Qarşılıqlı ittihamlar isə onsuz da ağır vəziyyətdə olan ölkəni daha ağır situasiyalara doğru sürükləyir.Amma erməni generalı Mikayel Arzumanyanı Şuşaya görə həbs olunmasında əsas məqam olaraq məhz Paşinyanın sifarişinin olduğunu da aşkar etmək çətinlik yaratmır. Çünki erməni baş naziri günah keçisi axtarmazsa, onun özü çıxılmaz vəziyyətə düşə bilər. Ona görə də revanşistləri tam şəkildə neytrallaşdırmaqdan ötrü o bu addıma getməli oldu.Digər tərəfdən, diqqət çəkən nüanslardan biri də Ermənistan İstintaq Komitəsinin həbslə bağlı yaydığı mətnində Şuşanın "müdafiəsinin" necə yararsız təşkil olunduğunun detallarına qədər açıqlanması, həmçinin ictimai rəyə çatdırılmasıdır. Halbuki, hərbi sirlər, əsasən, uzun müddət sonra və lazım olanda arxivlərdən çıxarılır, açıqlanır və s. Misal üçün, İkinci Dünya müharibəsində cərəyan edən bir sıra hadisələr mövcuddur ki, indinin özündə belə sirr olaraq saxlanılır və müxtəlif sənədlər arxivlərdə xüsusi şəkildə qorunur.
Günahkar keçi Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyandır!
Azərbaycan Ordusunun Şuşanı azad etməsi, yəni erməni işğalçılarının Şuşadan qaçmaları faktının da bir sıra detalları erməni arxivlərində saxlanılır. Ancaq Paşinyan son zamanlarda nə qədər dalana dirəndiyinin fərqinə vardıqdan sonra məcburi şəkildə arxivləşdirilmiş sənədləri açığa gətirməklə necə deyərlər, çulunu sudan çıxarmağa nail olmağı düşündü. Nəticədə isə günahkar keçi tapıldı və o, yuxarıda da qeyd edildiyi kimi, Qarabağdakı separatçı qüvvələrin rəhbərinin “baş müşaviri”, keçmiş “müdafiə naziri” Mikayel Arzumanyandır!Beləliklə, sözügedən mətndə hansı silahlı qrupların Şuşada və ətrafda necə yerləşdiyi və döyüşlərə necə cəlb olunduğu, o cümlədən döyüşçülərin sayına qədər yayınlanıb. Yəni Nikol Paşinyan Mikayel Arzumanyanın həbsi və Şuşanın hansı şəraitdə işğaldan azad olunmasıyla bağlı detallı məlumat yayınlamağı əmr etməklə məğlubiyyətə görə məsuliyyəti Qarabağ separatçılarının və onların yarıtmaz “müdafiə nazirinin” boynuna yükləyir. Hətta buna qədər də baş verən həbslərin hər biri bilavasitə, yaxud dolayısı ilə məhz 44 günlük Qarabağ müharibəsinə bağlanır. Bu kimi hadisələr isə qarşıdakı zamanlarda da davam edə bilər. Paşinyan Qarabağ klanının yenidən baş qaldırmaması, revanşist müxalifətçilik konsepsiyasının birdəfəlik aradan qaldırılması istiqamətində yeni həbslərə də əmrlər verəcək.

Rövşən RƏSULOV

Digər xəbərlər