Rusiyanın siyasi texnoloqları Aİ ilə Kremlin fərqini şərh etdilər
İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatın qüvvəyə minməsi ilə başa çatdı. Həmin gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Federasiyasının başçısı Vladimir Putinin vasitəçiliyi ilə müvafiq sənədi imzaladılar. Bu isə de-fakto Ermənistanın kapitulyasiyası kimi hesab olunur. Lakin Bəyanatın imzalanmasının üzərindən iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistan Azərbaycanla imzaladığı sənəddəki bəndlərin, müddəaların həyata keçirilməsi prosesini müxtəlif bəhanələrlə gecikdirməyə çalışır.
Aleksandr Şatilov: “Moskva üçün əhəmiyyətli olan budur ki, hətta müəyyən güzəştlər hesabına Türkiyə ilə Azərbaycanın neytrallığını təmin etsin”
Mövzu ilə bağlı Rusiya Federasiyası hökuməti yanında fəaliyyət göstərən Maliyyə universitetinin sosiologiya və politologiya fakültəsinin dekanı, politoloq Aleksandr Şatilov caliber informasiya mərkəzinə şərhini verib. Və ekspert ilk olaraq Rusiya rəhbərliyinin Azərbaycanın Laçın şəhərinə daxil olmasına kifayət qədər sakit reaksiya sərgiləməsi faktına diqqət çəkib, bunun Moskva ilə İrəvan arasında olan münasibətlərin kifayət qədər soyuqluğunun nəticəsi olduğunu hesab edib.
“Moskva uzun illər göstərdiyi hərbi-siyasi dəstəyinə cavab olaraq “xainlikdə” ittiham olunur”
Bundan əlavə, Şatilova görə, Ermənistandakı qərbyönümlü güclər Rusiyanı guya Qarabağın verilməsində əsas günahkar kimi təqdim edirlər və bu baxımdan, Rusiya Federasiyası etibarsız Paşinyan rejimindən, bütövlükdə isə erməni trekindən maksimal dərəcədə məsafə saxlamağa çalışır. SİTAT: “Birincisi, hazırkı məqamda Moskva üçün Ukrayna istiqaməti əhəmiyyət kəsb edir, İrəvan isə burada hansısa vasitə ilə ya kömək etmək istəmir, ya da bunu edə bilmir.İkincisi, erməni elitasının ABŞ və Aİ ilə fəal kontaktları Rusiya maraqlarına zərər vurur və görünür, bununla Kremli qəzəbləndiriblər, hansı ki, Moskva uzun illər göstərdiyi hərbi-siyasi dəstəyinə cavab olaraq “xainlikdə” ittiham olunur.Üçüncüsü, Rusiya Federasiyası ilə Qərbin Ukrayna uğrunda gərgin döyüş apardığı bir şəraitdə Moskva üçün əhəmiyyətli olan budur ki, hətta müəyyən güzəştlər hesabına Türkiyə ilə Azərbaycanın neytrallığını təmin etsin. Beləliklə, bütün bunlardan nəticə hasil edərək hazırkı məqamda Rusiya ilə Ermənistanın dərinləşən böhran vəziyyətində olduğu qənaətinə gəlmək mümkündür”.Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla keçirəcəyi Brüssel görüşünə gəldikdə isə, istər-istəməz belə bir sual yaranır: Brüssel Moskvanı bu mövzudan çıxdaş etməyə cəhd göstərirmi?
Stanislav Mitraxoviç: “Bu, o demək deyil ki, Aİ bu məsələdə RF-nın yerini tuta bilər”
Bu suala cavabı isə Rusiya Federasiyası yanında fəaliyyət göstərən Maliyyə universitetinin elmi əməkdaşı, Milli energetika təhlükəsizliyi fondunun eksperti Stanislav Mitraxoviç verib. O, Aİ-nin vasitəçilik səylərinə aşkar skeptik münasibət bəsləyərək deyib ki, hazırda Moskvanın Ukraynada apardığı hərbi əməliyyatları baxımından onun digər istiqamətlərdə diplomatik, hərbi və iqtisadi fəaliyyətinə gücü yetmir. SİTAT: “Hətta bütün bunlarla məşğul olmaq üçün bürokratik aparat belə çatmır. Ona görə də, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesindəki vasitəçilik məsələsi qaçılmaz şəkildə gücdən düşür. Aİ daxil olmaqla digər oyunçular isə situasiyadan yararlanmağa cəhd edirlər. Lakin bu, o demək deyil ki, Aİ bu məsələdə RF-nın yerini tuta bilər. Aİ-nin beynəlxalq münaqişələri uğurla həll etməsi nümunələri hələ ki, olmayıb, etmək istədikləri isə nəticəsiz qalıb”.
“Bu tendensiya ona tərəf gedib ki, Rusiya hazırda zəifləyib”
Ekspertə görə, Aİ Balkanlardakı həlledici məqamları NATO-nun dəstəyi ilə həll edib: “İndi Rusiyanın güc yolu ilə saxlanılması məsələləri də NATO vasitəsi ilə həyata keçirilir. Başqa sözlərlə desək, Aİ-nin özünün nəyi isə həll etməsi nümunəsi yoxdur. Misal üçün, Serbiyada və Kosovada KFOR gücləri fəaliyyət göstərirlər və bu da göründüyü kimi, Aİ deyil, ayrıca strukturdur ki, daha çox NATO-ya yaxındır. Yəni mən Aİ-nin sükanı istədiyi tərəfə istiqamətləndirməsi effektini görmürəm”.“Həmçinin, düşünmürəm ki, Bakı və İrəvan hansısa sənədin imzalanması astanasında dayanıblar. Hər kəsi qane edəcək razılaşma hələ ki, görünmür. Və bu tendensiya ona tərəf gedib ki, Rusiya hazırda zəifləyib, ona görə də tərəflər başqa oyunçular axtarışına çıxıblar. Aİ isə bu arada Rusiyanı maksimal şəkildə əvəzləməyə çalışır”, deyə Mitraxoviç sonda bildirib.
Rövşən RƏSULOV