PDF Oxu

Araşdırma

  • 5 665

“Bir millət iki dövlət”in Zəfər Bayramı TƏHLİL

image

Bu günlər nəinki Türkiyə cümhuriyyətində, ümumilkdə bütün türk dünyasında bayram əhval-ruhiyyəsi yaşanır. 100 il əvvəl Mustafa Kamal Atatürkün rəhbərliyi ilə qazanılan qələbə ilə Türkiyə Cümhuriyyətinin təməli qoyulub. Məhz bu qələbə ilə Türkiyə özünün Zəfər Bayramını qeyd edir. 1922-ci il avqustun 30-da türk xalqı və Türkiyə Silahlı Qüvvələri Mustafa Kamal Atatürkün rəhbərliyi ilə tarixi zəfərini qazanıb. Bu böyük zəfər türk millətinin sarsılmazlığının və iradəsinin nümunəsidir. Bütün bunların nəticəsində bugünkü Türkiyə dövləti meydana gəlib. Lakin bu qələbə heç də asanlıqla qazanılmayıb. Bu yolda saysız-hesabsız savaşlar baş verib, türk millətinin qeyrətli oğul və qızlarının qanı axıdılıb. Birinci Dünya müharibəsindən məğlub çıxan Osmanlı dövlətini işğalçı ölkələr arasında paylaşdırmaq planlarının qarşısı, məhz bu savaşlar və qəhrəmanlıqlar nəticəsində alınıb. Ölkə bütövlüyünü qorumaq üçün başlayan hərbi mücadilə bir neçə mərhələdən keçib. Bu mücadilə 1919-1922-ci illər arasında gerçəkləşərək 11 oktyabr 1922-ci ildə imzalanan Mudanya müqaviləsi faktiki və 24 iyul 1923-cü ildə imzalanan Lozanna anlaşması ilə rəsmən sona çatıb. Türkiyənin cümhuriyyət olaraq güclənməsi və inkişaf dövrü də məhz bundan sonra başlamışdır.

Zəfərə gedən yolda, mücadilə
Məlum fakt ondan ibarətdir ki, Türkiyə Cümhuriyyətinin varlığına aparan İstiqlal Savaşı dörd mərhələyə ayrılır. Birinci mərhələ I Dünya müharibəsindən sonrakı dönəm kimi tarixə düşüb. Bu Mondros müqaviləsi qüvvəyə mindiyi 1918-ci il oktyabrın 31-dən Mustafa Kamal Atatürkün 9-cu ordu müfəttişi olaraq Anadoluya yola çıxdığı 1919-cu il mayın 19-dək olan dövrü əhatə edir. İkinci mərhələ təşkilatlanma dönəmi adlanır və 1919-cu ilin may ayından Ankarada Böyük Millət Məclisinin açıldığı 1920-ci ilin aprelinədək davam edib. Üçüncü mərhələ hakimiyyətin formalaşması dönəmidir ki, 1920-ci ilin aprelindən London Sülh Konfransının ikinci bölməsinin başladığı 1922-ci ilin martınadək olan zaman kəsiyini əhatə edib. Nəhayət, dördüncü mərhələ tarixə sülhün yaradılması dönəmi kimi düşüb və 1922-ci ilin martından Cümhuriyyətin elan edildiyi 29 oktyabr 1923-cü ilə qədər olan dövrü əhatə edib. Sadaladığımız bu hadisələr içərisində Zəfər Bayramının isə xüsusi yeri var. Zəfər bayramı 1922-ci ilin 26 avqustunda başlayıb 30 avqustda Dumlupınarda Mustafa Kamal Atatürkün baş komandanlığı altında qələbəylə nəticələnən “Başkomutanlıq Meydan Müharibəsi”ni (Böyük Taarruz) anmaq üçün qeyd edilən bayramdır. İşğalçı orduların ölkə sərhədlərindən çıxması bir qədər sonra baş versə də, rəmzi olaraq ölkə torpaqlarının geri alındığı günü təmsil edir. Zəfər bayramı ilk dəfə 1923-cü il avqustun 30-da Afyonqarahisar, Ankara və İzmirdə qeyd edilib. 1936-ci ilin may ayında isə bayramın rəsmi olaraq hər il qeyd olunması qərara alınıb. O dövrdən bu günə qədər hər il, Türkiyədə və Türkiyəyə dost, qardaş ölkələrdə Zəfər Bayramı böyük coşqu ilə qeyd olunur.
Azadlıq və müstəqillik yolunda mərdlik və rəşadət
Bu il də həmişəki kimi Ankarada təntənəli bayram tədbirləri keçirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi heyət Atatürk mavzoleyini ziyarət edib. Mərasimdən sonra Rəcəb Tayyub Ərdoğan Zəfər Bayramı münasibəti ilə təbrikləri qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin Zəfər Bayramı münasibətilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib. Dövlətimizin başçısı təbrik məktubunda 30 avqust Zəfər Bayramının 100-cü ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını yetirib. Məktubda deyilir: “Yüz il əvvəl Dumlupınarda Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında qazanılmış şanlı qələbə qardaş xalqınızın qəhrəmanlıqlarla zəngin olan tarixinin ən şərəfli səhifələrindən biridir. Türkiyənin müstəqillik və istiqlaliyyət mübarizəsi salnaməsinə qızıl hərflərlə həkk olunmuş bu böyük zəfər xalqınızın sarsılmaz iradəsinin, yenilməzliyinin, birliyinin və şücaətinin bariz nümunəsidir. Vətənlərinin azadlığı və müstəqilliyi yolunda mərdlik və rəşadət göstərmiş, canlarını vermiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. Möhtəşəm zəfərdən ötən bir əsr sonra bu gün qardaş Türkiyə Sizin rəhbərliyiniz ilə hərtərəfli inkişaf edən, güclü və qüdrətli bir ölkəyə çevrilmişdir. Dünyada və regionda baş verən mürəkkəb proseslərdə qətiyyətli və prinsipial mövqeyi, sülhün, haqq-ədalətin bərqərar olması üçün ardıcıl səyləri ilə Türkiyə beynəlxalq aləmdə nüfuz qazanmışdır. Ölkənizin bütün sahələrdə əldə etdiyi uğurları bizi olduqca fərəhləndirir”. Təbrik məktubunda “Bir millət iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyinin, qardaşlığının və müttəfiqliyinin dünyada bənzəri olmadığını qürur hissi ilə vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Əminəm ki, tarixən bir-birinə dəstək və dayaq olmuş qardaş xalqlarımızın iradəsindən, eləcə də Şuşa Bəyannaməsindən qaynaqlanan strateji müttəfiqliyimizin möhkəmlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.
Türk millətinin sarsılmazlıq və qəhrəmanlıq nümunəsi Zəfər Bayramı
Azərbaycanla dost, qardaş Türkiyə arasında möhkəm dostluq və etibarlı strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Bu əlaqələrin möhkəmlənməsi Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan-Türkiyə bir millət iki dövlətdir”, Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamları ilə öz real təsdiqini tapır. Azərbaycanla Türkiyənin birgə həyata keçirdiyi iqtisadi layihələr hər iki dövlətin dünyada nüfuzunu getdikcə artırmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur. Bu əlaqələr tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Əminəm ki, Türkiyə-Azərbaycan həmrəyliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq daha da möhkəmlənəcək və genişlənəcəkdir”. 44 günlük Vətən müharibəsi dönəmində Tükiyə dövlətinin rəhbərliyi, sadə vətəndaşları Azərbaycanın haqq işini qəlbləri, ürəkləri ilə müdafiə etdilər. 44 gün davam edən müharibədə Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Parlaq Qələbəsi ilə başa çatdı. Bu qələbədən sevinən, fərəh və qürur keçirən tərəf Azərbaycan xalqı qədər Türkiyə milləti də oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında imzalanan Şuşa Bəyannaməsi ölkəmizin siyasi, diplomatik qələbəsi və sosial, iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan təşəbbüslər Azərbaycanın beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bu əlaqələrin daha da möhkəmlənməsi bir daha Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir” kəlamının tarixi və müdrik bir kəlam olduğunu göstərdi. Türkiyədə olduğu kimi, Azərbaycanın hər yerində 30 avqust Türkiyə Cümhuriyyətinin Zəfər Bayramının böyük coşqu və təntənəli şəkildə qeyd edilməsi də, Ulu Öndər Heydər Əliyevin “Bir millət iki dövlət” prinsipinə əsaslanır.

İ.ƏLİYEV

Digər xəbərlər